Azərbaycanın akademik avarçəkmə üzrə milli komandası tarixində ilk dəfə böyüklər arasında Avropa çempionatında iştirak edəcək.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, yığmamız sentyabrın 10-da Portuqaliyanın Montemor-o-Velyo şəhərində start götürəcək qitə birinciliyində mübarizə aparacaq. Nüfuzlu yarışda ölkəmizi 3 kişi avarçəkən təmsil edəcək. Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla (M1X), Cavid Əfəndiyev – İqor Xmara dueti isə 2 nəfərlik yüngül çəkili qayıqla (LM2X) 2000 metr məsafəyə yürüşlərdə qüvvələrini sınayacaqlar.
Hər 3 idmançımız iyulu 22-25-də Belarusun Brest şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında təşkil olunmuş dünya çempionatında uğurla çıxış edib. Onlar eyni kateqoriyalı qayıqlarla yürüşlərdə əsas finaladək irəliləyiblər. Yekunda Aleksandrov gümüş medal qazanıb. Əfəndiyev – Xmara dueti isə 6-cı yeri tutub. Bundan sonra təmsilçilərimiz Bolqarıstana yollanıblar. Avarçəkənlərimiz əvvəlcə yüksək dağlıq şəraitdə yerləşən Bilmiken kurort bazasında, ardından Plovdiv şəhərində hazırlıq keçiblər. Sentyabrın 6-da isə millimiz həmin şəhərdən Avropa çempionatının keçiriləcəyi məkana yollanıb. Onlar yarışa baş məşqçi Rudiger Hauffe, köməkçi-məşqçilər Yuliana Stoyeva və Sergey Prodanın rəhbərliyi altında hazırlaşıblar.
Avropa çempionatında ümumilikdə 34 ölkədən 618 idmançı mübarizə aparacaq. Aleksandr Aleksandrovun çıxış etdiyi kateqoriyada 21 avarçəkən yer alacaq. Onların arasında 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Olaf Tufte (Norveç) və gümüş mükafatçısı Andrey Sinek (Çexiya), həmçinin, olimpiadanın digər iştirakçılarından Lassi Karonen (İsveç, 6-cı yer), Mindauqas Qriskonis (Litva, 8-ci yer), Matias Raymond (Monako, 22-ci yer), 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında qızıl medal qazanan Karl Şultse (Almaniya) də var.
Cavid Əfəndiyev – İqor Xmara duetinin rəqibləri sırasında isə Pekin olimpiadası iştirakçılarından Nunu Mendeş – Pedro Fraqa (Portuqaliya, 8-ci yer), eləcə də 23 yaşlılar arasında dünya çempionatında qızıl medal qazanan yunanıstanlı cütlükdəki idmançılardan 1-i – Panagiotis Maqdanis, bürünc mükafatçılar Peter Nörlem – Andreas Ramboel (Danimarka) cütlüyü yer alıb. Bu kateqoriyada ümumilikdə 20 duet iştirak edəcək.
Avropa çempionatına sentyabrın 12-də yekun vurulacaq.
|