Hər il 8 kino çəkilsə də, onları efirdə görmək müşkülə çevrilib
Öz doğma efirimizdə yerli istehsala aid olan filmlər demək olar ki, yox dərəcəsindədir. Bəzi özəl günlərdə, bayramlarda milli kinolar təqdim olunur. Bu filmlərin təkrar-təkrar nümayişi adi hala çevrilib. Elə günlər olur ki, ayrı-ayrı televiziya kanalları eyni vaxtda eyni filmi nümayiş etdirirlər. Bu isə ondan irəli gəlir ki, müasir dövrüdə çəkilən kinofilmləri efirdə görmək mümkün deyil. Yalnız qanlı hadisələrin ildönümləri günü Dağlıq Qarabağ müharibəsindən bəhs edən filmlər nümayiş olunur. Qalan vaxtlarda isə efir məkanı xarici ölkələrin istehsalı olan filmlərlə doldurulur. Bəlli saatlarda ayrı-ayrı kanallarda demək olar ki, eyni mövzular üzərində qurulan bayağı filmlər nümayiş etdirilir. Azərbaycan istehsalı olan cizgi filmləri də azdır. Elə bu səbəbdəndir ki, uşaqlar ancaq xarici cizgi film qəhrəmanlarının adlarını bilirlər. Problemin səbəbləri isə müxtəlifdir. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də problemdən dolayı narahatlıq keçirdiklərini bildirdi. Belə ki, sədrin tapşırığı ilə ölkənin efir məkanının vəziyyətini bilmək üçün efir məkanında göstərilən xarici filmlər, cizgi filmləri, ümumiyyətlə istehsal olunan verilişlər, onların həcmi ilə bağlı müəyyən araşdırmalar aparılacaq və statistik rəqəmlər ortaya qoyulacaq. Bu barədə "OLAYLAR"a məlumatı şura sədri verib. N.Məhərrəmli bildirib ki, bu gün efiri doldurmaq üçün kinofilmlərimiz kifayət deyil. Şura sədri hesab edir ki, bunun obyektiv səbəbi var: "Birdən-birə bunu artırmaq üçün kəmiyyət dalınca qaçaraq filmlər istehsal etməyin dətərəfdarı deyiləm. Amma Mədəniyyət və Turizm Nazirliyinin dediyinə görə, hər il Azərbaycanda 8 kinofilm istehsal olunur. Deməli təqribən 5 il ərzində 40-a yaxın film olmalıdır. Amma mən efirdə 40-a yaxın filmi görmürəm". N.Məhərrəmlinin sözlərinə görə, filmlər dövlət büdcəsindən maliyyələşir və birinci növbədə Azərbaycan vətəndaşları üçün olmalıdır. Əgər bunlar xarici müsabiqələr üçün nəzərdə tutulursa, bu ayrıca bir məsələnin müzakirəsidir: "Deməli həmin filmlər bizim üçün yox, xaric üçün nəzərdə tutulur. Əgər bu gün biz Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası ilə bağlı olan filmlərin çəkilməsində maraqlıyıqsa və onlar çəkilirsə, birinci dəfə çox aşağı-simvolik qiymətlərlə öz kanallarımızda göstərilməlidir. Çox təəssüf ki, bunlar yoxdur". Şura sədri Azərbaycanda istehsal oluan cizgi filmlərinin sayını artırmağın da vacib olduğunu vurğuladı. Cizgi filminin çəkilişini ayrı-ayrı yaradıcılıq qrupu, telekanallar özləri, prodokşınlar həyata keçirə bilərlər. ("OLAYLAR"İA)
|