Bəhruz Quliyev: "Cəmiyyət hələ buna hazır deyil" Azərbaycanda "Diffomasiya haqqında" qanunun qəbul edilməsi hələ tezdir. Bunu "OLAYLAR"a açıqlamasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib. Onun sözlərinə görə, indiki şəraitdə belə bir qanunun qəbul etmək bir çox problemlər yarada bilər: ""Diffamasiya haqqında" qanunun qəbulu lazımdır. Bu istiqamətdə Mətbuat Şurası da lazımi iş aparır ki, qanun layihəsi parlamentə təqdim olunsun. Bu il həmçinin Mətbuat Şurası da "Diffamasiya ili" elan edib. Amma hesab edirəm ki, hələlik Azərbaycan üçün "Diffamasiya haqqında" qanunun qəbulu hələ tezdir. Çünki Azərbaycan cəmiyyəti hələlik buna hazır deyil. Cəmiyyət buna hazır olmalıdır. Jurnalistlər buna hazır olmalıdır. Jurnalist əgər cinayət məsuliyyətindən azad edilirsə, yəqin ki, onun əməllərində peşəkarlıq görünməlidir. Düzdü, Azərbaycanda peşəkar jurnalistika mövcuddur, kifayət qədər tanınmış və qələmi olan jurnalistlərimiz var. Amma təəssüflər olsun ki, bununla yanaşı bizdə "reket" jurnalistlər də var. Ona görə də biz bu problemləri həll edəndən və peşəkar jurnalistikamızı təkmilləşdirəndən, cəmiyyətin qəbul etdiyi jurnalist heyəti yaranandan sonra bu qanunun qəbulundan danışmalıyıq. Bundan sonra bu qanunun qəbuluna ehtiyac olar. Bilirsiz ki, bir çox xarici dövlətlərdə bu qanun var. Amma Azərbaycana cəmiyyət buna hazır olmadığından hələlik belə bir qanun qəbul edilməyib". Reket jurnalistika ilə bağlı Mətbuat Şurasının həyata keçirdiyi tədbirlərə gəlincə isə, Bəhruz Quliyev bildirib ki, şura bu istiqamətdə daha ciddi addımlar atmalı, "reket" qəzetlərlə yanaşı, ölkədə jurnalistikaya xələl gətirən "reket" jurnalistlərin də adlarını açıqlamalıdır. Mətbuat Şurasının bu cür qəzetlərə hansısa bir təzyiq vasitəsi olmadığından bu qurum "reket" kimi fəaliyyət göstərən jurnalistlərin konkret adlarını çəkməlidir.
|
|