Milli Qeyri-Hökumət Təşkilatları Forumu 26 fevral-Xocalı faciəsinin ildönümü ərəfəsində bir sıra tədbirlər keçirməyi nəzərdə tutub. Bu barədə “OLAYLAR”İA-ya məlumat verən forumun prezidenti Rauf Zeyni deyib ki, bununla bağlı rəhbərlik etdiyi qurumda xüsusi tədbirlər planı hazırlanıb və həmin tədbirlər planına əsasən nəzərdə tutulan tədbirlər həyata keçiriləcək: “Milli Qeyri-Hökumət Təşkilatları Forumunun beynəlxalq əlaqələr və insan hüquqları sektorları bu istiqamətdə daha fəal olacaq. Adı çəkilən sektorlar tərəfindən beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlərin qeyri-hökumət təşkilatlarına Xocalı soyqırımı, ermənilərin törətdikləri vəhşiliklər barədə internet vasitəsilə materiallar göndəriləcək”. Rauf Zeyni deyib ki, Milli QHT Forumunun üzvü olan ayrı-ayrı qeyri-hökumət təşkilatları da Xocalı faciəsi ilə bağlı konfrans və dəyirmi masalar keçirəcəklər.
|