Jurnalistlərə fiziki və psixoloji təzyiqlər var
"Azərbaycan mediasının heç bir sahəsində nəzərəçarpacaq ciddi irəliləyişlər müşahidə olunmur. Medianın azadlıq səviyyəsi narahatçılıq doğurmaqda davam edir. Media qanunvericiliyi problemlidir, mövcud hüquqi baza isə effektli işləmir". Bu fikirlər Media Hüququ İnstitutunun Azərbaycanda medianın hüquqi durumu ilə bağlı hesabatında əksini tapıb. Hesabatda göstərilir ki, 2009-cu ildə jurnalistlərə ağır çəkindirici təsir göstərmək niyyəti ilə edilən fiziki və psixoloji təzyiq faktları araşdırılmamış qalıb. Bunun nəticəsidir ki, Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə dünya ölkələri sırasında ön yerdə durur. Nüfuzun qorunması ilə bağlı mürtəce qanunverici baza tənqid edilən ictimai fiqurlara jurnalistlərlə haqq-hesab çəkməyə şərait yaradır. Təkcə cari ilin iki ayı ərzində 9 tənqidçi jurnalist bir neçə dəfə xüsusi ittiham qaydasında məhkəməyə çəkilib. Jurnalistlərə qarşı fiziki və psixoloji basqılar səngimək bilmir. Ötən iki ayda 9 belə fakt baş verib. Hesabatın "Bilgi azadlığı" bölümündə medianın bilgi toplama haqqına ciddi hüquqi əngəllərin yarandığı vurğulanıb: "Kütləvi İnformasiya Vasitələri haqqında" qanuna edilən dəyişiklik medianın bilgi toplama sahəsindəki mövcud imkanlarını daha da daraldır. Jurnalistlər faktiki olaraq süzgəcdən keçmiş bilgilərin ümidinə buraxılır. "İnformasiya əldə etmək haqqında" qanun bilgi azadlığı ilə bağlı qabaqcıl ölçülərə, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq miüqavilələrə uyğun olsa da, onun işlənmə mexanizmində çox ciddi problemlər qalmaqdadır".
|