Nəzərdə tutulanların 70 faizi peyvənd olunub
Bakıda A/H1N1/ virusuna ("donuz qripi") qarşı aparılan vaksinasiya işləri bu həftə başa çatacaq. Səhiyyə Nazirliyinin sanitar epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımovun "OLAYLAR"a verdiyi məlumata görə, paytaxtda vaksinasiya başa çatsa da, rayonlarda proses davam edəcək. Buna səbəb vaksinasiya üçün nəzərdə tutulan üç həftə vaxtın rayonlarda hələ başa çatmamasıdır. V.Qasımov onu da bildirib ki, virusa qarşı vaksinasiyanın birinci mərhələsində nəzərdə tutulanların 70 faizi artıq peyvənd olunub. Rayonlarda da vaksinasiyanın vəziyyəti normaldır. Peyvəndin mənfi fəsadlarına gəlincə isə, V.Qasımov deyib ki, yerli reaksiyalar-qızartı, hərarət kimi hallar müşahidə olunsa da, ağır fəsadlar baş verməyib. Nazirlik əməkdaşının sözlərinə görə, bəzi ölkələrdə virusa yoluxma halları azalsa da, ümumən pandemiya davam edir. Ümumdünya Səhiyyə Təşkilatı isə, əhalinin vaksinasiya olunmasını tövsiyə edir. Qeyd edək ki, ölkəyə vaksinlərin növbəti partiyasının nə zaman gətiriləcəyi hələ məlum deyil.
|
|