Baş həkimin məsuliyyətsizliyindən İvan Yeliseyev kimsəsiz kimi dəfn edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağandakı Müharibə Əlillərinin Müalicə Pansionatının rəhbərliyinin məsuliyyətsizliyi Azərbaycan vətəndaşının itkin düşməsinə səbəb olub. Bu barədə "OLAYLAR"a pansionatdakı mənbələrdən məlumat verilib. Məlumata görə, hadisə yanvarın 28-də baş verib. Pansionatda müalicə olunan Azərbaycan vətəndaşı, əlil İvan Yeliseyevin vəziyyəti pisləşib. Hadisəyə səbəb əlilin pansionatda səhv müalicə edilməsi olub. İvan Yeliseyevlə bağlı pansionatın həkimləri təcili yardım çağırıb və bu barədə baş həkim Arif Məmmədova məlumat verib. Xəstə təcili yardım vasitəsilə Bakı şəhər Əfəndiyev adına 2 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, Arif Məmmədov həkimlərə bu barədə məlumatı gizli saxlamağı tapşırıb. Xəstənin səhhətindəki problemlər həkimlərin səhv müalicəsi nəticəsində baş verdiyindən baş həkim bu faktı ört-basdır etmək istəyib. Rəhbərlik etdiyi pansionatın adının hallanmasını istəməyən Arif Məmmədov xəstənin xəstəxanaya köçürülməsini gizli saxlayıb. Xəstənin tezliklə sağalaraq yenidən pansionata qayıdacağını zənn edən baş həkimin proqnozları səhv çıxıb. İvan Yeliseyev xəstəxanaya çatdırılandan 3 gün sonra dünyasını dəyişib. Hadisədən 10 gün sonra pansionata gələn İvan Yeliseyevin oğlu atasını otaqda görməyib və bu barədə həkimlərə müraciət edib. Həkimlər bildiriblər ki, İvan Yeliseyev 10 gün əvvəl Mərdəkandakı təcili yardım həkimləri tərəfindən pansionatdan çıxarılıb. Təcili yardımdan isə bildiriblər ki, xəstə 2 saylı şəhər klinik xəstəxanasına təhvil verilib. Araşdırmalar zamanı məlum olub ki, İvan Yeliseyev xəstəxanada dünyasını dəyişib və xəstəxanadan bu barədə pansionata məlumat verilib. Lakin pansionatın baş həkimi hadisəni ört-basdır etmək üçün xəstəxanaya mərhumun qohumları barədə məlumat verməyib. Nəticədə İvan Yeliseyev bir həftə morqda saxlanıldıqdan sonra yiyəsiz şəxs kimi dəfn edilib. Məlumata görə, hadisədən ailə üzvlərinin xəbər tutmasını görən baş həkim İvan Yeliseyevin oğluna minnətçi düşüb və ona bu faktı ört-basdır etmək üçün külli miqdarda pul təklif edib. Baş həkimin əlilin qanını batırmaq istədiyini görən İvan Yeliseyevin oğlu bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Məlumata görə, artıq Əzizbəyov rayon prokurorluğunda faktla bağlı cinayət işi başlanıb və hazırda iş istintaqla araşdırılır. Mənbənin dediyinə görə, Arif Məmmədov cinayət işinə xitam verilməsinə də cəhd edir. Amma hələlik onun cəhdi baş tutmayıb. Hazırda Əzizbəyov rayon prokurorluğunun pansionatda araşdırma apardığı bildirilir. Məlumata görə, artıq hadisə baş verən gün pansionatda növbədə olan həkimlərlə birlikdə baş həkim Arif Məmmədov da istintaqa cəlb edilib. Hazırda pansionatda digər hadisələrin də araşdırıldığı bildirilir.
|