Tikiləcək Atom Elektrik Stansiyası üçün
Türkiyənin energetika naziri Taner Yıldız ölkəsinin Aralıq dənizi sahillərində - Mersin əyalətində tikiləcək ilk Atom Elektrik Stansiyası üçün nüvə yanacağını Rusiyadan alacağına dair planlarını açıqlayıb. RİA "Novosti"nin Türkiyənin "Axşam" nəşrinə istinadən verdiyi məlumata görə, Rusiya ilə AES-in tikiləcəyinə dair danışıqlar davam etdirilir. Nazir bildirib ki, yalnız beş ölkə (ABŞ, Böyük Britaniya, Çin, Rusiya və Fransa) uranın zənginləşdirilməsi hüququna malikdir və bu ölkələr atom stansiyaları tikmək istəyən dövlətlərə yanacaq göndərə bilərlər. Nüvə sahəsinə toxunan nazir qeyd edib ki, bu məsələ MAQATE-nin nəzarətindədir. "Türkiyə Rusiya tərəfi ilə zənginləşdirilmiş uranın ölkəyə göndərilməsinə dair danışıqlara hələ başlamayıb. Danışıqlar AES üzrə ikitərəfli razılaşmanın hazırlanmasından sonra başlayacaq", deyə T.Yıldız bildirib. Xatırladaq ki, Türkiyə rəhbərliyi hələ ötən ilin noyabrında ölkədə tikiləcək ilk Atom Elektrik Stansiyasına dair elan edilən tenderi ertələyib. Məsələ həmçinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu ilin yanvarında Rusiyaya səfəri zamanı da müzakirə edilib. Fevralda Türkiyənin energetika naziri ilə İstanbulda keçirilən görüşün nəticəsi olaraq Rusiyanın baş nazirinin müavini İqor Seçin bildirib ki, ekspertlər Türkiyədə AES-in tikintisi layihəsinə dair texniki işləri bitirmək üzrədir. ("OLAYLAR")
|