Misir Mərdanov: “Sentyabrın 15-nə qədər müvafiq özəl ali məktəblərə köçürüləcək”
“Bu il birinci sinfə gedən şagirdlərin sayı keçən ilkindən bir neçə min nəfər çox olacaq”
Təhsil naziri Misir Mərdanov yeni dərs ilinin başlanması ərəfəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı jurnalistlərin suallarını cavablandırıb. -Misir müəllim, yeni dərs ilinə hazırlıq necə gedir və bu il nə qədər şagird birinci sinfə gedəcək? -Yeni dərs ilinə hazırlıqla bağlı onu deyə bilərəm ki, bütövlükdə nəzərdə tutduğumuz bütün məsələlər öz həllini tapıb. Bu il birinci sinfə gedən şagirdlərin sayı keçən ilkindən bir neçə min nəfər çox olacaq. Bu çox xeyirli bir rəqəmdir. Çünki indiyə qədər müxtəlif səbəblərdən azalma müşahidə edilirdi. Məktəblərimizin infrastukturunun qurulması, yeni məktəb tikintisi, şagird sıxlığı çox olan məktəblərdə əlavə korpusların inşası, məktəblərin əsaslı təmiri ilə bağlı çox ciddi addımlar atılıb və həmin addımlar həm ilin sonuna qədər, həm də gələn il davam etdiriləcək. Bu işlə bağlı Azərbaycanda nə qədər çox iş görülsə də, hələ problemlər var, hələ də Azərbaycanda çoxsaylı yeni məktəb tikilməsinə, qəza vəziyyətində olan məktəblərin əsaslı təmirinə çox böyük ehtiyac var. Eyni zamanda məktəbəqədər tərbiyyə, texniki-peşə təhsili müəssisələri, orta ixtisas və ali təhsillə bağlı məsələlərdə öz həllini gözləyir. Bu il biz yeni milli kurukuliumla bağlı üçüncü siniflərin bütün dərsliklərini yeni qaydalar əsasında hazırlamışıq və artıq məktəblərə çatdırılır. Qalan siniflər üzrə də nəzərdə tutulan dərsliklər artıq çap olunub. Zaman keçdikcə görəcəksiniz ki, bu ilki dərsliklərin həm məzmun, həm poliqrafik keyfiyyət, həm də yerlərə vaxtında çatdırılması baxımından keçən ilkindən xeyli irəliyə doğru addım atılıb və gələcəkdə də bu cür addımlar atılacaq. -Prezidentin imzaladığı sərəncamla bu yaxınlarda minimum əmək haqqı və pensiyalar artırıldı və artıq minimum əmək haqqı və pensiyalar müəllimlərin bir aklad dərs saatına yaxınlaşır. Sizcə müəllimlərin əmək haqqının artırılımasına ehtiyac duyulurmu? -Ehtiyac həmişə var, ona şübhə olmasın. Ölkənin büdcəsi imkan verdikcə Azərbaycan hökuməti müəllimlərin əmək haqqınının qaldırılmasının qeydinə qalacaq. Bu məsələ Azərbaycan hökumətini daha çox düşündürən bir məsələdir. -Azərbaycan Beynəlxalq Universitetində təhsil alan tələbələrin aqibəti necə olacaq? -Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı qərar artıq bəllidir. Hansı səbəbdən bu qərar qəbul edilib kifayət qədər məlumatlısınız. Tələbələrlə bağlı isə heç kim narahat olmasın. Sentyabrın 15-nə qədər qanuni yolla təhsil alan hər bir tələbə müvafiq özəl ali məktəblərə köçürüləcək. Qanunsuz təhsil alan tələbələrin təhsilinə isə biz cavabdeh deyilik. -Bəs orada çalışan müəllimlərin taleyi necə olacaq? -Orada elə bir problem olmayacaq. Çünki müəllimlərin əksəriyyəti kənardan dəvət edilmiş adamlardır. -Məktəblərdə müəllim çatışmamazlığı probleminin həlli istiqamətində hansı işlər görülür? -Bu ilin ən ciddi yeniliklərindən biri də Azərbaycanın ümumtəhsil məktəblərinə müəllim qəbulu ilə bağlıdır. Ötən il biz bu işə başlamışdıq və bu il də bu işi davam etdiririk. Əgər biz deyiriksə ki, Azərbaycanın gələcəyi onun təhsili ilə bağlıdır, onda deməli biz təhsil müəssisəsi, məktəbə məbəd kimi baxmalıyıq. Məbədə isə hər kəsi buraxmaq olmaz. O baxımdan biz çox ciddi seçim aparırırq. O seçimdə insan amili olmayacaq. Hər bir seçim mərhələsi yalnız kompyüter vasitəsilə həyata keçiriləcək. Bu il Bakı şəhərində cəmi 197 müəllim yerinə elan verilib və mənə verilən məlumata görə, bəzi yerlərdə bir yerə 30 nəfər sənəd təqdim edib. Deməli ədalətli seçim aparılacaq və bura heç kim müdaxilə edə bilməz. Hətta mən də müdaxilə edə bilmərəm. Beləliklə biz məktəblərimizi məktəbə və məbədə layiq olmayan insanlardan yavaş-yavaş təmizləyəcəyik. -Bölgələrə, xüsusilə dağ kəndlərinə müəllimlərin göndərilməsi davam edirmi? -Bölgələrə müəllim proqramı davam edir. Bu il həmin proqrama əsasən 800 nəfərin sənədlərini imzalamışıq və artıq göndəririk. Sentyabrın 15-dən hökumət tərəfindən müəyyən olunmuş imtiyazlar əsasında omlar həmin yerlərdə işə başlayacaqlar. Artıq altıncı ildir ki, biz bu işə gedirik və güman edirəm ki, bir neçə ildən sonra bu məsələ tam öz həllini tapacaq. -Regionlarda da sentyabr konfranslarının keçirilməsi nəzərdə tutulub? -Artıq cədvəllər tərtib edilib və müvafiq adamlar təlimdən keçib. Sentyabrın 6-dan başlayaraq Azərbaycanın hər bir rayonunda bu konfranslar keçiriləcək. Sentyabrın 6-da Bakıda, 7-də Sumqayıtda, 11-də isə Cəlilabadda iştirak etməyi söz vermişəm. -Misir müəllim yeni təlim metodları və dərs vəsaitlərinə iş dəftərləri də əlavə olunub ki, onlar pulludur və uşaqlar üçün baha başa gəlir. Onların pulsuz olması mümkündürmü? - Hələlik hökumət onu boynuna götürə bilmir. Ötən dərs ilində dərsliklərin çapı üçün 8 milyon manat vəsait ayrılmışdı. Dəftəri həmişə valideyn və şagird mağazadan pulla alır və bu bütün dövrlərdə belə olub. Bu gün desək ki, şagirdın dəftərini hökumət alsın. Bunu heç kəs qəbul etməz. -Məktəbli geyiminin qiyməti ilə bağlı da iradlar səsləndirilir -Biz artıq dördüncü ildir ki, israrla bu işə gedirik və bu il də gedəcəyik. Bizim siyasətimiz ondan ibarətdir ki, məktəbin direktoru və məktəb bu işə qarışmamalıdır. Ola bilər ki, qəsəbə, rayon, məktəb məktəbli geyiminin rəngini və formasını müəyyənləşdirsin. Ancaq onun haradan, necə alınmağı, ölçüsü və s. problemlərə məktəb qarışmamalıdır. Mənə verilən məlumata görə, Bakı şəhərinin bir neçə yerində, marketlərdə bu iş təşkil olunub və valideyn formanı gedib oradan almalıdır. Yəni bizim siyasətimiz bundan ibarətdir. -Məktəblərin mühafizəsi ilə bağlı hansı işlər görüləcək? -Tədricən məktəblərin mühafizəsinə keçəcəyik.
Süleyman
|