Oğul atanı öldürür, qardaş bacını zorlayır, arvad ərinə xəyanət edir
Psixi pozuntunun sonu
Son vaxtlar ölkədə ağır cinayətlər sırasında əsasən ailə cinayətləri çoxalmaqdadır. Bu cinayətlər hətta az qala gündəlik və günaşırı törədilsin. Qardaş bacını, ər arvadını, ata oğlunu, ana qızını öldürür və sair. Bu cinayətləri eşidəndə artıq ailələrdə bir pozğunluğun cərəyan etdiyi qənaətinə gəlinir. Bu vaxta qədər, qonşusunu, qohumunu, tanışını, dostunu və sair yaxın insanlarını öldürənləri eşitdiyimiz halda, indi bu cinayətlər ev daxilində baş verir. Səbəb isə ailədə yaranan hansısa mübahisə, qısqanclıq və sair kimi hallardır.
Oğul atanı necə öldürdü
Avqustun 9-da ölkədə daha bir dəhşətli hadisə baş verdi. Ata azyaşlı oğlu tərəfindən bilərəkdən qətlə yetirildi. Əslində belə hadisələr bütün dünyada baş verir. Amma Azərbaycanda baş verən bu hadisə kimi deyil. Yəni dəfələrlə olub ki, ata oğlu tərəfindən ehtiyatsızlıqdan qətlə yetirilib. Elə Azərbaycanın özündə də. Amma bu hadisəni həmin hadisələr kimi qəbul etmək olmaz. Hadisənin motivi eyni olsa da, səbəb tam başqadır. Əlbəttə ki, ailə pozğunluğu. Artıq ailədə o qədər hərəngayi idarəetmə yaranıb ki, oğul ataya, qız anaya, bacı qardaşa əl qaldırır, evdə dəxli oldu-olmadı söz-söhbət, münaqişə yaranır, ailənin böyüyü ilə kiçiyi bilİnmir, hər ailə üzvü yaşından asılı olmayaraq qərar verir və sair. Bu da sonda xoşagəlməz hadisələrə və bədbəxt bir faciəyə səbəb olur. Necə ki, Daşkəsəndə oldu. Daşkəsən rayon sakini, 1994-cü il təvəllüdlü Arzu Məmmədov doğma atası, 1956-cı il təvəllüdlü Yaşar Məmmədovla mübahisə edib. Ailədəki hegemonluq azyaşlı oğlunun atasına nəinki cavab qaytarması, hətta əl qaldırması, atanı vurması həddinə çatıb. Nəticədə dava edən ata-oğul əlbəyaxa da olub. 16 yaşı hələ tamam olmayan oğul həyətdəki bellə atasının baş və bel nayihəsinə ağır xəsarətlər yetirib. Xəsarət nəticəsində ata doğma oğlunun zərbələrindən dünyasını dəyişib. Bu hadisə doğrudan da utancgətiricidir. Amma ailədə elə bir vəziyyət yaranıb ki, bəlkə də çoxları bu hadisəyə başqa cür yanaşır, yəni adi hal kimi. Əslində bu adi hadisə deyil, dəhşətli bir biabırçılıqdır. Bu biabırçılığın baş verməsinə səbəb isə ailə başçısının ailəyə səriştəsiz yanaşması, düzgün ailə idarəetməsi yaratmamasıdır. Ailə üzvlərinin ailədə yerini bilməməsi və hər kəsin yaşından asılı olmayaraq qərar qəbul etməsinə şərait yaratmaq özü böyük bir faciədir ki, nəticə də sonda belə olur. Ailənin başçıları valideynlərdir. Ailənin təməlini qoyan valideynlər ilk öncə qurduğu ailənin yazılmamış qanunlarını tətbiq etmirsə, ailədə uşaq, ata-ana, bacı-qardaş münasibətləri düzgün qurulmursa, həmin ailədə hərəngiyilik yaranır ki bu da sonda ən azından bədbəxt hadisələrlə və faciə ilə nəticələnir. Bu gün Azərbaycanda belə ailələr az deyil. Elə ona görə də həmin ailələrdə bu cür hallar yaşanır.
Ailə xəyanətinin sonu
Ailə cinayətləri təkcə ata-oğul arasında baş vermir. Ailənin digər üzvləri arasında baş verən cinayətlər də olur. Məsələn, təxminən iki həftə əvvəl Mingəçevirdə baş verən tükürpədici bir olay ölkəni şoka saldı. Mingəçevir şəhər sakini, 26 yaşlı ər 23 yaşlı həyat yoldaşının başını kəsdi. Əvvəlcə hadisənin təfərrüatları məlum olmadı. Amma sonradan məlum oldu ki, iki azyaşlı uşaq anasının qətlə yetirilməsinə səbəb qadının xəyanətidir. 2006-cı ildə təsadüfi tanışlıq nəticəsində Ceyhun Məmmədovla ailə həyatı quran Yelena Simirova bir-iki il xəyanətsiz yaşasa da, sonadək ailə şərəfini qoruya bilməyib. İnternet saytlarında tanışlıq rubrikalarında qeydiyyatdan keçən gənc qadın başqa oğlanlarla mesajlaşmağa başlayıb və həyat yoldaşı da bundan xəbər tutub. Sonuncu dəfə başqa oğlanla görüşəndə Yelena Simirova həyat yoldaşı tərəfindən yaxalanıb. Evə qayıdandan sonra isə həyat yoldaşının xəyanətinə dözə bilməyən Ceyhun Məmmədov çıxış yolunu onun başını kəsməkdə görüb. Bu da son.
Qardaşın bacısını zorlamasına haqq qazandıran valideynlər
Daha bir hadisə ötən il Zaqatalada baş vermişdi. Bu hadisə isə daha biabırçılıq və Azərbaycan mentalitetinə zidd olan bir hadisə idi. Zaqatalada bir ailədə 15 yaşlı qardaş 14 yaşlı doğma bacısını zorlamışdı. Manyak qardaşın namussuz hərəkətlərinə dözə bilməyən bacısı dəfələrlə intihara cəhd etsə də, ailə üzvləri bunun qarşısını almışdı. Lakin məsələnin nə yerdə olduğunu ailə başçıları və ailənin digər üzvləri bilməmişdi. Məlumata görə, bacısına təcavüz edən qardaş hadisədən sonra bacısını qorxudaraq onunla bir neçə ay cinsi əlaqədə olub. Sonda bacı qardaşından hamilə qalıb və işin üstü açılıb. Qonşunun polisə məlumatından sonra oğlan həbs edilmişdi. İbtidai istintaqdan sonra iş Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərildi və iş üzrə bütün məhkəmə prosesləri qapalı keçirildi. Məhkəmədə jurnalistlərin iştirakı təmin edilməsə də, jurnalistlər həmin ailənin üzvlərindən mahiyyəti öyrənə bildi. Həmin məhkəmə prosesində dövlət ittihamçısının çıxışından sonra məhkəmənin qarşısında yaranan dava-dalaş jurnalistlərin də diqqətini çəkdi. Amma jurnalistlər həmin mübahisədə eşitdikldərindən dəhşətə gəldilər. Əsl faciə bu idi. Əvvəlcə elə zənn etdik ki, burda hansısa bir lazımlı məsələ üstündə mübahisə yaranıb və ya valideynlər qeyrətsiz oğullarına ölüm hökmü tələb edir. Amma sonradan məsələ ilə bağlı maraqlananda hamı şok vəziyyətində idi. Valideynlər qıza deyil, qeyrətsiz oğullarına haqq qazandırmağa, onu müdafiə etməyə çalışırdılar. Məlum oldu ki, dövlət ittihamçısı məhkəmə istintaqı yekunlaşandan sonra bacısını zorlayan qardaşa 11 il həbs cəzası istəyib. Əslində həmin maddə üzrə təqsirləndirilən şəxsə 12 ildən 15 ilədək həbs cəzası verilməlidir. Dövlət ittihamçısı isə təqsirləndiriləni nəzərə alıb ona 11 il həbs cəzası istəyib. Təqsirləndirilənin və zərərçəkənin valideynləri isə, yəni ailədə ata və ana oğlunu müdafiə edərək dövlət ittihamçısına qarğış edir, ona ölüm arzulayırlar. Manyak oğlanın anası iddia edir ki, oğlu bəraət alıb azadlığa buraxılmalıdır. Səbəb isə onu göstərir ki oğul guya azyaşlıdır və o etdiyi hərəkəti dərk etməyib. Ana dövlət ittihamçısının arxasınca qarğışlar edərək oğluna ağır cəza verilməsilə barışa bilmirdi. Hələ bu azmış kimi ailə başçısı olan ata da həyat yoldaşının qarğışlarına qoşulur, ailəsindəki biabırçılığı adi hal kimi qarşılayır və hətta "burda nə var ki, uşaqdı da, bilməyib" deməklə ətrafdakıları daha da dəhşətə gətirirdi. Səhəri gün məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edildi. Yenə də ailənin başçıları məhkəmədə dava-saldı və hökmlə razılaşmadılar. Ətrafdakılar bəlkə də bu hadisənin şokundan bir həftə ayılmadı. Təsəvvür edin ki, ailədə nə qədər rüsvayçı tərbiyə forması yaranıb ki, ata-ana doğma qızının doğma oğlu tərəfindən zorlanmasına adi baxır. Belə çıxır ki, bu ailədə ər-arvad intim münasibətlər barədə övladlarına "dərs" keçirmiş. Elə buna görə də bu cür hadisə baş verib. Hətta hadisə baş verəndən sonra da valideynlər bu biabırçılığı da adi qarşılayır. Artıq bu ailədə ailə üzvləri bir-birinə insani deyil, heyvani münasibət bəsləyir. Zənnimcə bu hadisəyə ikinci bir şərh vermək mümkün deyil.
Pula hərisliyə görə ailənin dağılması və ömürlük şikəst həyat
Ötən ay Abşeron rayonunun Qobu qəsəbəsində baş verən daha bir güllələnmə də elə ailə söhbətləri üstündə baş vermişdi. İyulun 14-də axşam saatlarında Qobu qəsəbəsində Elxan Ağayev odlu silahla güllələnmişdi. Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı iki nəfər hadisədə təqsirləndirilərək həbs edildi. Daha sonra məlum oldu ki, hadisə bir qadının sifarişi ilə törədilib və Elxan Ağayevi killer güllələyib. Araşdırmalar zamanı məlum oldu ki, Elxan Ağayevi Qobu qəsəbə sakini, sahibkar qadın Töhvə Məmmədovanın sifarişi ilə güllələyiblər. Töhvə Məmmədova ilə qeyri-qanuni münasibətdə olan Elxan Ağayev onunla intim münasibətdə olarkən videokadrlar çəkib və sonradan həmin kadrlarla qadını şantaj edib. Bu adla Elxan Ağayev qadının pulu ilə Xırdalanda özünə 3 mərtəbəli villa, xarici maşın alıb, şəxsi biznes qurub. Amma bununla da gözü doymayan Elxan Ağayev qadının biznesinə ortaq olmağa, firmasını öz adına rəsmiləşdirməyə və qadını özündən asılı vəziyyətdə saxlamağa cəhd edib. Bu hərəkətlərdən bezən qadın isə birdəfələlik 30 min manata killer tutub Elxan Ağayevi qətlə yetirmək qərarına gəlib.
Başqasının ailəsini dağıdan qadının həyatı dağıldı
Bu proses əvvəlcə atılan səhv addımdan, yəni ailəli kişinin başqa qadınla yaşamasından yaranıb. Qanuni ailəsi və uşaqları olan Elxan Ağayev ərsiz və imkanlı qadının hiylələrinə uyub ailəsindən xəbərsiz həmin qadınla yaşayıb və sonda da onun həddindən artıq imkanlı olduğunu görüb istifadə etməyə başlayıb. Əslində kifayət qədər istifadə də edib. Amma qadının pulunun çoxluğu, kişiyə istənilən qədər pul verməsi, Elxan Ağayevin də get-gedə pula hərisliyinin axırı gəlib bu hadisə ilə nəticələnib. Elxan Ağayev bel nayihəsindən aldığı güllə yarasından ömürlük şikəst qalıb. Sahibkarlıqla və başqa yollarla külli miqdarda pul əldə edən qadın Töhvə Məmmədovanın isə başqasının ailəsinə göz dikməsi sonda bütün imkanlardan məhrum olması və ömrünün müəyyən bir hissəsinin həbsdə keçirməsilə nəticələndi. Maddi problemlərini həll edən qadının ailəli kişi ilə münasibətdə olması, həmin şəxsi ailəsindən məhrum etməsi özünə azadlıqdan məhrum edilməsi bahasına başa gəldi.
Samir Əli
|