Rauf Arifoğlu və deputatlar siyahıya salınmayıb, partiyada ciddi narazılıq var
Müsavatla AXCP sədrləri daha iki dairə üzrə razılığa gəliblər. Lakin bu xırda uğurlardı və iki partiya arasında birləşmə danışıqları dalana dirənib. Vəziyyət o həddə çatıb ki, hətta parlament seçkilərində birgə blok yaratmaq məsələsi arxa plana keçə bilər. Məsələ burasındadır ki, AXCP sədri yenə bildiyini edib və Müsavat daxilində narazılıq yaradıb. Müsavatın əsas təbliğat ruporu sayılan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və Müsavat deputat qrupunun bütün üzvləri vahid namizədlər siyahısından kənarda qalıblar. Nə İkram İsrafil, nə İltizam Əkbər, nə Nəsib Nəsibli, nə Arzu Səmədbəyli, nə də Pənah Hüseyn Müsavat-AXCP blokunun seçki siyahısına salınmayıb. Pənah Hüseynin vəziyyəti aydındır. Müxalifətin "ideya generatoru" AXCP rəhbərliyini ona görə qəzəbləndirib ki, iki il bundan əvvəl DUİ-yə keçərək "Azadlıq" blokuna müxalif mövqedə dayandı, hələ də DUİ-nin rəhbərliyində təmsil olunur və böyük ehtimalla, bu qurumun da namizədi olacaq. Pənah Hüseynin Müsavata problem yaradacağı o qədər də real deyil. Müsavata problemi vahid siyahıdan kənarda qalmış qrupun digər deputatları, o cümlədən Rauf Arifoğlu yaradacaq. Baş yazarın siyahıya salınmaması ümumiyyətlə ağlabatan deyil. AXCP rəhbərliyi bununla Rauf Arifoğlundan 2006-cı ildə tutduğu mövqenin qisasını alır. O zaman Müsavat mandatları qazanmışdı, amma parlamentə getməyə cürət etmirdi. AXCP və müttəfiqlərinin qara piarından aşkar şəkildə qorxan Müsavat rəhbərliyi qərar verməkdə çətinlik çəkirdi. O zaman Rauf Arifoğlu irəli çıxdı, bütün məsuliyyəti üzərinə götürdü, AXCP və müttəfiqlərinin qəzəbli çıxışlarına rəğmən müsavatçı deputatları müdafiə etdi. Nəsib Nəsibli və digər deputatlar Rauf Arifoğlunun müdafiəsindən sonra parlamentə gedəcəklərini bildirdilər. Müsavat rəhbərliyi də Rauf Arifoğlunun cəsarətli mövqeyindən sonra qərar verdi. Beləliklə, Rauf Arifoğlu Müsavatın Milli Məclisə getmək barədə qərarına ictimai dəstək qazandırdı. Fevralda qərar qəbul olundu. Amma AVİP və ALP-ni (o zaman ADP də bu blokda idi) "Azadlıq" blokuna cəlb etmiş AXCP bütün yazı Müsavata qarşı qara piar apardı. Bu qara piara da R.Arifoğlu cavab verirdi. Görünür, AXCP sədri bunu Rauf Arifoğluna bağışlaya bilmir. Müsavatçı deputatların hədəfə alınması isə onların ikinci dəfə seçilməsinə əngəl olmaq məqsədi güdür. Düzdür, AXCP iddia edə bilər ki, deputatların vahid namizədliklərinin əngəllənməsi ona görədir ki, Cəbhə hazırkı parlamentin tərkibinin legitimliyini qəbul etmir. Amma lap belə olsa da, AXCP ilə Müsavat müttəfiqdir. AXCP müttəfiqinə hörmət etməli və onu təmsil edən deputatların təkrar seçilməsinə şərait yaratmalıdır. Müsavatçı deputatlar və Rauf Arifoğlu narazıdırlar. Onların AXCP-Müsavat blokuna qarşı çıxacaqları bəribaşdan bəllidir. Nəsib Nəsibli namizədliyini müstəqil şəkildə verəcəyini bildirib. Ümid Partiyası Rauf Arifoğlunu dəstəkləyəcəyini bəyan edib. Ümid Partiyasının ADP ilə birgə "Qarabağ" adlı blok yaratdığını nəzərə alsaq, müsavatçı deputatların bu quruma daxil ola biləcəyi gözlənilir. Müsavatçı deputatlar-Rauf Arifoğlu-"Qarabağ" bloku AXCP-Müsavat blokuna ciddi şəkildə alternativ olacaq, müxalifətə verilən səslər parçalanacaq. Ən böyük zərbə isə Müsavat Partiyasına dəyəcək. Müsavat Partiyası daxilində problemlər ciddi şəkildə böyüyəcək, mərkəzdənqaçma sürətlənəcək. Rauf Arifoğlunun rəhbərliyi ilə yeni partiyanın yaranması da gündəliyə gələ bilər. Baş yazarla qarşıdurma AXCP-yə o qədər də böyük zərbə vurmayacaq. Müsavatı isə çökdürəcək.
Aydın
|