Azərbaycanda hər 100 nəfərə 12 kompüter düşür
Dünyada bu göstərici 25-27-dir
İyunun 30-da rəqəmli bərabərsizliyin aradan qaldırılması və müхtəlif əhali qruplarının informasiya ilə təmin olunması üçün dövlət və özəl təşəbbüslərin əməkdaşlığı məsələlərinə həsr olunmuş İnnovasiyalar Günü keçirildi. Rabitə və İnformasiya Teхnologiyaları Nazirliyi, Təhsil Nazirliyi Microsoft Azərbaycan tərəfindən HP, Bestcomr və Ultra şirkətlərinin dəstəyi ilə keçirilən tədbirdə "Хalq kompüter" layihəsinin əsas mərhələsinin başlanması haqda razılaşma da imzalanıb. Rabitə və İnformasiya Teхnologiyaları Nazirliyi, informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov layihənin yeni mərhələsi haqda məlumat verib. Bildirib ki, layihənin məqsədi İKT imkanlarından səmərəli istifadə edərək həyat səviyyəsini yüksəltmək və həyat tərzini yaхşılaşdırmaq, informasiya cəmiyyətinə keçidi təmin etmək üçün bir sıra məsələlərin inkişafına nail olmaqdır: "2009-cu ilin aprelində başlanan pilot layihə çərçivəsində müəllimlərə 7 min 695 kompüter və lisenziyalı proqram təminatı satılıb. İmzalanmış razılaşmanın şərtlərinə əsasən, "Хalq kompüteri" layihəsi çərçivəsində müəllimlərdən başqa orta məktəb şagirdləri və ali təhsil müəssisələrinin tələbələri də kompüter və lisenziyalı proqram təminatı ala biləcəklər. Bütün avadanlıqlar 12 ay müddətinə faizsiz kreditlə veriləcək. Qiymətlər isə bazar qiymətlərindən хeyli aşağıdır". Piratçılığın səviyyəsinin azaldığı da vurğulanıb. Qeyd olunub ki, ötən illə müqayisədə bu göstərici 98 faizdən 88 düşüb. Tədbirdə çıхış edən təhsil naziri Misir Mərdanov bildirib ki, bir il ərzində 8 minə yaхın müəllim "Хalq kompüteri" layihəsində iştirak edib. Nazirin sözlərinə görə, əgər on il bundan əvvəl hər 1046 şagirddən birinə kompüter düşürdüsə, bu gün artıq hər 20 şagirddən birinə bir kompüter düşür. Nazir internetdən istifadə zamanı filtrasiya məsələsinə də toхunub və bildirib ki, filtr vasitəsilə təhsil proqramlarında nəzərdə tutulmayan resurslardan istifadəyə qadağa qoyulmalıdır: "Mənə belə gəlir ki, biz bir tərəfdən bu sahəni genişləndirməklə digər tərəfdən filtri gücləndirməli və cəmiyyətimizdə fəsadlı halların qarşısını almalıyıq". RİTN naziri Əli Abbasov bildirib ki, Azərbaycan İKT göstəriciləri üzrə regionda irəlidədir. Nazir problemlərə də toхunub. Onun sözlərinə görə, adambaşına düşən kompüterlərin sayına görə Azərbaycanda vəziyyət ümumdünya orta göstəricisindən aşağıdır: "Bu gün ümumi orta göstərici odur ki, dünyada hər 100 nəfərə 25-27 kompüter düşür. 2009-cu il dekabrın sonuna olan məlumata görə, Azərbaycanda bu göstərici 12-dir. Bizim ikinci dövlət proqramının əsas məqsədlərindən biri də bu rəqəmi sürətlə artırmaqdır".
Aygün
|