Artıq müsabiqədə iştirak üçün müraciət olunub
Bakı. İlhamə İsabalayeva – APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) mədəniyyət telekanalının açılması ilə bağlı elan etdiyi müsabiqədə iştirak üçün artıq müraciət daxil olub. Bu barədə APA-ya açıqlama verən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, sabah müsabiqəyə sənəd qəbulunun müddəti başa çatır: “Rəqabət mühiti yaradılmalıdır. Yalnız bir müraciət olarsa, onda rəqabət olmayacaq. Bu səbəbdən əlavə müraciət edən olmasa, müsabiqənin müddətini uzadacağıq. Yəqin ki, sentyabrın 6-da bu məsələyə baxıb müsabiqə sənəd qəbulunun müddətinin daha 1 ay uzadılmasına qərar verəcəyik”.N. Məhərrəmli müsabiqədə iştirak üçün müraciət edən barədə məlumatın sentyabrın 4-dən sonra açıqlanacağını da söyləyib: “Müsabiqənin müddəti sabah bitsin, ondan sonra müsabiqəyə müraciət edəni rəsmi şəkildə açıqlayacağıq”.
|