Əli Həsənov: "Seçkilərdə uğur qazana bilməyənlər Azərbaycanda seçki imicinə xələl gətirirlər"
Avqustun 24-də ATƏT-in Bakı ofisi qarşıdan gələn parlament seçkilərində kütləvi informasiya vasitələrini rolunu müzakirə etmək üçün dəyirmi masa təşkil edib. ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorelin sözlərinə görə, media seçki prosesi dövründə ədalətli təşviqata səy göstərməlidir. KİV siyasi partiyalar, koalisiyalar, vətəndaşların təşəbbüs qrupları və müstəqil namizədlərin qərəzsiz şəkildə xəbər buraxılışında yer almasına, eləcə də müsahibələr, məqalə və debatların yayımına şərait yaratmalıdır. Çünki plüralist media demokratik seçkilər üçün mühüm əhəmiyyət kəsb edir. Mərkəzi Seçki Komissiyasının seçkilərdə əsas diqqəti medianın prosesdə iştirakı və onun digər qurumlarla əlaqəsinə yönəltdiyini qeyd edən MSK sədri Məzahir Pənahovun sözlərinə görə, Azərbaycanda namizədlər seçki kampaniyasında KİV-in inkişafından geniş istifadə edir. KİV yeganə orqandır ki, MSK-da müşahidəçi kimi qeydiyyatdan keçmir və seçki prosesini əvvəldən axıra qədər istədiyi seçki məntəqəsində izləyə bilir. Bu il də aşağı seçki komissiyalarında bununla bağlı maarifləndirmə işləri aparılıb və medianın normal fəaliyyəti üçün şəraitin yaradılması onların üzərinə bir vəzifə kimi qoyulub. Onun bildirdiyinə görə, Azərbaycanın seçki qanunvericiliyi kifayət qədər yetkin bir sənəddir. KİV namizədlər üçün istədikləri qədər şərait yaradır ki, buna da qanunvericilikdə heç bir məhdudiyyət qoyulmur: "Mərkəzi Seçki Komissiyası çalışır ki, ödənişsiz təbliğatın subyekti olanlara kifayət qədər efir vaxtı ayrılsın. Yəni bütün namizədlər üçün bərabər şərait yaradılsın. Bundan başqa, ödənişli özəl telekanallar da var ki, namizədlər müstəqil şəkildə bu imkandan istifadə edə bilərlər". Seçki prosesinin mühüm amillərindən olan seçkilərin təşkili, cəmiyyətin seçkilərə hazırlanması və seçkilərin keçirilməsi mərhələlərinə toxunan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirdi ki, namizədlər arasında azad rəqabətin təşkilində kütləvi informasiya vasitələri xüsusi rol oynayır. O, hökumət adından bəyan etdi ki, qarşıdan gələn parlament seçkilərində KİV-in iştirakını məhdudlaşdıran heç bir adiminstrativ qərar qəbul edilməyəcək. Seçki Məcəlləsində bu sahədə göstərilən bütün müddəalara lazımi səviyyədə əməl olunacaq: "Özəl media üçün də heç bir məhdudiyyət tətbiq edilməyəcək. İTV-də namizədlər üçün bərabər şərait yaradılacaq, digər televiziyalara da dəstək veriləcək. Biz seçkilərin şəffaf keçirilməsinin tərəfdarıyıq. Hesab edirik ki, KİV seçkilərdə namizədlərin yarışını təşkil edə və seçki imicini formalaşdıra bilər". Ə.Həsənov onu da qeyd etdi ki, Azərbaycanda seçki prosesi ilə seçkinin nəticələri arasında müəyyən ziddiyyətlər mövcuddur. Belə ki, seçki zamanı hamı deyir ki, seçkilər ədalətli, demokratik və şəffaf keçirilir, nəticələr elan olunduqdan dərhal sonra fikirlər dəyişir. Seçkidə uğur qazana bilməyənlər seçkilərin formal, qeyri-demokratik keçirildiyini bəyan edirlər. Bu isə Azərbaycanda seçki imicinə xələl gətirir: "Qorxuram bu il də belə ola. Ona görə kütləvi informasiya vasitələri seçkilərin şəffaf keçirilməsini müşahidə etməlidirlər ki, sonradan siyasi partiyaların belə açıqlamalarını ifşa etmək mümkün olsun". Tədbirdə iştirak edən ALP sədri Əvəz Temrxan təklif etdi ki, seçki zamanı İTV-də bütün namizədlər üçün bərabər şərait yaradılsın, AZ TV-də ayda bir dəfə siyasi partiyalara yarım saat vaxt ayrılsın. Müsavat Partiyasının başqanı İsa Qəmbər qeyd etdi ki, seçki qanunvericiliyində və MSK-nın təlimatlarında media ilə bağlı boşluqlar var. Bu boşluqların aradan qaldırılması üçün qanunvericilikdə dəyişiklik edilməlidir. Çünki 24 saat fəaliyyət göstərən dövlət televiziyasında seçki təbliğatı ilə bağlı müddəa yoxdur. AXCP sədri Əli Kərimli isə telekanallarda müxalifət partiyaların fikirlərini bildirmək üçün yer ayrılmadığını diqqətə çatdırdı.
Alim
|