Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

“Azərbaycanda, demək olar ki, müasir kino yoxdur”


 

ABŞ-da yaşayan müğənni-aktrisa Firəngiz Rəhimbəyova: “Ürəyim Bakıda qalıb”


“Xeyli gözlədim ki, “Bəxt üzüyü” filminin zəngin fanatları maddi dəstək verib, rejissor Ramiz Əzizbəylini filmin ikinci seriyasını çəkməyə ruhlandıracaqlar, çox təəssüf...”


Uzun illədir ABŞ-da yaşayan azərbaycanlı aktrisa və müğənni Firəngiz Rəhimbəyova sentyabrda Bakıya gəlməyi planlaşdırır. O, bunu eksklüziv müsahibəsində açıqlayıb. Firəngiz xanım şəxsi kolleksiyasından bəzi fotoları da APA-ya təqdim edib.
- Uzun illərdir, Amerikada yaşayırsınız. İnsanların qibtə ilə baxdığı Amerika şou-biznesi, eləcə də kinosuna çox yaxınsınız. Amerikada yaradıcılığınızı davam etdirirsinizmi? Əgər davam etmirsinizsə səbəb nədir?
- Əlbəttə ki, mən Amerika populyar mədəniyyətinin və kinosunun zirvəsində deyiləm, amma inanın ki, nə vaxtsa Amerikanın estrada və pop ulduzuna, ya da kino kumirinə çevriləcəyimlə bağlı hər hansı illüziyam yoxdur. Düzdür, Los-Anceles və ABŞ-ın bəzi digər şəhərlərindəki populyarlığımdan şikayətçi deyiləm. Bu populyarlıq bütün Amerikanı əhatə etməsə də, mənə əziz olan kifayət qədər insanın – Azərbaycandan və keçmiş SSRİ-nin digər ölkələrindən gələnlərin əhatəsindəyəm. Mən öz yaradıcı taleyimdən məmnunam. Amerika şou-biznesindəki yerimi özümü aldatmadan, ayıq başla qiymətləndirirəm və minlərlə insanı stadionlara, zallara topladığıma dair Bakıda şayiə yaymağa çalışmıram. Məni sevən və qiymətləndirən, miqyası heç də kiçik olmayan dairə mənə kifayət edir.
- Azərbaycan kinosu, teatrı və şou-biznesi kənardan Sizə necə görünür?
- Kino haqqında heç nə deyə bilmərəm, çünki bizdə müasir kino demək olar ki, yoxdur. Teatr... Bilmirəm, Vətənə xeyli vaxtdır getmirəm və təbii ki, heç nə izləməmişəm. Saytlarda Azərbaycandakı teatr premyeralarının çəkilişlərini axtarsam da, tapa bilmirəm. Mənə şou-biznes daha tanışdır və internet saytları vasitəsilə bu sahəni izləmək imkanım var. Prinsipcə pis heç nə deyə bilmərəm. İnkişaf mərhələsi elə belə də olmalıdır – öz əyər-əskikliyi ilə. Hər şey zamanla qaydasına düşəcək və inanıram ki, Azərbaycanın musiqi mədəniyyəti hələ dünyanı təəccübləndirəcək.
- ABŞ-da kinoya çəkilməklə bağlı və ya başqa bir sahədə hər hansı təklif almısınızmı?
- Bəli, məni ekspert kimi rejissor Entoni Hoffmanın baş rollarını Kerri-Enn Moss və Vel Kilmerin oynadığı “Qırmızı planet” fantastik filminə, həmçinin rusiyalı qaydasız döyüş ustası Oleq Taktarovun Kriss Kleyn, Rebekka Romin, Cin Reno kimi Hollivud ulduzları ilə birgə çəkildiyi “Rollerboll” filminə dəvət ediblər.
- Amerikadakı fəaliyyətiniz barədə bir az ətraflı danışmağınızı istərdik. Məsələn, yaradıcı insanlarla dostluq əlaqələri qura bilmisinizmi?
- Xatırlatmaq istərdim ki, mən təsadüfən Amerikada deyiləm, ailəmlə qovuşmaq arzusu ilə bura gəlmişəm. Böyük bacım və dayım öz ailələri ilə uzun müddətdir Amerikada yaşayırlar. Amerikaya köçməzdən əvvəl iki dəfə onların qonağı olmuşdum. Qayıtdıqdan sonra möhkəm darıxırdım. Nəhayət, çətinliklə də olsa qərar verdim ki, ailə bir arada olmalıdır. Və getdim. Burada hazırkı həyat yoldaşımla qarşılaşdım. Siz də anlayırsınız ki, sevərkən və öz ailənə dəyər verərkən ikinci dərəcəli şeyləri qurban verməyi bacarmaq lazımdır. Unutmayın ki, mən azərbaycanlıyam və Azərbaycan qadınının ən yaxşı ənənələri ilə tərbiyə olunmuşam. Gənc və gözəl bir qadın kimi yüz dəfə özümə karyera qura bilərdim, lakin ailəm və mənə doğma olan kişi mənim üçün daha önəmli idi. İndi - gözəl və ağıllı bir qız böyüdüb ərə verdikdən sonra öz yaradıcılığımla məşğul olmağa mənəvi haqqım çatır. Hazırda elə bununla məşğulam və həyat yoldaşım da mənə hər cür dəstək verir. İnanın ki, mən yaradıcılıqla pul qazanmaq üçün məşğul olmuram. Yaradıcılıq mənim mahiyyətimdir. Razılaşın ki, xoşbəxt bir ailə qurmaq üçün heç də az istedad tələb olunmur. Həyat yoldaşımla bərabər kino və şou-biznes ulduzlarının da olduğu çox geniş çevrəmiz var və yüzlərlə təklif alırdım. Lakin mən başqa bir yol seçdim və öz seçimimdən məmnunam. Amerika üfüqlərində ulduz kimi parlamaq üçün hələ gec deyil, ancaq məni öz Vətənim, onun mədəniyyəti, həyatı, motivləri özünə çəkir...
- ABŞ-a şəxsi həyatınızla bağlı getdiyinizi söylədiniz. Bundan heç təəssüf hissi keçirdinizmi?
- Yox. Taleyim belə gətirdi. Lakin etiraf edirəm ki, ürəyim Bakıda qalıb. Doğma şəhərimi tez-tez yuxuda görürəm... Bakıda doğmalarım demək olar ki, qalmasa da, çoxlu dostlarım və pərəstişkarlarım var. Sentyabrda Bakıya gəlməyi planlaşdırıram.
- Azərbaycanda kinoya çəkilmək üçün heç təklif almısınızmı?
- Çox təəssüf ki, yox. Xeyli vaxt gözlədim ki, “Bəxt üzüyü” filminin zəngin fanatları maddi dəstək verərək rejissor Ramiz Əzizbəylini filmin ikinci seriyasını çəkməyə ruhlandıracaqlar. İkinci seriyanın ssenarisi çoxdandır rejissorun əlindədir.
- Azərbaycana qayıdaraq yaradıcılıqla məşğul olmaq planınız varmı? Təklif alsanız Vətənə qayıdarsınız?
- Bu, mənim üçün ağrılı sualdır... Yəqin ki, uzun müddət üçün qayıda bilmərəm. Lakin bundan sonra tez-tez Bakıya gəlmək niyyətindəyəm.
- Hazırda Amerikada nə işlə məşğulsunuz?
- Əsasən yaradıcılıqla. Elitar publikanın gecələrində konsertlər verirəm. Yeni mahnılar yazdırıram və albom hazırlayıram. Bundan başqa, mənim özümün xırda biznesim var. Həyat yoldaşımın böyük biznesində də ona kömək edirəm. O, mənə qulaq asır. Məmnuniyyətlə ev təsərrüfatı ilə məşğul oluram. Yəni kifayət qədər iş var.
- Azərbaycan diasporu ilə birlikdə həyata keçirdiyiniz “Novruz bayramı” layihəsindən sonra yeni layihə üzərində işləyirsinizmi?
- Bəli. Musiqimizin korifeyi Çingiz Sadıxov, amerikalı media maqnatı, keçmiş bakılı Devidson, eləcə də Azərbaycan şou-biznesinin tanınmış nümayəndələri ilə “Platin disk” Azərbaycan Mükafatının təqdimatını hazırlayırıq. Bu cür təqdimatlar dünyanın bütün ölkələrində keçirilir. Hesab edirəm ki, bu tədbir çox təntənəli və nüfuzlu bir tədbir olacaq. Bununla əlaqədar sentyabrda Bakıya gəlməyi planlaşdırıram. Bakıda çıxışlarım da ola bilər.
- Los-Anceles erməni diasporunun ən aktiv olduğu yerdir. Bundan qaynaqlanan hər hansı problemlə üzləşmisinizmi?
- Bilirsiniz, Amerikada insanlar başqa prinsiplərlə yaşayır. Bura millətlərarası münasibətləri ayırd etmək yeri deyil. Mənim anlayışıma görə, incəsənət adamları xüsusi insanlardır və öz sənətləri ilə insanlara sevinc, xoşbəxtlik bəxş edərək dünyada sülhə töhfə verirlər.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : “Azərbaycanda, demək olar ki, müasir kino yoxdur”
Yazılma Tarixi : 25.08.2010
Xəbər Etiketləri : “Azərbaycanda, demək olar ki, müasir kino yoxdur”
Oxunma Sayı : 365
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
“Kəbinim cəzaçəkmə müəssisəsində kəsildi”
«Bizim ən böyük qazancımız Cavad хandır»
Gədəbəyin Keçəl Dağından başlayan tam fəlsəfə yolçuluğu
Əhəmənilər dövrünə aid türkcə yazı nümunəsi
«Oхuyur Müslüm Maqomayev» filminə həsr olunmuş tədbir keçiriləcək
“Mənimlə dil tapmaq çox çətindir”


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.