Amma belə məhsulu bazara çıxarmaq mümkün deyil
Çox təəssüf ki, indi çox az sayda istehlakçını, alıcını aldığı məhsulun genetik modifikasiyaya məruz qalıb-qalmadığı maraqlandırır. Satılan malın üstündəki yazılar, hətta bəzən istehsal vaxtı ilə belə maraqlanmırlar. Yol kənarında hansı üsulla hazırlandığı məlum olmayan məhsulu alıb yeməkdən çəkinmirlər. Əhali sanki öz canından bezib. Məhsulun keyfiyyətinə fikir verməyən istehlakçı bilməlidir ki, o özünün bu hərəkəti ilə yalnız öz canına qəsd etmir, həmçinin hüquqlarının pozulmasına, bir qrup işbazın onun hesabına havayı milyonlara sahib olmasına imkan yaradır. Digər tərəfdən istehlakçını da bu işdə qınamaq düz deyil. Çünki həddən artıq məlumatsızlıq var. Problemlərin çoxu da burdan qaynaqlanır. Yaranan problemlərdən biri də istehlakçının aldadılması ilə bağlıdır. Kənardan baxanda balaca çörək, qutab və ya ət satan mağazanın ən cəlbedici tərəflərindən biri onun üstündəki yazı ilə bağlıdır. "Təzə ət", "isti çörək" kimi ifadələrin yer aldığı mağazalar müştərini bu yolla cəlb edir. Etiraf etmək lazımdır ki, bu üsul hər birimizi cəlb etməyə imkan verir. Bu sözlərin təsiri altında mağazadan nəsə alırsan və əgər bir saat aldığın çörəyin o tərəf-tərəfini incələmək xasiyyətin yoxdursa, satıcı bundan istifadə edəcək. Evə gələcəksən və çörəyin və ya ətin dünəndən qalma olduğunun şahidi olacaqsan. Demək ki, satıcı səni aldadıb. Xüsusilə, əgər yolda getdiyin yerdə təsadüfi bir mağazaya daxil oldunsa, aldığın malın köhnə olma ehtimalı daha böyükdür. Belə malın köhnəliyi o dəqiqə hiss olunur. Amma elə mallar var ki, onu da alanda aldanırıq və pis tərəfi odur ki, aldandığımızı başa düşmürük. Mal təzə və dadlı olur. Həmin malın üzərində "ekoloji təmiz mal" yazılır. Alıcı da buna aldanıb həmin malı alır. Amma aldığının ekoloji təmiz mal olduğunu bilmir. Mütəxəssislər isə deyir ki, ekoloji təmiz olmayan məhsulu bu ad altında satmaq istehlakçını göz-görə aldatmaq deməkdir. Bizim mağza və bazarlarda ümumiyyətlə ekoloji təmiz mal olmadığını düşünənlər də var. Amma Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bizdə ekoloji təmiz mal var. Amma istehlakçı onları ala bilmir. E.Hüseynov bildirdi ki, "Yeyinti məhsulu" haqqında qanunda birmənalı şəkildə qeyd olunur ki, istehlakçıya ünvanlanmış "ekoloji təmiz məhsul", "müalicəvi məhsul" və digər bu kimi şüarlar yazılarsa, mütləq müvafiq icra hakimiyyəti strukturlarından icazə alınmalıdır: "İcazə də onun əsasında verilir ki, məhsullarla bağlı müəyyən eksperimentlər, analizlər aparılır və malın şüara cavab verib-vermədiyi müəyyənləşdirilir. Yəni onun ekoloji təmiz olduğu və ya xəstəliyi doğrudan da müalicə etdiyi aydınlaşdırılır. Amma çox təəssüf ki, Azərbaycan bazarında çoxlu sayda üzərində bu cür yazılar olan mallar var. Heç bir icra hakimiyyəti strukturlarının icazəsi olmadan, tədqiqat institutunda təhlillər aparılmadan onların üzərində "ekoloji təmiz" yazmaqla insanlar aldadılır". E.Hüseynovun bildirdi ki, 15 ildən artıqdır ki, Azərbaycan bazarında dəmir qablarda qablaşdırılmış "Norveç yağı" adı altında satılan yağ var. Onun üzərində iri hərflərlə "ekoloji təmiz ərzaq" yazılıb. AİB sədri bu cür faktların həddən artıq çox olduğunu bildirdi. Onun sözlərinə görə, bu hallar istehlakçını aldatmaqla yanaşı, həm də qanuna ziddir: "2007-ci ilin 13 iyununda "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanun qəbul olundu. Həmin qanunda göstərilir ki, əgər mal ekoloji cəhətdən təmizdirsə, üzərində mütləq qeyd olunmalıdır. Təəssüf ki, bu günə kimi həmin qanunun işlək mexanizmi yazılmayıb. İstehlakçılar GMO-lu mallarla bağlı normal məlumat ala bilmirlər. Həmin qanuna görə, genetik modifikasiya olunmuş mallar ekoloji çirkli hesab olunur. Tərkibində GMO olan malların onun üzərində qeyd olunmasının vacib olduğu bildirilir". AİB sədri Azərbaycan bazarında kifayət qədər genetik modifikasiya olunmuş ərazaq məhsullarının satıldığını bildirdi. Bu cür mallar ölkəyə gətirilir və istehsal olunur. Belə ki, malların tərkibində GMO olmasına baxmayaraq, qanunun ziddinə olaraq malın üstündə göstərilmir. Bəs Azərbaycanda ekoloji təmiz istehsal mövcuddurmu və ya bizdə belə mallar heç istehsal olunmurmuğ Əgər belə məhsul yoxdursa, demək ki, istehlakçının seçim etmək şansı da yoxdur. AİB sədri deyir ki, Azərbaycanda ekoloji təmiz məhsul var. Onun ölkə əhalisinin hamısına təklif olunub-olunmadığına gəlincə isə, AİB sədrinin cavabı heç də ürəkaçan olmadı. Belə ki, ölkədə bu cür mallar bazara çıxarılmır: "Gəncə zonasında 300-dən çox fermer təsərrüfatı var ki, onlar ekoloji təmiz kənd təsərrüfatı malları istehsal edirlər. Lakin onların qablaşdırılma avadanlıqları olmadığından məhsulu Bakıya gətirmək mümkün olmur". AİB sədrinin sözlərinə görə, xarici ölkələrdə ekoloji təmiz məhsullar digərləri ilə müqayisədə yüksək qiymətə satılır. Lakin Azərbaycan "super market"lərində hələ ki, bu qayda həyata keçirilmir. Müsahibimiz onu da vurğuladı ki, ekoloji təmiz məhsulu yetişdirmək digərindən cəmi 20 faiz baha başa gəlir. Amma əsas olan odur ki, belə mallar Azərbaycan bazarında olsun və seçim istehlakçının öz ixtiyarına verilsin. Təbii ki, bəzi istehlakçılar daha çox almaq üçün ucuz malı seçəcək, amma az alıb keyfiyyətə üstünlük verənlər də çox olacaq.
Aygün
|