Şəhərin bəzi yerlərində isə vəziyyət dözülməzdir
İnsanın yaşayışı üçün ən vacib amillərdən biri təmiz havadır. Nəfəs almadan yaşamaq mümkün olmadığı kimi, təmiz hava şəraiti olmadan da sağlam yaşamaq mümkün deyil. Bu sahədə paytaxt Bakının, daha doğrusu bu şəhərdə məskunlaşan əhalinin bəxti gətirməyib. Çünki paytaxtda nəfəs aldığımız hava ilə bağlı kifayət qədər problemlər var. Sovet dövrü ilə müqayisədə indi şəhərdə sənaye müəssisələrinin sayı azalıb, amma havanın çirkliliyi nədənsə daha da artıb. Mütəxəssislər hesab edir ki, buna səbəb qeyd olunan sahədə qeyri-planlı şəkildə həyata keçirilən işlərdir. Belə olmasaydı, o zaman gərək inkişaf etmiş sənaye ölkələrində əhalinin hər biri ağciyər xəstəsinə çevriləydi.
Bir ildə yer kürəsindən havaya 50 milyard ton istilik effekti yaradan zəhərləyici qazlar buraxılır. Bunun 3,1 faizi ABŞ-ın, 90 faizi isə inkişaf etmiş 11 Avropa ölkəsinin payına düşür. Amma bu ölkələrdə meşə sahələrinin sayının artırılması, eləcə də tullantıların idarə olunmasında həyata keçirilən siyasət zəhərli maddələrin insanlar üçün yaratdığı təhlükə riskini aradan qaldırır və ya azaldır. AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı, professor İslam Mustafayevin sözlərinə görə, havanın ekoloji vəziyyəti, yəni ətraf mühitdən atmosfer havasında çirkləndiricilərin yaranması, onun mənbələrinin genişlənməsi indi respublika, xüsusilə Bakı şəhəri üçün məsələnin bir qədər gərginləşməsi ilə müşahidə olunur. Qısası, Bakıda vəziyyət o qədər də ürəkaçan deyil. Professor bildirdi ki, havaya atılan tullantıların miqdarı 1990-cı illərlə müqayisədə sənayenin müəyyən sahələrinin öz işini dayandırması ilə əlaqədar olaraq azalıb. Amma bu heç də o demək deyil ki, sənaye tullantılarının azalması havanın təmizlənməsinə səbəb olub. Müsahibim bildirdi ki, inkişaf etmiş ölkələrdə tullantıların tərkibi, onların atıldığı ərazilər fərqlidir. Bakı kimi kiçik bir şəhərdə 1,5 milyon ton tullantı atılması məsələsi var. Bunun qarşısını sənaye müəssisələrinin bütün Azərbaycan ərazisində yerləşdirilməsi sayəsində almaq olardı. Professor onu da vurğuladı ki, inkişaf etmiş ölkələrdə sənaye zonalarında əhalinin yaşaması qadağandır. Amma bizdə əhali hətta sənaye müəssisələrinin zonalarına daxil olmaqdan belə çəkinməyib. Hazırda havanın çirklənməsinə başqa-başqa amillər də səbəb olur. Professor belə deyir: "Ölkəyə çoxlu sayda standartlara uyğun olmayan nəqliyyat vasitələrinin gətirilməsi, yolların idarə olunmasında, yanacağın keyfiyyətində olan problemlər, son illər Bakıda sürətlə yüksək binaların tikilməsi və sair bu kimi məsələlər paytaxtın hava şəraitini pisləşdirib. Digər tərəfdən əhalinin məskunlaşması da xeyli dərəcədə sıxlaşıb. Xüsusilə, şəhərin neft emalı sənayesi yerləşən rayonlarında vəziyyət yaxşı deyil. "Nobel", "Babək", "Heydər Əliyev" prospektləri arasında olan böyük ərazidə-"Əhmədli", "8-ci kilometr", "Bakıxanov" və bağlar ərazisini şəhərin mərkəzi hissəsi ilə birləşdirən ən azı üç böyük magistral yolun bu ərazidən keçməsi hava şəraitində ciddi problemlər yaradıb. Burdakı problem təkcə nəqliyyatın artması ilə deyil. Son vaxtlar şəhərin Babək və Nobel prospektləri arasında olan ərazilərdə (Keşlə, NZS) dövrü olaraq çox kəskin iyli tullantı qazlar buraxılır. Apardığımız təhlillər göstərir ki, havaya buraxılan bu tullantılar uçucu üzvü birləşmələrdir. Bu üzvü birləşmələr hava komponentlərinə nisbətən ağır olduğu üçün elə də tez yayılıb getmir. Çıxdığı mənbənin çox də kənarlarına yayılmır, uzun müddət qalır ki, bu da orda yaşayan əhali üçün dözülməz şərait yaradır". Professorun sözlərinə görə, hazırda həmin tullantıların mənbəyi haqqında bir söz demək olmasa da, ilkin analizlərin nəticəsi göstərir ki, bunlar nisbətən yüngül polikondensə olunmuş üzvü birləşmələrdir. Müsahibim bildirdi ki, hansı istehsalat sahəsindən ayrıldığı bilinməyən həmin tullantılar qeyd olunan zonalarda hava şəraitini kəskin pisləşdirir. Nəqliyyatdan hava şəraitinin pisləşməsinə gəlincə isə, professor bildirdi ki, bu proses daha çox Dərnəgül şossesində, Xətai və Nizami rayonları ərazisində baş verir. İ.Mustafayev hazırda problemləri aradan qaldırmaq istiqamətində addımların atıldığını da bildirdi. Belə ki, neft emalı sənayesinin şəhərin kənarına çıxarılması planlaşdırılır, digər tərəfdən artıq ölkəyə köhnə maşınların gətirilməsi qadağan olunub, yolların keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır: "Ümid edirəm ki, benzinin də keyfiyyətinin yaxşılaşdırılması istiqamətidə tədbirlər həyata keçirilir. Bütün hallarda hava ilə bağlı vəziyyət bu gün mövcud olan səviyyədə uzun müddət saxlanıla bilməz. Tədbirlərin səmərəliliyi artırılmalıdır. Bu bütün sahələrdə olmalıdır. Mənbələrin inventarlaşdırılaraq aradan qaldırılması da vacibdir. Sovet dövründə də bu cür iylər olmuşdu. Amma bu qədər kəskin heç vaxt olmayıb. Qurğulardan hansısa birinin zəif işləməsi, səhlənkarlıq, qurğularda köhnəlmə kimi problemlər var. Buna görə də ciddi tədbirlər görülməlidir". Professor deyir ki, tədbirlər görülməsə, ərazidə yaşayan əhali üçün narahatlıqlar yaranacaq. Digər bir tərəfdən isə vaxtilə ərazidə olan yaşıllıqların kütləvi surətdə məhv edilməsi də işləri çətinləşdirib. Təbii ki, havanın bu qədər çirkli olması ərazidə yaşayan insanlarda bir sıra xəstəliklərin yaranmasına gətirib çıxarır. Professorun sözlərinə görə, havanın zərərli maddələrlə çirklənməsi insanın qanının tərkibinin dəyişməsinə, nəfəs yollarının ağırlaşmasına, ağciyər xəstəliklərinin yaranmasına, ümumiyyətlə insanın ümumi sağlamlığına, gümrahlığına mənfi təsir göstərir: "Həkimlər tərəfindən çirklənmiş yerlərdə doğulan uşaqlarla az çirklənmiş ərazilərdə doğulan uşaqların sağlamlığı ilə bağlı müqayisəli təhlillər aparılıb. Vaxtilə Tibb Universitetinin müəllimləri bu sahədə ciddi tədqiqatlar aparıblar. Təhlillər çirklənmiş ərazilərdə doğulan uşaqlarla digər uşaqların sağlamlıqları arasında ciddi fərqin olduğunu ortaya çıxarıb". Qeyd edim ki, əhali tərəfindən "Keşlə" adlandırılan yaşayış yerində məskunlaşan insanlar özləri də burdakı hava şəraitindən həddən artıq narahat olduqlarını bildirdilər. Belə ki, onlar səhərin təmiz havasına həsrət qalıblar. Sakinlər səhər tezdən ərazidə boğucu və üfunətli qaz iyi hiss etdiklərini bildirdilər. Ən pisi isə odur ki, iy saatlarla çəkilmir.
Aygün
|