Bu planın oyunçuları elə müxalifətin özüdür
Artıq bir neçə gündən sonra parlament seçkilərinə rəsmi start veriləcək. İndiyə qədər siyasi qüvvələrin seçkilərə hazırlıq işlərindən görünəni yalnız seçki bloklarının yaradılması və namizədlər siyahısının müəyyən edilməsidir. Əslində qanunvericilik baxımından hələ seçkilərə rəsmi start verilmədiyindən siyasi partiyaların bu addımını normal hesab etmək mümkündür. Maraqlı məsələ isə müxalifətin parlament seçkilərinə çoxlu sayda seçki bloku ilə qatılmasıdır. Adətən ölkədə seçkilərin qeyri-demokratik, rəqabət mühiti yaradılmadan keçirildiyini iddia edərək seçkiləri baykot edəcəyi və yaxud müxalifətin vahid şəkildə seçkilərə qatılacağı ilə çıxış edən qüvvələr indi bir yox, hətta bir neçə seçki bloku yaradıblar. Bəs yaradılan seçki bloklarının müxalifət üçün səmərəsi nədən ibarət olacaqğ Siyasi ekspertlərin fikrincə, hazırda müxalifəti bu sual qətiyyən maraqlandırmır. Çünki müxalifətdə təmsil olunan partiyalar indi ya ana müxalifət partiyası imicini qazanmaq, ya da iqtidara yarınmaq yolları barədə düşünürlər. Elə bu səbəbdən də meymun balasını ayaq altında qoyduğu kimi illərlə bir yerdə yedikləri qazana tüpürərək saman çöpündən yapışıblar. Nəzərə almaq lazımdır ki, hazırda müxalifətdə təmsil olunan partiyaların mütləq əksəriyyəti AXCP şinelindən çıxıb. Bu isə o deməkdir ki, artıq müxalifətin vahid güc mərkəzi bir neçə hissəyə parçalanıb. İndi müxalifətin yenidən ayrı-ayrı seçki bloklarında təmsil olunmasının həmin gücün bir daha parçalanmasına səbəb olacağı şəksizdir. Elə bu qorxunun nəticəsidir ki, illərlə bir-birinə qarşı mətbuatda "qara piar" aparan AXCP-Müsavat partiyaları parlament seçkilərinə bir seçki blokunda getmək qərarına gəliblər. Burada hansı partiyanın hansı iddiada olması bir yana, görünən reallıq odur ki, sözügedən partiyalar bir-biri ilə əks cəbhədə olduğu zaman əməkdaşlıq etdikləri partiyaları indi həndəvərlərinə belə buraxmırlar. Ümidlərin puça çıxdığını görən həmin partiyalar ən azı siyasi burulğanda itməmələri üçün bloklaşma faktoruna əl atıblar. Beləliklə, hazırda siyasi arenada AXCP-Müsavat, Böyük Quruluş, Ədalət və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının təsisçisi olduqları "İslahat", Klassik Xalq Cəbhəsi, Azadlıq və Böyük Azərbaycan partiyalarının təmsil olunduqları "DUİ", ALP, VAP və Yurddaş partiyalarının yaratdıqları seçki blokları mövcuddur. Əslində seçici elektoratının o qədər də böyük olmadığı Azərbaycan reallığında təkcə müxalifətin bu qədər seçki bloku yaratması özü-özlüyündə anormallıqdır. O ki qaldı sözügedən seçki bloklarında təmsil olunan partiyaların seçkilərdə hansısa nailiyyətlər əldə etməsi məsələsinə, birmənalı şəkildə demək mümkündür ki, elə bu partiyaların özləri bir-birlərinə qənim kəsiləcəklər. Artıq namizədlərin müəyyən edilməsi prosesində bunun ilkin işartıları görünməkdədir. Çünki müxalifət partiyaları heç bir halda digərinin namizədinə güzəştə getməyəcəyi və yaranan yeni blokların onlara qarşı olması barədə ardıcıl bəyanatlar səsləndirirlər. Belə bəyanatlar isə şübhəsiz ki, müxalifət partiyaları arasında onsuz da soyuq olan münasibətlərin daha da gərginləşməsinə gətirib çıxaracaq. Digər tərəfdən, seçkidə daha çox mandat almaq arzusunda olan partiyaların çirkin siyasi oyunlara gedəcəyi də istisna deyil. Təsadüfi deyil ki, elə indidən sadalanan seçki bloklarının hansınınsa nəqliyyat naziri Ziya Məmmədov tərəfindən maliyyələşdirildiyi iddiası ortaya qoyulub. Əslində burada qeyri-adi və təəssüfləndirici heç bir şey yoxdur. Ona görə ki, indiyə qədər dəfələrlə müxalifətin hansısa qanadının iqtidara "işlədiyinin", yaxud hansısa partiyanın əlinin iqtidarın cibində olduğunun şahidi olmuşuq. Bu baxımdan baş verə biləcək hər hansı ekstremal hadisəyə hazır olmalıyıq. Bütün sadalanan faktlar və müxalifətin indiyə qədər keçdiyi yolun analizi onu deməyə əsas verir ki, yaranan seçki blokları əslində müxalifətin özünün parçalanmasına hesablanıb. Təəssüf ki, bu parçalanma planının oyunçuları elə müxalifətin özüdür.
Alim
|