Boks üzrə gənclər arasında dünya çempionatında rekord iştirakçı müəyyənləşdi
Dünən Azərbaycan Boks Federasiyası ilə Beynəlxalq həvəskar Boks Assosiasiyası arasında ölkəmizdə keçiriləcək gənclər arasında dünya çempionatı ilə bağlı müqavilə bağlandı. Müqaviləni AİBA-nın prezidenti Çinq-Kou Vu və ABF-nın prezidenti Kəmaləddin Heydərov imzaladı. Tədbirdə çıxış edən AİBA-nın prezidenti Çinq-Kou Vu hələ ötən il Azərbaycanda keçirilən prezident kubokunun yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi. Onun sözlərinə görə, bu tədbiri keçirməklə ABF sübut etdi ki, qurumun güclü təşkilatçılıq və işçi qüvvəsi var: "Buna görə də gənclər arasında dünya çempionatını Bakıda keçirməyi qərara aldıq. Eyni zamanda peşəkar boks üzrə WSB versiyasında yarışlar da Bakıda olacaq. ABF boksun inkişafı üçün əlindən gələni edir". Tədbirdə çıxış edən ABF-nın prezidenti Kəmaləddin Heydərov AİBA prezidentinin ölkəmizə ikinci səfərindən məmnun olduğunu vurğuladı. O, Azərbaycanda olimpiya və qeyri olimpiyanın inkişaf tarixindən danışdı. Qeyd etdi ki, Azərbaycanda olimpiya və qeyri olimpiya növlərinin inkişafı 1993-cü ildə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra başlanıb: "O vaxtdan idmana, gəncliyə, sağlamlığa münasibət başlanılıb. Bu özünü olimpiya komplekslərinin tikinti ilə də sübut edir. İlk əvvəllər olimpiya komplekslərinin tikintisi Bakı və daha iri şəhər və rayonlarda planlaşdırılsa da bu gün respublikanın ayrı-ayrı şəhər və rayonlarında müasir standartlara cavab verən olimpiya mərkəzləri fəaliyyət göstərir. Bu yöndə MOK prezidenti, dövlət başçısı İlham Əliyevin səyləri böyükdür". ABF-nın tarixindən danışan K.Heydərov ABF-nın şərəfli yol keçdiyini bildirdi: "Lakin müəyyən səbəblərdən son illərdə çox da böyük nailiyyətlər əldə olunmayıb. Federasiyamızın inkişafında bütün texniki məsələlərin həlli üçün MOK tərəfindən tapşırıqlar verilib. AİBA-nın da diqqəti sayəsində azərbaycanda da boks inkişaf edəcək və yeni-yeni nailiyyətlər qazanacağıq". Bu yarışda azərbaycanlı idmançıların uğurlu çıxışına ümidvar olduğunu deyən K.Heydərov gələcəkdə də daha mötəbər yarışların keçirilməsinə şərait yaradılacağını bildirib. Dünya çeçmpionatının "Sərhədçi" Olimpiya Məkəzində təşkil olunacağını vurğulayan ABF prezidenti yarışın yüksək səviyyədə təşkil olunacağını bildirib. AİBA prezidenti yarış barəsində məlumat verdi. Qeyd etdi ki, bu yarış avqustda Sinqapurda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya verəcək. Çempionat aprelin 23-dən mayın 1-nə qədər olacaq: "Artıq rekord sayda-106 ölkədən 659 boksçu iştirak haqda sənəd göndərib. Bu AİBA tarixində gənclər arasında keçirilən dünya çempionatları içərisində ən böyük göstəricidir. Say daha da çox ola bilərdi. Dünya birinciliyində 11 çəki dərəcəsi üzrə 44 boksçu lisenziya qazanacaq. Yarımfinal və final oyunları bütün iştirakçı ölkələrə yayımlanacaq". Yarışdan öncə bir sıra proqramların keçiriləcəyini vurğulayan AİBA prezidenti bu proqramlarda əsasən kasıb ölkələrdən olan idmançılar üçün nəzərdə tutulduğunu bildirdi. "Bakıya yol" proqramı çərçivəsində 29 ölkədən 54 idmançı Lənkəran şəhərində hazırlıq keçəcək.
Ədil
|