Müğənnilərimiz bizi-yəni Azərbaycanı və azərbaycanlıları xaricdə təmsil etmək əvəzinə biabır etməyə başlayıblar. Belə hallar çox olub. Xarici mətbuat bizimkilərdən yazarkən deyirdik ki, bizi gözləri götürmür, ona görə belə yazırlar. Xatırlayaq Azərbaycan ilk dəfə "Eurovision" beynəxalq mahnı yarışmasına qatıldığı vaxtı. Həmin il Azərbaycanı gənc ifaçılar Elnur və Samir cütlüyü təmsil etdi. İnsafla deyək ki, pis də təmsil etmədilər, uğurlu çıxışları oldu. Mələk və Şeytanın ifadəsi olan bu kompozisiya ilk vaxtlar Avropanın diqqətini də çəkdi və "Azərbaycan mələkləri" kimi tanındılar. Sonradan isə Avropa mətbuatı bizim təmsilçimiz olan bu duet ortaqları haqqında çox iyrənc məlumatlar yazdılar. Mətbuatın yazdığından məlum olurdu ki, bizim təmsilçiləriimzlə bağlı anomal halların şahidi olublar. Yazılanlar xoşagəlməz məsələ olduğundan, bu haqda geniş danışmağa ehtiyac yoxdu. Hər bir halda xaricdə bizi xoş olmayan fikirlərlə xatırladılar.
Xocalı soyqırımı günü müğənnilər Nadir Qafarzadə, Ruhəngiz Allahverdiyeva və Aşıq Zülfiyyə İsraildə konsert vermişdilər. Bu olaya görə onlara çoxlu qadağalar qoyuldu və üzr istəyəndən sonra təmizliyə çıxdılar və bu hadisə unuduldu. Amma israillilər bu haqda danışdılar. İşğal günü İsraildə vur-çatdasın qurmaları heç kimin diqqətindən yayınmadı. Azəri qızı Günellə bağlı da Türkiyədə bunaoxşar hadisə yaranmışdı. O da işğal günü konsert vermişdi. Türkiyə buna yetərincə güldü. Günel isə özünə bəraət qazanmaq üçün çox məntiqsiz bəhanə seçdi. Bildirdi ki, guya xaricdə özümüzü məğrur göstərməliyik. Xaricilərə əyildiyimizi göstərməməliyik. Buna görə də, ermənilərin işğalı nəticəsində yurd-yuvasından ailəsi ilə birgə qaçqın düşmüş Günel həmin gün məmuniyyətlə konsert verməyə razı olub. Türkiyə mətbuatı bu hadisəni çox diqqətlə izlədi və rəy verdi. Heç kim də məğrurluğun buna nə dəxli olduğunu anlamadı. Biz isə burada utandığımızdan qızardıq.
Amma bununla bitmədi. Biz yenə utandıq. Bu dəfə isə utancdan bizi qızardan Brilliant Dadaşova oldu. Türkiyənin "ATV" kanalına qonaq olan müğənni çox düşünüb çox "mənalı" danışdı. Dedi ki, mənim oğlum Azərbaycan və türk mahnılarına ümumiyyətlə qulaq asmır. Heç türk və Azərbaycan müğənnilərini tanımır da. B.Dadaşovanın sözlərindən belə çıxdı ki, oğlu heç onun özünü-anasını belə tanımır. Oğlu ingilisdilli olduğuna görə, ancaq xaricilərə baxır. Bu da Azərbaycanı Türkiyədə təmsil edən və Türkiyə televiziyasına müsahibə verən müğənnimizin açıqlaması. Ondan maraqlı, ibrətimaz açıqlamalar gözləyərkən onun oğlu ilə bağlı dedikləri bizi türklər demişgən "şaşırdı". Həm də fərq olduq. İnsafla deyək ki, B.Dadaşova yüksək intellektə malik bir xanımdı və ondan həmişə bunu görmüşük. Amma bu açıqlamanı nəyi düşünüb verdiyini heç cür anlamaq olmur. Əvvəla oğlunun ana dilində olan mahnıları dinləməməsi bir ana üçün biabırçı haldı. Ən azından Azərbaycan mədəniyyətinə, incəsənətinə xidmət edən və hamıya dərs keçən bir müğənni oğlunun bu tərbiyəsinə diqqət yetirməliydi. Oğlunun Azərbaycan və türk mahnılarını qətiyyən dinləməməsi əslində onun öz səhvidi. Bir ana olaraq oğluna tərbiyə verməli və onda milli mahnılara maraq oyatmalı idi. Bu onu göstərir ki, B.Dadaşova ümumiyyətlə oğluna vaxt ayırmır, ona heç nəyi öyrətmir. Bu açıqlama ilə biz bir daha özümüzü Türkiyədə biabır etdik. B.Dadaşova fəxrlə dediyi bu sözlərdən əslində utanmalı idi. Oğlunun qüsurunu Türkiyə televiziyasında bu dərəcədə açıqca demək həqiqətən maraqlıdı. Tür k müğənniləri adətən uşaqlarının üstün cəhətlərini açıqlayır və mahnılarını övladlarının gözəl ifa edə bildiklərini deyirlər. Azərbaycanlı bir müğənninin Türkiyədə oğlunun ana dilinə qətiyyən hörmət etməməsindən danışmasını Türkiyə mətbuatı diqqətlə izlədi və bizim özümüzə olan hörmətsizliyimizi bir daha gördü. Biz bunu çoxdan bilirik. Amma bunu daha xaricilərə demək və açıqlamağa heç bir ehtiyac yox idi.
Gülər