Məleykə Abbaszadə: "Elə insan var ki, ixtisasa təlabat olmadığını bilir, amma təhsil almaq xatirinə həmin ixtisası seçir"
əvvəli ötən sayımızda
- Məleykə xanım, bu il qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərə "İmtahana buraxılış vərəqəsi"nin internet vasitəsilə verilməsi hansısa problemlərin yaranmasına səbəb olubmu?
- Xeyr heç bir problem olmayıb. Bu ildən biz ümumi orta təhsil bazasında (9 illik) kolleclərə ərizə qəbulunu da internet vasitəsilə apardıq. Nəticəsi isə o oldu ki, ərizə verənlərin sayı təxminən 6 min nəfər artdı. Bu, onu göstərir ki, prosesi əhali tam normal qəbul edib və internet vasitəsilə ərizə qəbulunda, eləcə də “imtahana buraxılış vərəqəsi”nin əldə edilməsində heç bir çətinlik olmayıb.
- TQDK-nın regional bölmələrin yaradılması işinizdə hansı müsbət irəliləyişlərə səbəb oldu?
- Regional bölmələrin yaradılması bu il bizə ilk dəfə olaraq Gəncədə ali məktəbələrə qəbul imtahanı keçirməyə imkan verdi. Gələn il bu praktika daha da genişlənəcək. Gələn il I ixtisas qrupu üzrə qəbul imtahanını digər regionlarda da keçirməyi planlaşdırırıq. Bundan başqa, qəbul imtahanlarına nəzarətçi qismində cəlb olunan müəllimlərin bazasını ayrı-ayrı regionlardan olan müəllimlərin hesabına genişləndirmişik. Onlar üçün seminar-treninqlər keçirilib, müxtəlif imtahanlarda iştirak ediblər. Regional bölmələr vasitəsilə həmçinin bölgələrdə yaşayan, fəaliyyət göstərən bacarıqlı müəllimləri imtahan materiallarının hazırlanması işinə cəlb edirik. Bu çox vacibdir. Çünki imtahan suallarının məzmununa dair məsələlərin müzakirəsində yalnız mərkəzdə olan müəllimlər yox, ümumilikdə ölkənin pedaqoji ictimaiyyət iştirak etməlidir. Təşkilati məsələlərlə bağlı da regional bölmələr zəruri işləri həyata keçirirlər. Ərizə qəbulu prosesi zamanı abituriyentlər hansısa problemlə üzləşəndə, müəyyən problemlər ortaya çıxanda insanların Bakıya gəlməsinə ehtiyac qalmır və regional bölməyə müraciət edərək problemlərini həll edirlər. Bölmə problemi həll etmək səlahiyyətində olmayanda isə bizə müraciət edir. Qəbul etdiyimiz qararı onlara çatdırırıq və həmin insanların Bakıya gəlməsinə ehtiyac qalmır.
- Ötən il ali məktəblərə qəbul olmaq üçün imtahan verən cari məzunların 62,8 faizi 200-dən aşağı bal toplamışdı. Bu il bu göstəricidə bir fərq oldu?
- Xeyr, ötən il ali məktəblərə qəbul olmaq üçün imtahan verən cari il məzunlarının 54.1faizi 200-dən aşağı bal toplamışdı. Bu il qəbul imtahanında iştirak edən cari il məzunlarının 28,2 faizi 0-100 bal, 21,6 faizi 100-200 bal arasında nəticə göstərib. Yəni cari il məzunlarının 49,8 faizi qeyd olunan nəticəni göstərib.
- Bəzən abituriyentlər olur ki, imtahandan sonra sualların çətin olduğunu iddia edir. Bununla bağlı nə deyə bilərsiniz?
- Qəbul imtahanlarında istifadə olunan test tapşırıqları qüvvədə olan dərsliklərə və qəbul proqramına tamamilə uyğun olub. Abituriyentlər sınaq imtahanında iştirak edəndə təxminən bilirlər ki, neçə bal toplayırlar. Onu deyə bilərəm ki, bizdə sınaq imtahanı ilə qəbul imtahanı arasında korrelyasiya əmsalı 0,8-dir. Bu çox yüksək əmsaldır. Yəni sınaq və qəbul imtahanlarının nəticələri arasında düz mütənasiblik var. Bu o deməkdir ki, abituriyentlər sınaq imtahanında topladıqları balları demək olar ki, əsas imtahanda da təkrar edirlər (sınaq imtahanında dələduzluq edənləri nəzərə almıram). Elə abituriyentlər var ki, sınaq imtahanında 100-baldan yuxarı nəticə göstərə bilmir. Təbii ki, o, qəbul imtahanında da eyni nəticə göstərir. Suallar çətindirsə, bəs necə olur ki, imtahanda iştirak edən abituriyentlərin 5 faizi 500-700 arası, 16,7 faizi 300-500 bal arası, 16,7 faizi 200-300 bal arasında nəticə göstərib. Suallar o adamlar üçün çətindir ki, onların bilik səviyyəsi aşağıdır. İmtahanda hər bir fənn və variantda sadə suallar da təqdim olunur. Yalnız sadə suallara cavab verməklə 150-200 bal toplamaq mümkündür. Bundan aşağı nəticə göstərən abituriyentlər heç sadə suallara da cavab verə bilmirlər. Ancaq sadə suallarla yanaşı, orta səviyyəli suallar da var. Bütün sadə və orta səviyyəli suallara cavab verməklə 300 bala qədər nəticə göstərmək mümkündür ki, bununla da ali təhsil müəssisələrinin ödənişli, orta ixtisas təhsili müəssisələrində isə ödənişsiz ixtisaslara qəbul olmaq mümkündür.
- Abituriyentlər arasında əzbərçilik meylləri hansı səviyyədədir?
- Təəssüflər olsun ki, humanitar sahələrdə bəzi abituriyentlər sualları əzbərləməklə məşğuldurlar. Amma bunun axırı yoxdur. Çünki bizim test bankına 200 mindən çox sual daxildir. Bu sualların əksəriyyəti yeni tipli test tapşırıqlarıdır və abituriyentlərin yalnız hafizəsini yox, onların təfəkkür qabiliyyətlərini, ümumiləşdirmə, nəticə çıxarma bacarıqlarını yoxlayır. Gələn ildən isə qəbul imtahanlarında müəyyən sayda açıq tipli test tapşırıqlarından da istifadə olunacaq, yəni verilən sualın cavab variantı olmayacaq. Abituriyent verilən sualın cavabını yazmalı olacaq. Artıq bu tapşırıqlara dair nümunələri “Abituriyent” jurnalında dərc etmişik. Hər bir kəs başa düşməlidir ki, ali təhsil yalnız birinci pillədir. İnsan yüksək səviyyəli mütəxəssis olmaq istəyirsə, gərək ömrü boyu oxumağı bacarsın, yeni informasiyaya açıq olsun. Yeni informasiyanı qəbul etməyi və onun əsasında lazımi prosesi tətbiq etməyi bacarsın. Biz ali məktəblərdə məhz belə insanları formalaşdırmalıyıq.
- Dünyanın bir sıra ölkələri ilə müqayisədə Azərbaycanda adambaşına düşən tələbələrin sayı azlıq təşkil edir. Təhsil naziri hazırda Azərbaycanda olan ali məktəblərin və tələbələrin sayından narazı deyil. Hər il ölkə ali məktəblərində 30 minə yaxın insanın ali təhsil almasını qənaətbəxş hesab edirsiniz?
- 200 baldan yuxarı nəticə göstərənlərin hamısını demək olar ki, ali məktəblərə qəbul olunublar. Bizdə elə hal olmayıb ki, 500 baldan yuxarı nəticə göstərənlərin sayı çox olsun və onlar ali məktəblərə yerləşdirilməsinlər. Təbii ki, müəyyən ixtisaslar var ki, onlara istək çoxdur. Bunlar tibb ixtisasları, hüquqşünaslıq, bank işi və iqtisadiyyatla əlaqədar ixtisaslardır. Sual ortaya çıxır ki, bizim ölkədə bu qədər həkimə, iqtisadiyyatçıya, hüquqşünasa ehtiyac varmı? Ali təhsil almaq və işlə təmin olunmaq müxtəlif proseslərdir. Ali təhsil alanların sayını artırmaq olar. Amma həmin şəxs ali təhsil aldıqdan sonra peşəkar fəaliyyətə başlaya bilərmi? Dünyada belədir ki, ali məktəbi bitirən insan həkim kimi fəaliyyətə başlaya bilməz. O peşə hazırlığından imtahan verməlidir. Onlar peşəkar həkim kimi işləyənədək bir neçə il praktikant kimi işləməlidirlər. Həmçinin, müəllimlər və digər peşə sahibləri. Bizdə isə bu proseslər indi-indi tənzimlənməyə başlayır. Məsələn, hətta “hüquqşünas” diplomu əldə edən insan prokurorluq orqanlarında işləmək istəyirsə, imtahan verməlidir. İmtahan verə bilmirsə, işə qəbul olunmur. Demək ki, diplom əldə etmək hələ kifayət deyil.
- AMEA-nın vitse-prezidenti Arif Həşimovun sözlərinə görə, aspiranturada (xüsusilə bəzi elmi sahələr üzrə) təhsil alan və sonradan elmi kadr kimi yetişmək üçün institutlarda qalan gənclər azlıq təşkil edir. Onun fikrincə, magistraturaya qəbulda yeniliyin olması (qəbul şərtlərində yüngülləşdirmə) ilə bu sayı artırmaq olar. Siz bu barədə nə düşünürsünüz?
- Tələbələrin magistraturada oxumaq istəyi yoxdursa, onları kim zorla təhsilin bu səviyyəsinəd oxumağa vadar edə bilər? Müəyyən sahələr var ki, tələbələr həmin ixtisasların magistartursanda təhsil almağa maraq göstərmirlər. Bəlkə fayda görmürlər. Amma müəyyən istiqamətlər üzrə, xüsusilə humanitar sahələr üzrə maraq yüksəkdir. Təəccüblü odur ki, magistratura səviyyəsində qiyabi təhsil formasına üstünlük verənlərin sayı daha çoxdur. Bu da onu göstərir ki, gənclər işləyə-işləyə təcrübə toplamağı üstün tuturlar.
- Jurnalistikaya qəbul zamanı xüsusi qabiliyyət imtahanının tətbiq olunmasını mümkün hesab edirsiniz?
- Jurnalistika ixtisası üzrə qəbul olan bakalavrlar magistratura səviyyəsi üzrə təhsil almaq üçün müsabiqə zamanı ixtisas üzrə esse yazırlar. Bu praktikanı bakalvriat səviyyəsinə qəbulda tətbiq etmək çətindir. Çünki III qrupa hər il 30 mindən artıq abituriyent sənəd verir. Belə bir qayda tətbiq olunsa və həmin abituriyentlərin hamısı jurnalistika ixtisasını öz ərizəsində qeyd etsə, biz onların hamısına esse yazdırmalı və sonra bu yazı işlərini yoxlamalıyıq. Bu cür kütləvi qaydada esseləri yoxlamaq üçün kifayət qədər müəllimlər (markerlər) lazımdır. Təəssüflər olsun, həmin esseni yoxlayacaq müəllimlər (markerlər) kifayət qədər deyil. Biz son bir neçə il ərzində magistraturaya qəbulda müəyyən ixtisaslar üzrə markerlər hazırlamışıq, amma kütləvi sayda markerlər nəzərdə tutsaq, onda həmin işlərin yoxlanması günlərlə uzana bilər. Amma biz yenə də bu istiqamətdə müəyyən işlər aparırıq. Görsək ki, bu ixtisası çox yüksək bal toplamış abituriyentlər seçir edir və yüksək müsabiqə vəziyyəti yaranır o zaman müəyyən qabliyyət imtahanı keçirmək olar. Amma hələ ki, bu ixtisasda müsabiqə vəziyyəti çox yüksək olmur. Təəsüf ki, hələ də qabiliyyət imtahanlarına gedənlər əsasən savadı aşağı olan insanlardır. Bu, jurnalistika üçün vacibdirmi?
Aygün
|