Sürətlə şoranlaşma məhsurdarlığa da təsirini göstərir
Əkinə yararlı torpaq sahələrinin şoranlaşması kənd təsərrüfatı sahəsində öz həllini gözləyən problemlər sırasındadır. Torpaqların şoranlaşması nəticəsində ailə kəndli təsərrüfatları əkin sahələrinin müəyyən hissəsindən istifadə etmək hüququndan məhrum olub. Bu özünü ərzaq təhlükəsizliyinin təminatında da büruzə verir. Əsasən Aran regionunda baş verən şoranlaşma nəticəsində, sözügedən ərazidə yetişdirilən bitkilərin məhsurdarlığı son illər ərzində nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Sahələr demək olar ki, istifadəsiz qalıb. Şoranlaşmanın getdikcə acınacaqlı hal almasına mütəxəssislər həyəcan təbili çalır. Qeyd edirlər ki, 20 il bundan əvvəllə müqaisədə təkcə aran regionunda şoranlaşan torpaqlar 20-25 faiz artıb. Vəziyyətdən çıxış üçün yeni drenaj sistemlərinin çəkilməsini, SSRİ dövründən qalan drenaj sistemlərinin istifadəyə yayarlı hala gətirilməsini göstərirlər.
Fermerlər çətin durumda
Bu il yağan yağışların miqdardan artıq olması da torpaqların şoranlaşmasını artırıb. Bundan əlavə əsasən Aran regionunda qrunt sularının torpağın səthinə çıxması və bölgədən keçən kanalların normal səviyyədə işləməməsi problemin məcrasından çıxması üçün zəmin yaradıb. Şoranlaşmaya qarşı mübarizədə keçmiş SSRİ dövründə kolxoz-sovxoz səviyyəsində iş aparılırdı. SSRİ dövründə drenajlar vaxtlı-vaxtında təmizlənirdi. Kollektorların normal fəaliyyəti üçün lazimi işlər həyata keçirilirdi. İslahatdan sonra problemin həlli ilə ailə kəndli təsərrüfatları birbaşa özləri məşğul olur. Ailə kəndli təsərrüfatlarının isə geniş maliyyə imkanı olmadığından şoranlaşmanın əhatə dairəsi günü-gündən genişlənir. Aparılan araşdırma göstərir ki, ailə kəndli təsərrüfatları SSRİ dövründən qalan drenaj sistemlərinin təmizlənməsinə belə vəsait tapa bilmir. Drenaj sistemlərini alaq otları basıb. Sistem yararsız hala düşüb. Suyun normal hərəkəti üçün imkan yoxdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yanında Dövlət Yer Quruluşu Layihə İnstitutundan verilən məlumata görə, son illər 51 rayonda 715 min ha torpaqla bağlı araşdırmalar zamanı onun yalnız 325 min hektarının tam münbit olduğu aşkarlanıb. Yerdə qalan hissə isə az, orta və ağır dərəcədə müvafiq şorandır.
Müvafiq qurumlar səylərini birləşdirməlidir
Torpaqların şoranlaşmasının qarşısının alınması yönündə bir sıra dövlət qurumları və səhmdar cəmiyyətlər var ki, sözügedən qurumların səylərinin birləşdirilmiəsi nəticəsində bu problemdən yaxa qurtarmaq mümkün olar. Məsələn, Meliorasiya və Su Təsərrüfatı ASC-nin bu baxımdan geniş imkanları var. Sözügedən ASC yeni iri kanallar çəkir. Suvarma sisteminin inkişafı istiqamətində davamlı işlər həyata keçirir. Torpaqların yenidən yuyulmasını da sözügedən ASC həyata keçirə bilər. Nədənsə Meliorasiya və Su Təsərrüfatı ASC bu işdə maraqlı deyil. Bu yöndə Kənd Təsərrüfatı Nazirliyi və Melorasiya və Su Təsərrüfatı ASC-nin birgə təsəbbüslə çıxış etməsi vacibdir. Müəyyən sənədin hazırlanıb aidiyyəti qurumlara verilməsi problemin qarşısının alınması yönündə mühüm addım olar. Qeyd edək ki, bu yöndə həyata keçirilən dövlət proqramında drenaj sistemlərinin təmizlənməsi, yenidən qurulması işlərinin görülməsi 2015-ci ilə qədər nəzərdə tutulub. Proqramda həmçinin müəyyən qisim torpaqların yuyulması, drenaj kanalların yenidən açılması, torpağın bərpa olunub yenidən balansa qaytarılması kimi məsələlər də yer alıb.
Ədil
|