Hüseynqulu Bağırov koreyalı həmkarı ilə ətraf mühitin mühafizəsindən danışıb
Martın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Cənubi Koreyanın torpaq, nəqliyyat və dəniz işləri naziri Jong Hvan Çunq və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Nazir Hüseynqulu Bağırov bildirib ki, ölkəmizdə ətraf mühitin idarə edilməsinin yaxşılaşdırılması məqsədilə koreyalı mütəxəssislərlə birgə müəyyən olunmuş layihələrin mərhələlərlə bir neçə il müddətində həyata keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Koreyanın Ətraf Mühit Nazirliyi arasında 2008-ci ildə "Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb və bundan sonra "Azərbaycanda ətraf mühitin idarə olunması üzrə Baş Plan" hazırlanıb. Bu müddət ərzində Azərbaycan və Cənubi Koreya mütəxəssisləri dəfələrlə adı çəkilən planın komponentlərini, eyni zamanda Koreya ilə əməkdaşlıq üzrə Azərbaycanda Baş Plan çərçivəsində həyata keçirilməsi məqsədəuyğun hesab edilən layihə təkliflərini müzakirə ediblər. Bu müzakirələrin nəticəsi olaraq prioritet istiqamətlər üzrə ilk öncə həyata keçirilmək üçün "Təmizlənmiş çirkab suların yaşıllıqların suvarılmasında təkrar istifadəsi", "Qobustanda bərk məişət tullantıları poliqonunun inşası", "Ekoloji mühitin avtomatlaşdırılmış monitorinq sisteminin qurulması" layihələri seçilib. H.Bağırov bildirib ki, layihələrin reallaşmasında, müasir tələblərə cavab verən ətraf mühit texnologiyalarının Azərbaycanda tətbiq edilməsində Cənubi Koreyanın böyük dəstəyi olacaq. H.Bağırovun sözlərinə görə, hazırda bir neçə layihə müzakirə olunur: "Cənubi Koreya tərəfinin çoxsaylı təklifləri var. Tullantı sularının əlavə emal olunaraq yaşıllaşdırma proqramlarında istifadəsi ilə bağlı məsələlər var. Səngəçalda, Lökbatanda belə qurğular quraşdırıb, suları təmizləmək nəzərdə tutulur. Həmin ərazilərdə 200-150 hektarlıq yaşıllaşdırma zolaqlarının yaradılması ilə bağlı layihələrimiz var. Bu sıradan olan fəaliyyət üçün bir neçə başqa layihələr var". Nazir bildirib ki, layihələr üçün Koreya təşkilatları tərəfindən nə qədər vəsait ayrılacağını demək çətindir. Belə ki, bu proses layihəyə bağlıdır: "Koreya tərəfi bu layihələrdə əlavə iştirak etmək istəyir. Müəyyən vəsaitlər ayırır ki, hansısa Koreya təşkilatının keçirəcəyi layihəyə özü də pay qoysun. Bu 1-1,5 milyon manat ola bilər. Kömək üçün bu az deyil. Amma layihələrin özü 10-20 milyon manat civarında ola bilər. ("OLAYLAR"İA)
|