Əli Əliyev: "Bu narazı elektoratın səslərinin parçalanması və hakimiyyət namizədinin üstünlük əldə etməsinə gətirib çıxaracaq"
"Müxalifət daxilində olan bəzi pozucu qüvvələr və müəyyən şəxslərin siyasi nəfsi bu işə təkan verdi"
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin "OLAYLAR"-a müsahibəsi -Əli bəy, Vətəndaş və İnkişaf Partiyasının ADP-dən kənar Liberal Partiyası ilə blok yaratması hansı zərurətdən meydana çıxdı? -Azərbaycan Demokrat Partiyası ilə blok yaratmaq haqqında məsləhətləşmələr aparırdıq. Bu məqsədlə bir sıra məsələləri, detalları müxakirə etdik. Tərəflər maraqlarından çıxış edərək öz mövqelərini bildirməli idilər. Azərbaycan Demokrat Partiyasının müzakirəsində bir neçə variantın olduğu bizə bəlli idi. Açıq şəkildə bildirilmişdi ki, bir neçə partiyadan da təklif var. Mən həmin təkliflərin kim tərəfindən irəli sürüldüyünü və nədən ibarət olduğunu bilirdim. Bununla da ADP öz seçimini edib və onun seçiminə hörmətlə yanaşmaq lazımdır. Çünki hər bir partiya öz maraqlarından çıxış edir. O ki qaldı ALP ilə bizim bir yerdə olmağımıza, əvvəlcədən ictimaiyyətə bildirilmişdi ki, bu iki partiyanın seçkilərə birlikdə getmək qərarı qətidir. Artıq ALP və VİP-in mərkəzi aparatlarının birləşmiş iclası keçirilib, seçki blokunun yaranması təsisatı ilə bağlı məsələləri müzakirə etmişik. 72 seçki dairəsi üzrə namizədlər razılaşdırılıb və bununla bağlı hər iki partiyanın mərkəzi aparatlarının qərarı var. Həmin namizədlər hər iki partiyanın kollegial qurumlarında öz təsdiqini tapmalıdır. -Liberal Partiyası ilə yaratmış olduğunuz blokun adı müəyyənləşdirilib? -Bir sıra təkliflər var və həmin təkliflər müzakirə ediləcək. Bu icra qurumlarının vəzifəsidir. Həmin təklifləri kollegial qurumlara çıxaracağıq. -Digər partiyaların sizin bloka cəlb edilməsi nə dərəcədə mümkündür? -Hesab edirik ki, bizim kəmiyyət arxasınca qaçmaq siyasətimiz səhv olar. Bizə dəstək verən müəyyən qüvvələr var. Azərbaycan Ziyalılar Birliyi öz dəstəyini nümayiş etdirib. Bundan başqa fərdi qaydada müraciət etmiş şəxslər də var. Onlar da bizim namizəd siyahımızda yer alacaqlar. Təbii ki, bir sıra partiyalardan da müraciətlər var. Ancaq biz istəmirik ki, daha çox kəmiyyət görüntüsü arxasınca gedək. -Müxalifətin yaratmış olduğu digər seçki blokları ilə müqayisədə siz seçkilərdə nə dərəcədə uğur əldə edə biləcəksiniz? -Bunu yalnız seçici müəyyənləşdirə bilər. Hesab edirəm ki, bizim seçki bloku təsadüfi bir blok deyil, ötən parlament seçkilərində hakimiyyətə alternativ olan "Azadlıq" blokunun üçdə ikisinin yaratmış olduğu seçki blokudur. Ötən 5 ildə göstərdiyimiz fəaliyyət, nümayiş etdirdiyimiz mövqe bizim parlament seçkilərində uğur əldə etməyimizə imkan yaradacaq. Biz buna əminik. -Yalnız 72 dairədən namizəd irəli sürəcəksiniz? -Xeyr. Bu istiqamətdə məsləhətləşmələr davam edir. Ümumilikdə biz 90-dan artıq dairədən namizəd irəli sürməyi nəzərdə tutmuşuq. Digər dairələr üzrə namizədlərin müəyyən edilməsi istiqamətində məsləhətləşmələr davam edəcək. -Namizədlərin müəyyən edilməsi zamanı hər iki partiyaya eyni sayda yer ayrılıb? -Namizədin keçərliliyi əsas prinsip kimm götürüləcək. -Sizin təmsil olunduğunuz blok digər partiya liderlərinə müəyyən seçki dairələri üzrə güzəştə gedə bilərmi? -Əgər bu razılaşma hamı tərəfindən qəbul olunacaqsa, biz də o məsələni müzakirə edə bilərik. -Əli bəy, müxalifətin parlament seçkilərinə bir neçə blokla getməsi nəticə etibarilə səslərin parçalanmasına gətirib çıxarmayacaq? -Təbii ki, bu çox ziyanlı bir variantdır. Daha yaxşı olardı ki, müxalifət hakimiyyət qütblü formasında seçkilərə qatılardı. Müxalifətin bu gün səpələnmiş şəkildə seçkilərə qatılması heç şübhəsiz ki, ziyanlı olacaq. Hətta seçki blokunda bir yerdə çıxış edən partiyaların namizədləri dairələr üzrə toqquşacaqlar. Bununla da müxalifətin seçki blokları arasında ciddi rəqabət olacaq. Bu isə narazı elektoratın səslərinin parçalanması və hakimiyyət namizədinin üstünlük əldə etməsinə gətirib çıxaracaq. Ona görə də hesab edirəm ki, bu cür seçkilərə qatılmaq heç də uğurlu bir variant deyil. Ancaq təəssüflər olsun ki, başqa seçim və variantımız mövcud deyil. -Sizcə, müxalifət buna şüurlu şəkildə gedir? -Deməzdim ki, müxalifət buna şüurlu şəkildə gedir. Sadəcə reallıq bundan ibarətdir. Müxalifət daxilində olan bəzi pozucu qüvvələr və müəyyən şəxslərin siyasi nəfsi bu işə təkan verdi.
Süleyman
|