Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri dərindir. Zaman-zaman beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə ediblər. Bu baxımdan "Erməni məsələsi" adlandırılan məsələnin meydana gəlməsini də təsadüfi hesab etmək olmaz. Elə buna görə də "Qarabağ məsələsinə" erməni məsələsinin bir hissəsi kimi baxılmalıdır. * * * XIX əsrin sonları - XX əsrin əvvəllərində erməni məsələsinə aid bir çox əsərlər həsr olunub. Tarixçi V. Qurko-Kryajinin 1926-cı ildə nəşr edilmiş Böyük Sovet Ensiklopediyasında dərc olunan məqaləsi də bu əsərlər sırasına aiddir. O, məqalənin sonunda ümidvar olduğunu bildirərək yazırdı ki, erməni mühacirləri arasında ən vicdanlıları özlərinin əvvəlki istiqamətlərini dəyişir və keçmişdən əl çəkərək, təqsirlərini boyunlarına alıb Vətənə qayıdırlar. Sovet çevrilişindən sonra Daşnaksutyun tam ölümə məhkumdur” Erməni məsələsi - Şərq məsələsi adlandırılan məsələnin bir hissəsidir və ona iki nöqteyi-nəzərdən baxılmalıdır. Zahiri mahiyyət: böyük dövlətlər Türkiyəni daha asanlıqla istismar etməkdən ötrü onun mərkəzdənqaçma qüvvələrini gücləndirməyə, beləliklə, ölkəni zəiflətməyə çalışırdılar. Daxili mahiyyət: öz burjuaziyasının rəhbərliyi altında ermənilər milli müqəddəratın müstəqil təyin edilməsi uğrunda, elə siyasi-iqtisadi amillər əldə olunması uğrunda mübarizə aparırdılar ki, bu amillərin təsiri altında burjuaziya sərbəst inkişaf edə bilsin. Erməni məsələsinin zəmini hələ XVIII əsrdə, Konstantinopolun maliyyə aristokratiyası erməni millətinə rəhbərlik etməyə başlayanda yaranmışdı. Türkiyəsinin hər yerinə səpələnmiş erməni xalqı öz arasından çox erkən ticarət burjuaziyası yetişdirmişdi. Həmin burjuaziya Türkiyənin iqtisadi həyatında böyük rol oynayırdı - hökumətə, əyalət valilərinə borc pul verərək mülkiyyət sahibi olurdu. Eyni zamanda o, ruhanilər vasitəsilə erməni xalqının bütün həyatına rəhbərlik edirdi. Ruhanilər isə çox böyük təsir gücünə malik idilər. 1453-cü ildə Konstantinopolu fəth edəndən sonra türklərin göstərişi ilə yaradılmış teokraktik erməni icmasının başında duran Konstantinopol patriarxı dövründə maliyyə aristokratiyasının nümayəndələrindən ibarət Notabllar şurası vardı ki, erməni xalqının "rəhbəri" əslində bu şura idi. Türkiyədə erməni burjuaziyasının inkişafında onun əsasən Suriyada və Livanda, eləcə də Amerikada yaşayan erməni tacirləri ilə əlaqəsi və xarici kapitalın axını da məlum rol oynamışdı. Qeyd edilməlidir ki, erməni sənətkarlarının bir sıra silklərə bölünən hədsiz dərəcədə çoxsaylı sinfi də Türkiyənin kustar sənayesində yunanlarla birlikdə üstün rol oynayırdı. Buna görə də Qərb kapitalizmi Yaxın Şərqə hücuma keçdikcə Qərb dövlətləri məhz erməni burjuaziyasında özlərinə dayaq nöqtələri axtarmağa can atırdılar. Axı, həmin burjuaziyanın əsarət altında, siyasi cəhətdən tabelik vəziyyətində olması onun iqtisadi fəaliyyətinin inkişafını hədsiz dərəcədə məhdudlaşdırırdı - bu səbəbdən də o, Türkiyənin natural təsərrüfatının və daxili qapalılığının dağıdılmasına yönəldilən hər cür təşəbbüsləri müdafiə edirdi. Qərb kapitalı Türkiyənin hakim sinfi ilə çox sıx bağlı olan iri erməni maliyyə burjuaziyasından yan keçərək öz məqsədləri üçün əvvəlcə ruhanilərdən istifadə etməyə cəhd göstərirdi; bu cəhdlər gözlənilən nəticəni verməyəndə Qərbin ticarət kapitalı orta ticarət burjuaziyasından özünün iqtisadi vasitəçisi kimi istifadə etmək qərarına gəldi.. * * * 70-ci illərdə "erməni liberalizmi"nin mərkəzlərinə çevrilmiş bu şəhərlərdə nəinki ruslar, eləcə də Türkiyə erməniləri arasında mətbuat vasitəsilə və şifahi yolla "milli özünüdərkin oyanması" və hətta döyüşkən millətçilik təbliğatı aparılırdı. Orta erməni burjuyaziyasının özünütəsdiqə doğru ilk addımları, təbiidir ki, ruhanilərin hökmranlığının məhdudlaşdırılmasına doğru yönəldildi: o, şəhər sənətkarlarına arxalanaraq kilsəni, əsas etibarilə Konstantinopol patriarxatını dünyəviləşdirmək uğrunda mübarizəyə başladı. Bu mübarizə müvəfəqqiyyətlə nəticələndi: patriarxatlıqda və kilsə mərkəzlərində yaradılmış "erməni nümayəndəliyi" adlı təşkilatda ruhanilər və maliyyə burjuaziyası ilə yanaşı, orta burjuaziya da yer aldı. Maliyyə, ədliyyə və maarif işlərinə həmin nümayəndəlik baxırdı. Beləliklə, sırf iqtisadi zəmində kəskinləşən Erməni məsələsi "böyük dövlətlərin" - Rusiyanın və İngiltərənin faciəli müdaxiləsi nəticəsində daha da mürəkkəbləşdi. Rusiya ticarət-sənaye kapitalının Qara dənizi, Bosforu və Dardaneli zəbt etmək səyi "xristianları müsəlman Türkiyəsinin zülmündən xilas etmək uğrunda mübarizə" şüraları ilə pərdələnirdi. Milli-siyasi müqəddəratı müstəqil təyin etmək məqsədi ilə bu şüarlardan istifadə edəcəyinə ümid bəsləyən erməni burjuaziyasının əksəriyyəti nəinki özü Rusiya istiqamətini götürdü, üstəlik, Türkiyə Ermənistanı erməniləri arasında həmin istiqamətdə təşviqat aparmağa başladı. Bu mövqe Türkiyə hökumətinin erməni burjuaziyasına münasibətini kəskin şəkildə dəyişdi, halbuki 1877-ci il müharibəsinədək hökumət erməni burjuaziyasını nəinki təqib eləmirdi, əksinə, hətta adlı-sanlı ermənilərin böyük dövlət vəzifələri tutmalarına şərait yaradırdı. Türkiyə ilə sülh şərtlərinin müzakirəsi zamanı Rusiya ermənilərinin Qafqaz canişini böyük knyaz Mixail Nikolayeviçə məktub göndərməsi və patriarx Nerses başda olmaqla Türkiyə ermənilərinin rəsmi müraciət etməsi - onların Rusiyadan kömək istəməsi bu münasibətləri daha da kəskinləşdirdi. Rusiya həmin müraciətdən istifadə edərək San-Stefaniya ilkin sülh müqaviləsinə 16-cı paraqraf saldı. Bu paraqrafa görə Türkiyə erməni vilayətlərində dərhal lazımi islahatlar keçirməli idi, həmin iş görülənədək rus qoşunları Asiya Türkiyəsində işğal etdikləri torpaqları öz əllərində saxlamaqda davam edirdilər. * * * Çar Rusiyasının "özlərini onun himayədarlığına vermiş ermənilərin yaşadığı dağlıq ərazilərə möhkəm qədəm basmaq" cəhdi Yaxın Şərqdəki əsas rəqibi - İngiltərə tərəfindən qətiyyətlə dəf edildi. Berlin Konqresində İngiltərə göstərilən 16-cı paraqrafın yeni maddə ilə əvəz edilməsinə nail oldu. Bu maddə Türkiyə hökumətinin erməni əyalətlərində lazımi islahatlar keçirməyə borclu olduğunu təsdiq edirdi, lakin həmin islahatların keçirilməsi üzərində nəzarəti təklikdə Rusiyaya yox, Berlin Konqresinin iştirakçısı olan altı böyük dövlətdən ibarət "birliyə" verirdi. Berlin Konqresinin qərarları erməni burjuaziyasının rəhbər dairələrində milli erməni dövlətinin yaradılması uğrunda mübarizədə kömək göstəriləcəyinə ümid doğurdu - həm də təkcə Rusiya tərəfindən deyil, bütün böyük dövlətlər tərəfindən. Bu xam xəyal ermənilərə "dənizdən dənizədək" "Böyük Ermənistan" boyun olmuş İngiltərə diplomatiyası tərəfindən möhkəm qızışdırılırdı. Lakin istiqamətin dəyişməsi ermənilərin ancaq tam təcrid edilməsi ilə nəticələndi. Onlar Rusiyadan özləri imtina etmişdilər. İngiltərəyə həmin mərhələdə yalnız o lazım idi ki, Rusiyaya özünün Yaxın Şərq siyasətində ermənilərdən istifadə etməyə imkan verməsin. İngiltərənin Türkiyədəki öz siyasətində isə bu zaman ermənilər lazım deyildi. Həmin siyasətin növbəti vəzifələrini Türkiyə ilə gizli müqavilə həll etmişdi. Müqaviləyə əsasən İngiltərə Türkiyəni Rusiyadan qorumaq öhdəliyi müqabilində Kipr adasını aldı. Böyük dövlətlərdən kömək almaq üçün ümidini itirən erməni burjuaziyasi silahlı mübarizəyə keçdi. Rusiya Zaqafqaziyasında məskən salan millətçi Qnçak və Daşnaksütyun partiyaları yaradıldı və onlar Türkiyəyə təbliğatçılar və təşviqatçılar göndərdilər, üsyançı dəstələr təşkil etdilər. Bu dəstələrin çıxışlarından məqsəd real döyüş qələbələri deyildi. Daha çox böyük dövlətlərin diqqətini Ermənistan hadisələrinə cəlb etməyə çalışırdılar ki, onlar müdaxiləyə və Berlin traktatının 61-ci maddəsində göstərilən öhdəlikləri yerinə yetirməyə cəlb olunsunlar. Türkiyə də, Qərbi Avropa dövlətləri də həmin maddəni eyni dərəcədə unutmuşdular. Göstərilən partiyaların xaricdəki komitələri Qərbi Avropada bu istiqamətdə güclü iş aparırdılar. 1890-cı illərin axırlarına yaxın Qnçaq meydandan çıxdı və ermənilərin yeganə rəhbər siyasi təşkilatı Daşnaksutyun oldu. Təbiidir ki, üsyan mübarizəsi yerlərdə vəziyyəti daha da kəskinləşdirdi. Misiri işğal edəndən sonra ingilislərin Nil vadisinin işğalını leqallaşdırmaq haqqında Sultan Əbdülhəmidlə müqavilə bağlamaq niyyəti boşa çıxan İngiltərə erməniləri "yadına saldı" və onlardan Sultanı hədələmək üçün istifadə etməyə cəhd göstərdi.
Süleyman Ardı var
|