Fransa Senatının qərarı, Türkiyənin səssizliyi və Ankaranı gözləyən növbəti təhlükələr
Türkiyənin Avropalaşması bu ölkəyə yaxşı heç bə vəd etmir
Fransa Senatının qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı cinayət məsuliyyətini nəzərədə tutan qanunu qəbul etməsi bu günlərdə Azərbaycan gündəmində ən çox müzakirə edilən məslələrdən biri də desək yanılmarıq. Sadə vətəndaşından tutmuş rəsmi şəxslərinə qədər bütün Azərbaycan elitası Fransa Senatının bu addımını qətiyyətlə pisləyir və bu qərara öz kəskin reaksiyasını ifadə edir. Azərbaycanın hamılıqla dar gündə qardaş Türkiyəyə göstərdiyi dəstəyin təcəssümü sayıla biləcək bu addımın bundan sonra da davam edəcəyi, rəsmi Bakı tərəfindən Fransaya qarşı daha sərt addımların atılacağı da istisna edilmir. Əslində Azərbaycandan bundan başqa adım gözləmək, Bakının Ankaraya qardaş yardımı göstərmədiyini iddia etməyin özü qeyri-mümkün və absurddur. Baxmayaraq ki, Türkiyədə bəziləri bu cür düşünür. Elə bir neçə gün öncə Türkiyənin “Yeni Şəfəq” qəzeti, eləcə də digər bu tipli mətbu orqanlarında dərc edilən məqalələrə nəzər yetirdikdə bunu aydın görmək olar. Həmin yazılarda iddia edilirdi ki, guya Azərbaycan hakimiyyəti qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəzanı nəzərədə tutan qanun təklifinin hələ Baş Assambleyada müzakirəyə çıxarılması zamanı bu məsələyə səthi yanaşmış, öz etirazını bildirməmişdi. Halbuki istər bədnam qanun təklifi Baş Assambleyada müzakirə ediləndə, istərsə də Senata göndəriləndə Türkiyəyə ilk dəstəyi məhz Azərbaycan verdi. Təkcə Azərbaycan diaspor təşkilatlarının Fransa Senatı və bu ölkənin prezidentinə ünvanladığı etiraz məktublarının sayına nəzər yetirsək görərik ki, bu müddət ərzində xaricdə yaşayan azərbaycanlılar tərəfindən rəsmi Parisə etiraz xarakterli yüzlərlə müraciət ünvanlanıb. Hətta bir neçə soydaşlarımız həmin dövlətlərdə fəaliyyət göstərən Fransa səfirlikləri qarşısında etiraz aksiyaları keçirib, Fransanın bu addımını qətiyyətlə pisləyiblər. Qeyri-rəsmi məlumatlara görə, qanun təklifinin Baş Assambleyada müzakirəyə çıxarılmasından sənədin Senatda qəbulu gününə qədər bu ölkəyə türk diaspor təşkilatlarından daha çox Azərbaycan diaspor təşkilatları etiraz məktubları, bəyanatlar göndəriblər. Anoloji fəallıq Azərbaycanın daxilində də müşahidə edilib. Azərbaycanın hakimiyyət nümayəndələri bu müddət ərzində öz açıqlamalarında Fransa dövlətinin bu addımını pisləyib, sözügedən qanunun qəbulunun təkcə Türkiyə-Fransa deyil, eləcə də Azərbaycan-Fransa münasibətlərinə mənfi təsir göstərəcəyini vurğulayıblar. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da öz etiraz bəyanatlarını Parisə göndəriblər. Ən əsası isə bu müddət ərzində Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirlyinin binası əsl aksiya meydanına çevrilib. Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri demək olar ki, hər gün Fansanın Bakıdakı diplomatik nümayəndəliyi qarşısında toplanaraq bu ölkə Senatının məlum qərarına etirazlarını nümayiş etdirirlər. Sözügedən sənədin Baş Assambleyada müzakirə edildiyi gündən başlanan aksiyalar bu günün özündə də davam edir. Ancaq Türkiyəyə nəzər salsaq görərik ki, bu ölkədə bir türk vətəndaşı belə Fransa Senatının məlum qərarına etiraz əlaməti olaraq küçələrə çıxmadı, öz etiraz səsini ucaltmadı. Bakıda Azərbaycan vətəndaşları Fransa səfirliyi qarşısında aksiya keçirdiyi bir vaxtda isə Türkiyədə on minlərlə erməni və onlara dəstək verən minlərlə türk Hrant Dinkin qatillərinə arzu etdikləri cəzanın verilməməsinə etiraz əlaməti olaraq “həöiçiz erməniyiz” şüarları ilə İstanbul küçələrinə çıxmışdı. Hətta qardaş ölkədə kifayət qədər tanınmış türk sənətçiləri də erməni Hrant Dinklə bağlı keçirilən aksiyaya qatılmışdı. Bu gün isə nə erməni mitinqində iştirak edən türk vətəndaşı, nə də bu ölkənin sənətçisi Fransaya qarşı anoloji addım atmaq barədə düşünmür, öz haqq səsini ucaltmır. Elə Türkiyədə yaşayan, bu ölkənin çörəyini yeyən ermənilər də Fransaya qarşı münasibətdə səssizlik nümayiş etdirir, “həpimiz türküz” şürları səsləndirmirlər.. Halbuki bir neçə gün öncə bir erməninin taleyi ilə bağlı keçirilən aksiyada onlara minlərlə türk dəstək vermişdi. Fransa Senatının qəbul etdiyi qanun isə bir deyil, minlərlə, on minlərlə, milyonlarla insanın taleyini təhlükə altına alır. Bütün bu baş verən olayların fonunda Türkiyə rəsmiləri, bu ölkənin kütləvi informasiya vasitələri, televiziya kanalları, yazılı və elektron medianın (Təbii ki, bu sıraya bütün Türkiyə mətbuatını şamil etmək doğru olmaz) məsələyə yanaşması isə bir qədər təssüf doğurur. Belə ki, Fransa Senatı bədnam qanunu qəbul edən ərəfədə Türkiyə siyasi elitasında rəsmi Parisə qarşı hansısa adekvat addımların atılması müzakirə edilməli olduğu halda, yenə də gündəmi hakimiyyət-müxalifət çəkişməsi məşğul edirdi. Senatda qanun qəbul edilərkən qrup toplantısı keçirən Ədalət və İnkişaf Partiyasının sədri, baş nazir Rəcəb Tayyib Ərdoğan acı da olsa əsas diqqəti Fransa deyil, ana müxalifət yönəltmiş, çıxışını Cümhuriyyət Xalq və Milliyətçi Hərəkat Partiyasını tənqdi etmək üzərində qurmuşdu. Anoloji proses müxalifət düşərgəsində də cərəyan edirdi. Ana müxalifət partiyalarının da toplantılarında Fransa yaddan çıxmış, diqqət hakimiyyəti tənqid etməyə yönəlmişdi. Təssəüflər olsun ki, türk kütləvi informasiya vasitələri eyni mövqeni nümayiş etdirir, hətta bəzi televiziya kanalları türk xalqının Fransaya etiraz əlaməti olaraq küçələrə çıxmamasını Türkiyə tarixində ilk doğru davranış kimi səciyyələndirirdi. Zaman-zaman erməni təssübkeşliyi ilə diqqət çəkən “Kanal-D”-nın əməkdaşı Məhəmmədəli Birand türk xalqının küçələrə çıxıb Fransaya qarşı etiraz aksiyası keçirməməsini acı da olsa Ankaranın Avropaya yaxınlaşması kimi dəyərləndirib. Məşhur teleaparıcı qeyd edib ki, Türkiyə tarixində ilk dəfə özünü bir Avropa dövləti kimi nümayiş etdirərək baş verənlərə kəskin reaksiya bildirmədi, küçələrə çıxmadı. Maraqlıdır bu proses digər Avropa ölkələrinə də yayılsa və ayrı-ayrı Avropa dövlətlərinin parlamentləri də Fransa Senatına uyğun qərarları qəbul etsə, o halda da Türkiyə səssizsilük nümayiş etdirəcək və baş verən haqsızlıqlara etirazını bildirməyəcək? Nəzər almaq lazımdır ki, sonrakı mərhələlərdə ermənilər qondarma “erməni soyqırımı”na görə Türkiyədən təzminat tələb etməyi düşünürlər və 2015-ci ilə qədər qarşıya qoyulan ali məqsəd budur. Türklərin bəzi teleaparıcıların dili ilə desək özünü tariximdə ilk dəfə olaraq Avropa dövləti kimi aparması və proseslərə soyuqqanlı yanaşması qısa müddət sonra qardaş ölkənin ermənilərə tarixdə baş verməyən bir olaya görə təzmint ödəməsinə aparıb çıxarır. Deməli, türklər öz səssizlikləri ilə erməni dəyirmanına su tökmüş olur və baş tarixdə baş verməyən “soyqırımı” acı da olsa etiraf edirlər. Bu isə Türkiyədə türkçülük, millətçiliyin deqradasiyaya uğradağından xəbər verir. Daha dəqiq desək Qərb Türkiyədə milli düşüncə, milli kimliyi məhv etməyi qarşıya məqsəd qoyub. Təssüflər olsun ki, qardaş ölkənin bir sıra siyasi və ictimai dairələri də Qərbin bu planlarının icraçısına çevrilib. Göründüyü kimi, Türkiyənin bir çoxlarının qeyd etdiyi kimi sürətlə avropalaşması, bu ölkədə türkçülük, millətçilik əhval-ruhiyyəsinin sıradan çıxmasına yol açır ki, bu da qardaş ölkə üçün yaxşı heç nə vəd etmir.
Süleyman İsmayılbəyli
Xəbər Məlumatları
Rəy Bildir
Rəylər
Xəbər Başlığı :
Fransa Senatının qərarı, Türkiyənin səssizliyi və Ankaranı gözləyən növbəti təhlükələr
Yazılma Tarixi :
27.01.2012
Xəbər Etiketləri :
Fransa Senatının qərarı, Türkiyənin səssizliyi və Ankaranı gözləyən növbəti təhlükələr
Oxunma Sayı :
110
Rəy bildirilməyib
Bənzər Xəbərlər
İctimai Palata daxilində rəqabət artır
İran beynəlxalq təhlükəsizliyə meydan oxuyur
“İran ətrafında gedən proseslər Ermənistanın içinə işləyir”
Müsavatın qurultayı niyə ertələndi?
Vasitəçilərin dəyişdirilməsi Qarabağ probleminin həllinə necə təsir göstərə bilər?