Polis rəisi və müavini Rübabil Əliyevi xüsusi amansızlıqla döyüb
Gəncə polisində vətəndaş xüsusi amansızlıqla döyülüb. Bu barədə "OLAYLAR"a Gəncədən Bakıya qaçıb gəlmiş Dilquşə Əliyeva məlumat verib. Qadın Gəncə şəhər Nizami polis şöbəsində oğlunun xüsusi amansızlıqla döyüldüyünü bildirir. Dilquşə Əliyeva deyib ki, polis şöbəsində oğlu onun gözü qarşısında şöbə rəisi və müavini tərəfindən vəhşicəsinə döyülüb: "Oğlumla birlikdə Gəncə şəhəri, Nizami rayonunda yaşayıram. Oğlum bir müddət əvvəl oğurluqda təqsirləndirilərək saxlanılıb və Nizami rayon polis şöbəsinə gətirilib. Oğluma polis şöbəsinin rəisi Ağahüseyn Məmmədov və onun müavini Sulduz Məmmədov amansız işgəncələr veriblər. Oğlumu gözümün qarşısında vəhşicəsinə döydülər, işgəncələrə məruz qoydular. Sulduz Məmmədov və polis rəisi Ağahüseyn oğluma gözlərim önündə xüsusi amansızlıqla işgəncələr verərək başqa oğurluqları da boynuna almasını tələb edirdilər. Gəncədə nə qədər oğurluq hadisəsi olubsa və bu vaxta qədər üstü açılmayıbsa, hamısını mənim oğlumun üzərinə atmaq istəyirdilər. Oğlum Rübabil Əliyevin həmin hadisələrin heç birindən xəbəri olmayıb. Lakin Sulduz Məmmədov və polis rəisi Ağahüseyn Məmmədov oğluma mənim gözlərimin qarşısında amansız işgəncələr verirdilər ki, həmin hadisələri boynuna alsın. Oğlumu bir neçə dəfə özündən gedənə qədər döyüblər. Sonda isə həmin hadisələri onun boynuna qoyub işi yekunlaşdırıb Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndəriblər. Hazırda iş məhkəmədədir". Dilquşə Əliyeva ona qarşı da polis tərəfindən işgəncə olunacağından ehtiyatlanaraq Bakıya gəlib. Qeyd edək ki, Gəncə şəhər Nizami rayon polis şöbəsinin rəisi Ağahüseyn Məmmədov və onun müavini Sulduz Məmmədovun vətəndaşlara işgəncə verməsi barədə mətbuatda dəfələrlə yazılıb. Ötən il Gəncə şəhər Nizami rayon polis şöbəsində Sulduz Məmmədovun Gəncədə yaşayan məcburi köçkün, 3 uşaq anası və hamilə qadını polis şöbəsində amansız işgəncələrə məruz qoyması ilə bağlı məlumat yayılmışdı. İşgəncə nəticəsində hamilə qadının uşağı tələf olmuşdu. Zərərçəkən tərəf məsələ ilə bağlı mətbuata məlumat verəndən sonra qadın polisdən buraxılmışdı.
|