Üzeyir Cəfərov: "Və ictimaiyyətə çatdıra bilmir"
Sentyabrın 3-də "Hərbi Jurnalistlər" İctimai Birliyi "Jurnalistlərin hərbi sahədə bilik və bacarıqlarının artırılması" layihəsinin icrasına başlaması ilə bağlı mətbuat konfransı keçirdi. Tədbiri giriş sözü ilə açan təşkilat rəhbəri Üzeyir Cəfərov bildirdi ki, layihənin məqsədi hərbi sahədə yazan jurnalistlərin güc strukturları ilə əməkdaşlığını yaxşılaşdırmaq, tərəflər arasında münasibətləri genişləndirmək və jurnalistlərin informasiya əldə etmək bacarıqlarının artırılmasına yardım etməkdir. Azərbaycanda hərbi sahədə yazan jurnalistlərin güc strukturlarından vaxtında informasiya almaq probleminin mövcudluğunu deyən Üzeyir Cəfərov qeyd edib ki, bu problem jurnalistlərin işinə maneçilik törədir: "Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda baş verən hadisələr cəmiyyətin maraq dairəsindədir. Bu sahədə gedən proseslər barədə ictimaiyyət operativ məlumatlandırılmalıdır. Amma bu gün Azərbaycanda hərbi jurnalistlər həmin hadisələr barədə informasiya ala bilmir. Nəticədə cəmiyyət gecikmiş informasiyalarla təmin edilir. Bu məsələdə günahkar jurnalistlər deyil. İnformasiyaları güc strukturundan vaxtında ala bilməyən jurnalist həmin məlumatı ictimaiyyətə də vaxtında çatdıra bilmir". Güc strukturunda bu sahəyə cavabdeh olan şəxslərin jurnalistlərlə işini lazımi səviyyədə qura bilmədiyini deyən Üzeyir Cəfərov bildirib ki, həmin şəxslər işlərində dönüş yaradacaqları təqdirdə bu problem aradan qalxar. İnformasiyanı verən şəxs işinə məsuliyyətlə yanaşsa, jurnalist də pis vəziyyətdə qalmaz və vaxtında dolğun informasiyanı cəmiyyətə çatdırar. Təşkilat rəhbəri bildirdi ki, güc strukturları tərəfindən lazımi informasiyalar vaxtında jurnalistlərə çatdırılmadığından cəmiyyətdə bu sahədə informasiya qıtlığı yaranır: "Nəinki bölgələrdə, hətta Bakıda cəmiyyətdə məlumatsızlıq yaranıb. Hazırki vaxtda cəmiyyətin əksəriyyəti Silahlı Qüvvələrin Baş Qərargah rəisini tanımır. Bununla bağlı 50 nəfər arasında sorğu keçirilsə, həmin şəxslərin 45 nəfəri bu vəzifəni daşıyan şəxsin adını bilməyəcək. Müharibə şəraitində yaşayan Azərbaycanda belə bir fakt biabırçılıqdı". Üzeyir Cəfərov qeyd etdi ki, bu problemləri aradan qaldırmaq üçün cəmiyyətdə marifləndirmə aparmaq vacibdir. Tədbirdə çıxış edən "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri Yaşar Cəfərli isə bildirdi ki, hərbi sahədə informasiya almaq üçün jurnalistlər də çalışmalıdır. Azərbaycanda hərbi jurnalistika institutunun olmadığını deyən Yaşar Cəfərli qeyd etdi ki, Azərbaycan kimi bir ölkədə belə bir institutun olmamasını normal qəbul etmək olar. Amma güc strukturları belə bir institutun olmasına maraq göstərməlidir. Həmin strukturlar hərbi sahədə yazan jurnalistlərlə işləməyi bacarmalı, onlarla əməkdaşlığa meylli olmalıdır. Belə olan halda jurnalistlə güc strukturu arasında normal münasibət yaranar və informasiya almaq problemi aradan qalxar.
Samir
|