Sakit Allahverdiyev: "Partiyanın da, qəzetin də büdcəsini oğurlayıblar"
Azərbaycanın ənənəvi müxalifət liderləri siyasi dayaqlarını itirmək üzrədirlər. Sosial bazasını itirmiş müxalifətə daha bir zərbə xaricdəki maliyyə mənbələrindən gəlib. Adı zaman-zaman müxalifətlə iş birliyində hallandırılan Rusiyada yaşayan azərbaycanlı iş adamı Sakit Allahverdiyev müxalifət liderlərinin ifşa edən bəyanatla çıxış edib. Qeyd edək ki, Sakit Allahverdiyev sonuncu parlament seçkilərində AXCP-ni dəstəkləyirdi. Buna qarşılıq olaraq AXCP Sakit Allahverdiyevin qardaşı oğlunun namizədliyini müdafiə edirdi. AXCP bir güllə ilə iki quş vurmaq taktikasına üstünlük verərək həm Sakit Allahverdiyevin namizədini dəstəkləyir, həm də Anar Allahverdiyevi "klassiklər"in namizədi Zəlimxan Məmmədliyə qarşı qoyurdu. O zaman belə bir məlumat vardı ki, Sakit Allahverdiyev bu iş üçün AXCP-yə 50 min dollar ödəyib. Sonrakı vaxtlarda da Sakit Allahverdiyevin həm AXCP-yə, həm də bu partiyanın qəzetlərinə böyük məbləğdə yardımlar etdiyi söylənilirdi. Maraqlıdır ki, o zaman S.Allahverdiyev bu məlumatları təkzib edir, müxalifəti təmizə çıxarırdı. Bu gün isə Rusiyada yaşayan iş adamı fərqli düşünür və danışır. Mətbuata açıqlamasında iş adamı ayrı-ayrı vaxtlarda müxalifətə ayırdığı maliyyə yardımlarının təyinatı üzrə xərclənmədiyini, talandığını bildirib. "AXCP üzvləri və fəalları ilə mütəmadi təmaslarım nəticəsində mənə bəlli oldu ki, AXCP-də tam diktaturadır, burada demokratiyadan danışmağın yeri yoxdur" fikrinə gələn S.Allahverdiyev qeyd edir ki, 2005-ci ildə AXCP rəhbərliyinə "Azadlıq" qəzetinə ayırmaq üçün böyük məbləğdə pul verib, lakin sonradan öyrənib ki, o pullar qəzetə çatmayıb. "Mənə deyirdilər ki, qəzetin vəziyyəti ağırdır, əməkdaşlara maaş verə bilmir, mətbəə borcu var, və s. Mən də ona görə qəzetə maliyyə yardımı etdim ki, qəzet borclarını ödəsin, işçilərinə maaş versin. mənə məlumat verildi ki, bu pullar son qəpiyinəcən mənimsənilib" deyən iş adamının ənənəvi müxalifətlə işbirliyinə getdiyi üçün peşman olduğu bəlli olur. 2001-2005-ci il ilə "Azadlıq" qəzetinin nəşriyyata olan borcunu ödəmək üçün AXCP rəhbərliyinə külli miqdarda pul verdiyini deyən S.Allahverdiyev aldadıldığını bildirir: "Mən o pulu AXCP rəhbərliyinə şəxsi problemlərini həll etmək üçün verməmişdim. Vermişdim ki, qəzet nəşriyyata olan borcunu ödəsin. Qəzet əməkdaşları etiraf edir ki, 2005-ci ildə onlara heç bir yardım daxil olmayıb". Qəzetə ayrılan pulların müxalifət liderləri tərəfindən mənimsənilməsi Rusiyada yaşayan həmyerlimizə pis təsir edib. S.Allahverdiyevin açıqlaması onun bir vaxtlar ənənəvi müxalifət liderlərinə necə inandığını, indi isə xəyal qırıqlığın uğradığını göstərir. O, ənənəvi müxalifət liderlərini "əliəyri", "oğru" adlandırır. "Belə adamların müxalifət partiyasının sədri olmağa nə mənəvi, nə də siyasi haqqı çatır. Partiyanın, qəzetin büdcəsini oğurlayanlar büdcə oğrularıdırlar". Göründüyü kimi S.Allahverdiyev ənənəvi müxalifət liderlərinin iç üzünü açıb. Onun açıqlamasından sonra müxalifətə ümid bəsləyən digər iş adamlarının da kənara çəkiləcəyi gözləniləndir.
Aslan
|