Xanbəyi Zamanovu yandıranların işinə İlqar Murquzov baxacaq
Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Emin Zamanovun Balaxanıda qətlə yetirilən atası, iş adamı Xanbəyi Zamanovun qatillərinin cinayət işinin hakiminin dəyişdirilməsi ilə bağlı vəsadətə baxılıb. "OLAYLAR"ın məlumatına görə, Emin Zamanovun vəsadəti təmin edilib və iş üzrə hakim dəyişdirilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə iş Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Ələkbər Quliyevdən alınıb və hakim İlqar Murquzovun icratına verilib. Qeyd edək ki, Xanbəyi Zamanovun qətlə yetirilməsilə bağlı cinayət işinin məhkəmə prosesinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Ələkbər Quliyev sədrlik edib. Zərərçəkmişlər hakimin obyektivliyinə şübhə ilə yanaşıb işin başqa hakimə verilməsi barədə apellyasiya şikayəti verib. Xatırladaq ki, həmçinin hakim Ələkbər Quliyevin fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən qeyri-məqbul hesab edilib və onun səlahiyyətlərinə xitam verilib. Xanbəyi Zamanov 2009-cu il oktyabrın 29-da Balaxanı qəsəbəsindəki zibillikdə qətlə yetirilərək avtomobili ilə birlikdə yandırılmışdı. Mərhumu öz donuzçuluq fabrikində işləyən Nemət Abdullayev və Samirə Əzimova iş adamı Şakir Hüseynovun sifarişi ilə qətlə yetirmişdi.
|