Hüquq mühafizə orqanları fırıldaqçıların himayədarı rolunda
Dünyada mövcud olan sosial, iqtisadi və siyasi problemlər Azərbaycandan da yan keçməyib. Xüsusən, dövlətlər arasında baş verən inteqrasiya əmək bazarına münasibətdə özünü büruzə verir. Artıq müasir dünyada dövlət sərhədlərinin aşmaq elə bir problem yaratmadığından yaxşı əmək şəraiti və şərtləri ilə iş axtarmaq arzusunda olan insanlar sənaye cəhətdən inkişaf etmiş ölkələrə üz tuturlar. Əsasən keçid dövründə olan ölkələrdə miqrant işçilərin sayı artıq olur ki, inkişaf etmiş ölkələrin əmək resurslarına olan tələbat məhz onların hesabına təmin olunur. Aydındır ki, bu zaman işaxtaranlar qarşısında ağır şərtlər qoyulur ki, bu da insan hüquqları baxımından qəbul edilməzdir. Az əmək haqqı ödəməklə birbaşa insanların əməyinin istismarı baş verir ki, hüquqi baxımdan onun qarşısını almaq asan başa gəlmir. Məhz belə faktları əsas götürən Azərbaycan dövləti məşğulluq siyasətinin gücləndirilməsi, əhalinin bu sahədəki problemlərinin həlli və məşğulluq işinin daha da səmərəli təşkil edilməsini qarşıya başlıca prinsip kimi qoyub. Milli əmək resurslarından maksimum istifadə olunmasına çalışan dövlət buna nail olunması üçün yeni iş yerlərinin açılması, əmək bazarının müasir sosial-iqtisadi inkişaf tələblərinə uyğunlaşdırılmasına önəm verir. Ancaq etiraf edilməlidir ki, insanların daha yaxşı iş şəraiti və yüksək əmək haqqı istəyi bütövlüklə işsizlik problemini həll etməyə imkan vermir. Ona görə, təkcə dövlət tədbirləri ilə sözügedən məsələnin aradan qaldırılması qeyri-mümkündür. Bu səbəbdən özəl məşğulluq mərkəzlərinin fəaliyyətinə ehtiyac duyulur ki, insanların iş problemlərinin həllində yardımçı olsunlur. Ancaq belə fəaliyyət növü ilə məşğul olan qurumlar doğrudanmı insanların əmək problemlərinin həllinə önəm verirlərğ
Fırıldaqçıların işə cəlbetmə metodları
Təcrübə göstərir ki, özəl məşğulluq mərkəzlərinin əksəriyyəti insanları aldatmaqla böyük gəlir əldə etmək istəyindədirlər. Daha doğrusu bu istiqamətdə fəaliyyətlərini qurublar. Belə fəaliyyət isə müxtəlif üsullarla həyata keçirilir. Nəticədə insanların əməyi istismar olunur, məcburi əməyə cəlb olunur və insan alverinin qurbanına çevrilirlər. Belə hallar daha çox qadınlara qarşı baş verir ki, bu problem də artıq cəmiyyəti narahat etməkdədir. Xüsusi metodlarla işlərini quran özəl məşğulluq mərkəzlərinin fəaliyyəti nəticəsində belə faktlara tez-tez rast gəlinir. Məlumata görə, bir sıra özəl məşğulluq xidmətləri böyük miqdarda gəlir əldə etmək məqsədilə insanların məcburi əmək və insan alverinə cəlb olunması kimi cinayətlərə əl atırlar. Öz faliyyətlərini ictimaiyyət arasıda reklam və elanların verilməsi ilə təşkil edən belə qurumlar yüksək səviyyəli məlumat və elan materialları hazırlayır, mövcud xidmətlər barədə geniş məlumatlar yayırlar. Eyni zamanda, şəxsi əlaqə və şəbəkələrin yaradılmasına böyük önəm verilir. Mətbuatda isə verilən elanlar insanların "tora salınması"nda xüsusi rol oynayır. İşaxtaranlarla əlaqə qurmaq üçün öz adamlarından istifadə özəl məşğulluq xidmətləri üçün sınanılmış metod hesab olunur. Belə ki, həmin şəxslər adətən metronun giriş və çıxışı kimi əhalinin geniş toplandığı ictimai yerlərdə şirkətin xidmətini reklam edir. Lakin heç bir halda fəaliyyəti barədə rəsmi məlumat təqdim etmir. Sadəcə telefon nömrələrini və ünvanı paylayan gənc oğlan və qızlar bütün məlumatın yalnız göstərilən ünvandan almağın mümkünlüyünü bildirirlər. Göstərilən ünvana getdikdə isə min cür fırıldaqla işaxtaranın cibinə "girirlər". Əvvəlcədən 10-20 manat pul ödəyən vətəndaş bir həftəlik treninqə cəlb edilir, sonra onlardan 300-1000 manat ödəmək tələb olunur ki, özünə iş qura bilsin. Tələb olunan vəsaiti ödəyənlər isə illərlə iş axtarışında olurlar. Vətəndaşlarla digər əlaqə qurmaq metodu internetdir ki, hazırda bu metoddan geniş istifadə edilir. Özəl məşğulluq xidmətləri adətən " Qadın və qızların nəzərinə! Əgər sizə yüksək əmək haqqı və digər şərtlərlə iş və ya evlilik təklif edirlərsə, bizimlə əlaqə saxlayın", " Birləşmiş Ərəb Əmirliyində ofis işində işləmək üçün iki gənc qız tələb olunur", "İdeal" salonu masaj xidmətlərini həyata keçirmək üçün 30 yaşdan aşağı qadınları işə dəvət edir. Masaj xidməti olmayanlar xüsusi təlimlərdə iştirak edəcəklər" kimi elanlarla qadınları cəlb edirlər. Belə üsullarla əlaqə quran özəl məşğulluq xidmətləri daha çox qadınlarla işləməyə üstünlük verirlər. Onları xarici ölkələrdə yüksək əmək haqqı və iş şəraiti vəd edərək insan alverinin qurbanına çevirirlər. Əsasən ofis işi, menecer, referent və otel xidmətləri kimi işlər təklif edilən qadınlar aldadılaraq müxtəlif üsullarla xarici ölkələrə göndərilir. Yeri gəlmişkən qeyd edək ki, özəl məşğulluq xidmətləri lisenziyasız fəaliyyət növünə aid edilsə də, xarici ölkələrə işçi göndərmək üçün xüsusi lisenziya tələb olunur. Ölkədə fəaliyyət göstərən özəl məşğulluq xidmətlərinin isə əksəriyyətinin belə lisenziyası yoxdur. Vasitəçilik missiyasını yerinə yetirməli olan belə qurumlar əslində insan alverinə şərait yaratmış olurlar. Xaricə göndərilən qadınlar isə məcburi qaydada cinsi istismara məruz qalırlar. Bundan yaxa qurtarmaq isə heç də asan başa gəlmir. Çünki həmin insanlarla qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmır, əksər hallarda isə onların sənədləri əllərindən alınır. Belə halda insan alverinin qurbanı heç bir hüquqi addım atmaq və ya fərdi qaydada qaçıb canını qurtarmaq iqtidarında olmur. Bununla yanaşı, açıq-aşkar qanun pozuntusunun mühşahidə olunduğu faktlar var ki, hüquq mühafizə orqanları əməli tədbir görmək əvəzinə, onların himayədarları rolunda çıxış edirlər. Məsələn, ölkə vətəndaşları arasında fırıldaqçı şirkət kimi tanınan "QuesNet"-in qanunsuz fəaliyyəti barədə kifayət qədər faktlar olmasına baxmayaraq, şirkətin rəhbərliyi barədə lazımi ölçü götürülməyib. Yaxud, Masallı rayonunda fırıldaqçı iş adamı ilə bank "işbirliyinə" girərək yüzlərlə vətəndaşı aldadır, polis "iş adamı"nın ölkədə olmadığını əsas gətirərək cinayət işi qaldırmır, fırıldaqçı bang barədə isə heç bir tədbir görülmür. Məlumat üçün bildirək ki, belə fırıldaqçılıqla məşğul olan şirkətlər kifayət qədərdir, onların adı və ünvanını müəyyən etmək elə də problem deyil.
Pul ödəyən işaxtaranlar yenə də iş axtara-axtara qalırlar
Bakı sakini Nazim Məmmədov özəl məşğulluq agentliyinə müraciət etməsindən xeyli müddət keçməsinə baxmayaraq, hələ də işə düzələ bilməməsindən gileylənir: "Qəzetdən elanı oxuyub göstərilən telefon nömrəsi ilə əlaqə yaratdım: "İlk öncə agentliyin fəaliyyəti məndə xoş təəssürat yaratdı. Sonra isə onların fəaliyyətiə şübhəm oyandı. Mənə kompüter, ingilis dilləri kursu təklif etdilər. Həmin kursların hər biri iki ay davam edir və təxminən 200 manata başa gəlir. Kursu bitirdikdən sonra iş yeri tapmaq mümkün olmadı. Məndən kursların pulunu tələb etdikləri halda, mənim işə düzəlməyim barədə düşünmürlər". Məlumata görə, orta hesabla ölkədə fəaliyyət göstərən özəl məşğulluq xidmətlərinə gün ərzində 100-150-yə yaxın vətəndaş müraciət edir. Onların işədüzəltmə göstəricisi isə il ərzində cəmi bir neçə ədəd olur. Ekspertlərin fikrincə, özəl məşğulluq mərkəzlərinin təşkil etdikləri tədris və təlim kursları heç bir rəsmi dövlət orqanları tərəfindən təsdiq edilməyib. Belə ki, onların belə fəaliyyəti yalnız özlərinin əldə etdikləri proqramlar əsasında həyata keçirilir. Bu zaman həmin agentliklərin kursu bitirənlərə verdikləri şəhadətnaməni nə dərəcədə keçərli hesab etmək olarğ Qeyd edək ki. Təhsil Nazirliyi tərəfindən belə tədris kursları üçün hazırlanmış metodoloji proqramlar kifayət qədərdir. Ancaq nədənsə, özəl xidmət sahələri bu vəsaitdən istifadə etməkdə maraqlı görünmürlər. Məlumat üçün qeyd edək ki, insan alverinin qurbanları hüquq mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər. Çünki bəzi özəl məşğulluq xidmətləri vergi və digər ödəmələrdən yayınmaq məqsədilə gizli fəaliyyətə üstünlük verirlər. Əsasən metro keçidləri və insanların kütləvi hərəkət etdiyi digər yerlərdə fəaliyyət göstərən agentliklər işədüzəltmə bürolarının funksiyalarını yerinə yetirirlər. Mütəxəssislərin fikrincə, adətən belə agentliklərdə ixtisaslı kadrlar azlıq təşkiil edir, hətta elə özəl məşğulluq mərkəzləri var ki, cəmi 2-3 işçi ilə fəaliyyət göstərir. Buna baxmayaraq, həmin qurumların qeyri-qanuni hərəkətlərinin qarşısını almaq asan deyil. Nəzərə almaq lazımdır ki, insanların məcburi əməyə cəlb olunması və ya insan alverinin qurbanına çavrilməsi onların təhsilinin, dünyagörüşünün və iradəsinin zəif olması ucbatından baş verir. Bu tip ciinayətlərin subyektləri isə əsasən əhalinin aztəminatlı təbəqəsi və ailə problemi ilə üzləşən qadınlar, kimsəsiz uşaqlar olur. Odur ki, yalnız işədüzələnlərin hüquqi sənədlərin əllərində olması ilə insan alveri və məcburi əmək hallarının qarşısını almaq mümkün olmur. Digər tərəfdən, özəl məşğulluq agentliklərinin maliyyə fəaliyyətinin yoxlanması da belə halların aradan qaldırılmasına kömək etmir. Çünki qanunsuz fəaliyyəti ilə külli miqdarda qazanc əldə etmək istəyən belə qurumlar daim insanların kövrək vəziyyətindən istifadə edərək cinayət əməlləri törədirlər. Nəticə etibari ilə isə insan alveri və məcburi əmək kimi cinayətlərini birbaşa sübut etmək üçün sübut və dəlil əldə etmək çətin olur. İşəgötürənlər adətən cavan, gözəgəlimli qızlar axtarır və onların hər hansı bir iş təcrübəsinin olmasını şərt kimi irəli sürmürlər. Bununla razılaşan bar çox qadınlar isə insan alverinin qurbanına çevrilməli barədə heç də hüquq mühafizə orqanlarına müraciət etmirlər. Bununla da faktiki cinayət törətmiş işəgötürənlər barədə heç bir hüquqi ölçü götürmək mümkün olmur.
Alim
|