Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə Ali Məhkəmənin hökmünü saxtalaşdırmaqda təqsirləndirilən dəstə üzvlərinin şikayətinə baxılıb. "OLAYLAR"ın məlumatına görə, prosesdə şikayət araşdırılıb və təmin edilib. Hakim Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündə dəyişiklik edilməsi barədə qərar çıxarıb. Qərara görə, iş üzrə təqsirləndirilən Füzuli Orucovun cəzası 12 ildən 10 ilə, Kənan Şərifovun cəzası isə 9 ildən 7 ilə endirilib. İş üzrə təqsirləndirilən Kənan Qafarovun cəzası isə dəyişdirilmədən qüvvədə qalıb. Qeyd edək ki, dəstə üzvləri Ali Məhkəmənin qərarını saxtalaşdıraraq Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 8 il azadlıqdan məhrum edilən Türkiyə vətəndaşı Hasan Tarım Yakupun cəzasını 3 ilə endirmək barədə saxta qərara çıxarıb və həmin qərarı cəzaçəkmə müəssisəsinə göndərib. Bir müddətdən sonra aparılan araşdırmalar zamanı qərarın saxtalaşdırıldığı müəyyən edilib və sənədlər Baş Prokurorluğa göndərilib. Faktla bağlı cinayət işi başlanıb və qərarı saxtalaşdıran şəxslər həbs edilib.
|