Xalq artisti Zülfiyyə Xanbabayevanın Milli.Az xəbər portalına müsahibəsi. Xalq artisti Zülfiyyə Xanbabayeva yaradıcılıq işlərini bir kənara qoyub, bağ evində ailəsi ilə istirahət edir. Milli.Az xəbər portalına müsahibə verən müğənni söhbətinə mətbuat üçün çox zaman qapalı saxladığı arıqlamaq metodundan danışmaqla başladı:
- Əvvəla onu etiraf edim ki, son bir neçə ildə 10 kilo arıqlaya bilmişəm. Mənim üçün artıq çəki kompleks olsa da, bunu geyimlərimlə, xüsusi tərzimlə tənzimləməyə çalışıram. Amma arıqlama prosesi məndə həddindən artıq zəif gedir. İstədiyim kimi arıqlaya bilmirəm. Bu zaman ərzində çox narahat oluram. Qarşıdakı illərdə hələ 15 kilonu da atmaq istəyirəm. Çünki istədyim geyimləri geyinə bilmirəm. Əksər libaslarım eyni tərzdədir. Əsasən, pencəklə şalvar geyimlər geyinmək istəyirəm. Amma görünür bu, mənə indiki çəkidə yaraşmır. Qarderobumda rəngli paltarlarım çoxdur. Amma cəmiyyət arasına daha çox tünd rəgli paltarlarda çıxıram. Açıq rəngliləri geyinir və sonra çıxarıram.
- Arıqlamaq üçün bir çox üsullar var. Niyə pəhrizin üzərində daynamısınız?
- Həmin üsullardan istifadəyə ehtiyat edirəm. Fəsadlarından qorxuram. Hətta bir müddət üzgüçülüyə getmək istədim. Lakin həvəssiz olmağım buna mane oldu. Lakin Dənizdən bir neçə il qabaq hər gün demək olar ki, bir saat üzürdüm.
- Çəkinizi neçə kiloqrama qədər azaltmaq istəyirsiniz?
- Ən azı 50 kilo olmaq istəyərdim. Buna nail olub-olmayacağımı bilmirəm. Qadın çəkisindən asılı olmayaraq, «vulqarnı» görünməyə çalışmamalıdır. Mən hər şeyi əndazədən çıxaran qadınları sevmirəm.
- Sizi rəngli saçlarda görmək olmur. Buna həvəsiniz yoxdur, yoxsa rəngli saçı özünüzə yaraşdırmırsınız?
- Təbiiliyə üstünlük verirəm. Bir dəfə istədim ki, saç və dırnaq qoydurum. Baxdım ki, buna hövsələm çatmayacaq. Vaz keçdim. Saç ustasının qarşısında oturanda belə hövsələm daralır. Ən azı 10 dəfə qalxıb otururam. Kosmetikadan da demək olar ki, az istifadə edirəm. Evdə məni kosmetikada görmək mümkün deyil. Ancaq məclisə gedəndən-gedənə istifadə edirəm.
- Söhbətin əvvəlində yaradıcılıq işlərini bir kənara qoyduğunuzu dediniz. İşləməmək də kilo artımına səbəb olur.
- Yox, işlərimdən tamamilə uzaqlaşmamışam. Düzdür, bu həftələr hava həddindən artıq isti keçir. Bağdan kənara çıxmaq istəmirəm. Ailəmlə may ayından bağa köçmüşük və burada yaşayırıq. İstidən Bakıda qalmaq olmur. İştaham bəzən məndən yaxşı qidalanmaq tələb etsə də, ağzımı yumub, nəfsimə qalib gəlməyi bacarıram. Qızımla səmərəli vaxt keçirirəm. Artıq o, böyüyüb və yaxşı mənada məni təəccübləndirə bilir. Yaradıcılıq işlərinə gəlincə, qeyd edim ki, yaxın günlərdə yay klipini çəkmək istəyirəm. Diqqət yetirmisinizsə, mənim kliplərimdə tərəfmüqabili nadir hallarda çəkilib. Bu dəfəki klipdə nəinki bir, bir neçə tərəf müqabilinin olmasını düşünmüşük.
- Zülfiyyə Xanbabayeva niyə son aylar yaradıcılığını klip və mahnılarla tükəndirib.
- Böyük sükuta tezliklə son qoyulacaq. Üzü payız aylarında məndən misli görünməyən bir layihənin həllini görəcəksiniz.
- Ətraflı danışmaq istəmirsiniz?
- Yox. Çünki bu, mənim adət etdyiniz tərzimdir. Sentyabr-oktyabr aylarında geniş açıqlama verəcəm. Bu, layihə son illərin yaradıcılıq boşluğunu öz möhtəşəmliyi ilə dolduracaq. Eyni zamanda konsert verməyi düşünürəm. Bu barədə hələ ki, danışıqlar gedir.
- Həmişə ailədən söz düşəndə Dəniz haqqında danışırsınız. Bəs qaynana-baldız-gəlin münasibətlərində necəsiniz?
- Əslində mən qaynana, baldız söhbətini başa düşə bilmirəm. Mənim üçün qaynana ana, baldız bacıdır. Özümüzün də gəlnimiz var. Mən ona da bu cür yanaşıram. Qayınanam rəhmətə gedib. Qayınatam, baldızım var. Gediş-gəlişimiz yaxşıdır. Ümumiyyətlə, mən həmişə yaşlı insnalara həsəd aparmışam. Onların qoca yaşında olan sevgisinə həsədlə yanaşmışam. Özümü da gələcəkdə bu cür görmək istəyirəm.
- Ev işləri ilə məşğul olursunuz?
- Əlbəttə. Hərdən mətbəxə keçəndə qarşımda heç kim dayan bilmir. Anam iş görməyi bir o qədər xoşlamırdı. Amma bacım mətbəx, ev işlərində idealdır. Dəniz olandan sonra mən də bu cür olmuşam. Dənizin dayəsi olsa da, çalışıram boş vaxtlarımda onun qayğısı ilə özüm məşğul olum.
- Zülfiyyə xanım qonaqpərvərliyi sevir?
- Əslində, hər adamın evimə gəlməsini arzulamıram. Elə insanlar var ki, ondan çalışdığım qədər uzaq dururam.
- Sizə xoş gəlmyən nədir?
- Aurası. Yanında oturur və istər-istəməz mənfi enerji ötürməyə başlayır. Bunu hiss edirəm. Ona görə də, sevmədiyim insanı qonaq qəbul etmirəm və eyni zamanda tez-tez qonaq getməyi də sevmirəm.
- Bəs, ümumiyyətlə, həyatda görmək istəmədiyiniz insan var?
- Var. El insan var ki, onu görmək və onun haqqında eşitmək istəmirəm.
- Söhbət Faiq Ağayevdən gedir?
- …
Anam çox hökmlü qadın olub. Onun bu xasiyyəti mənə də keçib.
- Şou-biznesdən hər zaman giley edən Zülfiyyə xanım özünü bu mühitdə necə saxlaya bilir?
- Bunun üçün xüsusi reseptim yoxdur. Sadəcə, sözünü deyən uzun illərin sənətçisi kimi öz yerimi tutmuşam. Amma buna baxmayaraq adımdan istifadə etmək istəyənlər var. Bəzi sənətçilərin biri-biri ilə mübahisəsinə normal baxıram. Çünki onların biri-birinə bu günü, keçmişi ilə bağlı deməyə çoxlu sözləri var. Amma mənim haqqımda heç kim heç nə danışa bilməz. Kimsə adımı hallandıranda isə əsəbləşirəm. Axı onlar mənim haqqımda nə deyə bilərlər ki?..
|
|