2000-ci ildə AXCP-də də tez-tez dava-dalaş düşərdi
Müsavat Partiyası Məclisinin son sessiyası bu partiya haqqında verilən proqnozları təsdiqləyib. Hələ bu ilin qışından etibarən müstəqil ekspertlər, icmalçılar Müsavat Partiyasında mənəvi aşınma prosesinin başlandığını, qarşı duran tərəflərin bir-birini qəbul etmədiyini, yaxın gələcəkdə ciddi parçalanma meyllərinin yaranacağını proqnozlaşdırırdılar. Deyilənlər təsdiqini tapır. Məscisin son sessiyası bu partiyanın postİsa Qəmbər dönəmində hansı prosesləri yaşadığını göstərdi. Məclisin sessiyası dava, mərəkə meydanına çevrilib, Azərbaycan müxalifətində daim "ali təhsilli partiya", yəni ziyalıların çox, dava-dalaşın az olduğu partiyası kimi tanınmış Müsavatın necə biabırçı duruma düşdüyü görünüb. Partiyanın Beyləqan təşkilatının sədri Tapdıq Abbasın məsələsi müzakirə olunurmuş. Məclis üzvlərindən bir neçəsi Divanın toplantısında üzr istəməsinə rəğmən Tapdıq Abbasın məsələsini təkrar müzakirəyə çıxarıb və onun partiyadan çıxarılmasını təklif edib. Özü və dəstəkçiləri Tapdıq Abbasın mövqeyini əsaslandırıblar. Müsavatın məsuliyyətini hər zaman daşımış, təmkinli və ağıllı davranışları ilə daim seçilmş İbrahim İbrahimli və Sülhəddin Əkbər kimi Müsavat funksionerləri Tapdıq Abbasın bu ittihamlarla partiyadan azad olunmasını yolverilməz hesab ediblər. Tapdıq Abbas özü də mövqeyini müdafiə edib. Amma onun səmimi etirafları bolşevik təfəkkürlü Arif Hacılı və Mustafa Hacıbəyli qardaşlarını razı salmayıb. Hacıbəyli qardaşları etik çərçivənin aşaraq Tapdıq Abbası söyüşlərə qərq ediblər. Arif və qardaşı qəti şəkildə tələb ediblər ki, Tapdıq Abbas partiyadan çıxarılsın. Amma onların bolşevik arzuları gözündə qalıb, Məclis üzvləri Tapdıq Abbasın partiyada qalmasına səs veriblər. Tapdıq Abbasın deputatlığa namizədliyi ləğv edilsə də partiyada saxlanıb. Yeri gəlmişkən, Hacıbəyli qardaşları məsələ qaldırıb ki, bəs, hakimiyyət Tapdıq Abbası həmin dairədən deputat eləmək istəyir. Lap tutaq ki, Tapdıq Abbasın həmin dairədən deputat seçilmək şansı var, bunu nədən qısqanırlarğ Axı Tapdıq Abbas müsavatçıdır. Seçilsə, parlamentdə Müsavatı təmsil edəcək. Əsl məsələ Müsavatın Məclisində yaşananlar, Tapdıq Abbasın başına gələnlər deyil. Müsavatın 2000-ci ildə AXCP-nin başına gələnləri yaşamasıdır. Xatırladaq ki, 2000-ci ildə liderini itirmiş AXCP-də daxili savaş başlamış, qruplararası mübarizə pik nöqtəyə çatmışdı. Eynilə orda da Əli Kərimlini müdafiə edən "islahatçılar" qanadı ilə Mirmahmud Mirəlioğlunun "klassiklər"i üz-üzə dayanmışdı. Ali Məclisin hər iclası gərginliklə keçir, dava-dalaş düşürdü. Bu durum uzun sürmədi, avqust ayında AXCP parçalandı. Eyni proses Müsavatda da yaşanır. Partiya başqan dəyişikliyinə hazırlaşır. İsa Qəmbər növbəti qurultaya başqan olmayacağını bildirib. Partiyada isə başqan olmaq istəyən iddialı şəxslər var. Onların savaşı artıq başlanıb. Arif Hacılı ilə yeganə sadiq tərəfdarı Mustafa Hacıbəylinin qara-qışqırıq salmaları əslində uduzmalarının və Müsavatı bəlaya sürükləmələrinin görsənişləridir. Məclisin son toplantısı göstərdi ki, artıq İsa Qəmbər özü də Müsavatın birlik və monolitliyini qoruyub saxlaya bilmir. Siyasi müşahidəçilər Müsavatın qurultaya qədər parçalana biləcəyini proqnozlaşdırırlar. Hesab olunur ki, seçkilərdən sonra İsa Qəmbər artıq başqan məsələsində seçimini edəcək. Bu isə başqanlığa əli çatmayan qrupların açıq savaşa keçməsinə səbəb olacaq.
Aydın
|