Nizami Məmmədov: "Ona görə də boş-boşuna mübarizə aparmağın mənasız olduğunu görürük"
"Müxalifət partiyaları 17 ildir ki, heç bir uğur əldə edə bilməyiblər"
Müxalifətin parlament seçkilərində hər hansı uğur qazanacağı gözlənilən deyil. Belə bir açıqlama ilə çıxış edən Açıq Cəmiyyət Partiyasının sədr müavini Nizami Məmmədov bunu müxalifətin seçkilərə köhnə metod və üsullarla getməsi ilə əlaqələndirib. ACP rəsmisi təmsil etdiyi partiyanın parlament seçkiləri ilə bağlı qərarının yubanmasının səbəblərini də açıqlayıb. -Nizami müəllim, Açıq Cəmiyyət Partiyası parlament seçkiləri ilə bağlı qərarını nə vaxt açıqlayacaq? -Parlament seçkiləri ilə bağlı Açıq Cəmiyyət Partiyasının mövqeyi tam bəlli deyil. Partiyanın seçkilərlə bağlı mövqeyinin nə zaman dəqiqləşəcəyini söyləmək tezdir. Avqustun sonu, sentyabrın əvvəllərində seçkilərlə bağlı qərarımızın açıqlanacağı nəzərdə tutulmuşdu. Ancaq hələlik bununla bağlı partiyada hər hansı bir məsləhətləşmələr aparılmır. Partiyada olan ovqata gəlincə deyə bilərəm ki, ACP-çilər parlament seçkilərində iştirakın əleyhinədirlər. -Səbəb nədir? -Səbəb ondan ibarətdir ki, partiya üzvlərində indiki seçkilərin digər seçkilərdən fərqlənəcəyinə ümid yoxdur. -ACP rəhbərliyində təmsil olunan şəxslərin müstəqil şəkildə seçkilərə qatılması mümkündür? -Ola bilsin ki, partiya üzvləri müstəqil şəkildə seçkilərdə iştirak etsinlər. Ancaq partiya rəhbərliyində təmsil olunan şəxslərdən kimlərinsə seçkilərdə iştirak edəcəyi barədə qərarı yoxdur. Yəni, partiya üzvlərinin əksəriyyəti seçkilərdə iştirakın əleyhinədirlər. -Müxalifət düşərgəsinin parlament seçkilərinə hazırlıq prosesini necə dəyərləndirirsiniz? -Bir çox müxalifət partiyalarının funksionerləri ilə münasibətlərim var və mütəmadi olaraq onlarla görüşürəm, müəyyən məsləhətləşmələr aparırıq. Baxmayaraq ki, müxalifət partiyaları seçkilərdə iştiraka qərar veriblər, ancaq onların da seçkilərdə qələbə qazanmağa ümidlərinin olmadığı hiss edilir. -Ümumilikdə, müxalifəti parlament seçkilərindən nə gözləyir? -Azərbaycanda bir çox partiyalar var ki, onlar müxalifətdə təmsil olunurlar. Həmin müxalifət partiyaları 17 ildir ki, müəyyən obyektiv və subyektiv səbəblərdən heç bir uğur əldə edə bilməyiblər. Ona görə də həmin partiyaların üzvləri arasında onların qələbəsinə olan ümid azalıb. Parlament seçkilərində ən mənfi tendensiya o olacaq ki, müəyyən qism insanlar xüsusi sifariş əsasında deputat postuna yiyələnəcəklər. Artıq bu tendensiya hiss edilir. Həmçinin əvvəlki seçkilərdən fərqli olaraq bu dəfəki seçkilər həddən iartıq zəif olacaq, seçici fəallığı hiss edilməyəcək. -Bir müddət əvvəl ACP digər müxalifət partiyaları ilə birgə əməkdaşlıq barədə məsləhətləşmələr aparırdı. Lakin sonradan həmin məsləhətləşmələr dayandırıldı. Buna səbəb nə idi? -Açıq Cəmiyyət Partiyası bir müddət əvvəl bir neçə partiya ilə müəyyən məsələlər, o cümlədən parlament seçkiləri ilə bağlı məsləhətləşşələr apardı. Hazırda isə belə bir məsləhətləşmələr aparılmır. Artıq parlament seçkilərinə az bir müddət qalıb və əksər partiyalar da seçkilərlə bağlı öz mövqelərini ortaya qoyub. Biz hər bir siyasi partiyanın mövqeyinə hörmətlə yanaşırıq. Ancaq bizim öz prinsiplərimiz var və həmin prinsiplərə sadiqik. Bu prinsiplərdən çıxış edərək deyə bilərəm ki, bu seçkilərdə iştirak etmək növbəti ümidsizliyə gətirib çıxaracaq və nəticə etibarilə müxalifətin onsuz da aşağı olan nüfuzu bir qədər də zəifləyəcək. Ona görə də partiya olaraq seçkilərdə iştirak etməyi məqbul saymırıq. -ACP-nin müxalifətin birlik və blokları ilə əməkdaşlığa maraq göstərməməsi partiyalar arasında olan qeyri-səmimi münasibət və müxalifət birliklərinin perspektivsizliyindən irəli gəlir? -Düşünmürəm ki, bu qeyri-səmimilikdən irəli gəlir. Bir çox siyasi partiya liderləri var ki, müəyyən məsələlərdə ümumi məxrəcə gələ bilirlər. Ancaq indidən hiss edilir ki, müsbətə doğru heç nə yoxdur. Ona görə də boş-boşuna mübarizə aparmağın mənasız olduğunu görürük. -Sizcə, parlament seçkilərindən sonra müxalifət düşərgəsində bir yeniləşmə tendensiyası müşahidə ediləcək? -Düşünmürəm ki, parlament seçkilərindən sonra müxalifət düşərgəsində bir yeniləşmə olsun. Hazırda tamam başqa bir situasiya yaranıb. Müxaliflik siyasi partiyalar deyil, daha çox insanlarda artıb ki, bunun da bir sıra səbəbləri var. Hazırda müxalifətçilik meyilləri daha çox sadə insanlar arasındadır, nəinki özlərini müxalifət hesab edən təşkilatlarda.
Süleyman
|