Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin alveri və qaçaqmalçılığında təqsirləndirilən Famil Ağayevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi prosesdə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. F. Ağayevin apellyasiya şikayəti qismən təmin olunub. Onun cəzası 12 ildən 10 ilə endirilib. Qeyd edək ki, F. Ağayev İrandan Azərbaycana qanunsuz yolla narkotik vasitə keçirtmək və onu satmaqda təqsirləndirilir. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Məhkəmədə soyğunçuluqda təqsirləndirilən Ramin Əliyevin apellyasiya şikayəti üzrə də məhkəmə prosesi başa çatıb. Hakim Abid Abdinbəyovun sədrlik etdiyi prosesdə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. R. Əliyevin apellyasiya şikayəti qismən təmin olunaraq, onun cəzası 7 ildən 5 ilə endirilib. Xatırladaq ki, R. Əliyev Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə təqsirləndirilərək, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
|