İzmirdəki Petkim yarımadasında nəhəng neftayırma zavodu tikilir
Türkiyənin Petkim şirkətini satın alan Azərbaycan Dövlət Neft Şirkəti və Türk Turcas ("Socar&Turcas Eneryi") Türkiyənin İzmir şəhərindəki Petkim yarımadasına yeni neftayırma zavodu tikəcək. Bu işə 2015-ci ilədək 5 milyard dollara yaхın sərmayə qoyulacaq. Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə "Socar&Turcas Eneryi" şirkətinin icraçı direktoru, "Petkim"in İdarə Heyətinin üzvü Kənan Yavuz məlumat verib. O, "Petkim"i dünya şöhrətli şirkətə çevirəcəklərini, işçilərin sayını 2421 nəfərdən 10 minə çatdıracaqlarını söyləyib. Dünən təşkil etdiyi yığıncaqda Türkiyə ilə Azərbaycan qardaşlığının iqtisadi nümayəndəsi olmaqdan qürur duyduqlarını söyləyən Kənan Yavuz deyib ki, 2015-ci ilədək qoyacaqları sərmayə ilə dünyanı geridə qoyacaqlar. 2018-ci ildə şirkətin daхildə bazar payı 40 faizə çatdırılacaq. "Petkim"in ümumi işlər müdiri Həyati Öztürk də son üç ildə 170 milyon dollarlıq sərmayə qoyduqlarını ifadə edərək, "Bu il sərmayəyə 70 milyon dollar ayırdıq" deyib. "Petkim"in 45-ci ilini yeni loqo ilə qeyd etdiklərini ifadə edən Öztürk "Socar&Turcas Eneryi" ortaqlığındakı ən əhəmiyyətli sərmayənin neftayırma zavodunun tikintisinə qoyulacağını deyib. Onun sözlərinə görə, neft-kimya zavoduna 4,5 milyard dollar sərmayə qoyulacaq. 1350 sot ərazini neftayırma zavodu üçün ayırdıqlarını söyləyən Öztürk əlavə edib ki, Eneryi Bazarı Tənzimləmə Təşkilatından lisenziya alındıqdan sonra layihənin icrasına başlanacaq.
|