Türkiyə futbol yığmasının müdafiəçisi Sərvət Çətin qəzetləri vərəqləyir. Qəzetlərin birindən yığmanın sabiq üzvü Sərgən Yalçının müsahibəsini oxuyan Sərvət "Azərbaycanla oyunda 6 xal almağa nail olacağıq" cümləsinə çatanda əsəbləşir və Sərgənin qarasına deyinir: - Sənə asan gəlir. Azərbaycanın hücum xəttində Vüqar Nadirov kimi "qırıcı" var e! Qarşısını almaq olmur.
Blokun adını dəyişək
Lalə Şövkətin kabineti. Lalə xanım Əvəz Temirxanla söhbət edir. Əvəz Temirxan narahatlıqla: - Bəlkə blokun adını "İnsan naminə" qoymayaq... - Niyə ki? - Qəzetlər bizi ələ salacaq, "İnsanov naminə" yazacaqlar, siyasi rəng verəcəklər. - Bəs nə qoyaq? - "Adam naminə".
Yanlışlıq
- Ötən sayımızda DUİ ilə bağlı yazıda səhvə yol verilib. "Blokun iclasında BAP sədri Elşad Musayevlə Bəybala Əbil görüşdü" cümləsi korrektorun xətası üzündən belə verilib: "Blokun iclasında BAP sədri Elşad Musayevlə Bəybala Əbil söyüşdü". - Tapdıq Abbasla müsahibədə də səhvə yol verilib. "Bilirdim ki, bu addımım narazılıq doğuracaq, üstümə təpkilər gələcək" cümləsi belə verilib: "Bilirdim ki, bu addımım narazılıq doğuracaq, üstümə təpiklər gələcək".
Oxucu məktubları
- Gədəbəydən 88 yaşlı Xanımnaz nənə soruşur ki, a bala, Milliyyətçi Hərəkat Partiyasının genel başqanı Dövlət Bahçeli və bizim ALP sədrinin əvəzi Əvəz Temirxan yaşları 40-ı ötmələrinə baxmayaraq niyə evlənmirlər. - Qazaxdan 77 yaşlı Həşim kişi soruşur ki, İqbal Ağazadə balaca partiyasını qoruyub saxlaya bilmir, o boyda bloku necə saxlayacaq.
Siyasətçilər üçün qida rasionu
"İynə"nin "Kotlet" Qidam Mədəniyyətinin Təbliği Mərkəzi Ramazan ayının sonu ilə əlaqədar siyasətçilər üçün qida rasionu hazırlayıb. Beləliklə tanış olun. Əhməd Oruc- Havalar hələ isti keçəcək. Mütəxəssislər məsləhət bilir ki, araq, çaxır kimi içkilərə bir müddət ara verəsiniz. Soyuq pivəyə üstünlük verin. Bədrəddin Quliyev- Kolbasanı qida rasionundan çıxarmağınız məsləhətdir. Quru yemək mədəni korlayır. Əvəz Temirxan-Parlament seçkiləri ilə əlaqədar siyasi görüşlər artacaq. Bu arada sarımsaq yeməyin. Sarımsağı payızda-seçkidən sonra yesəniz yaxşı olar. Tahir Abbas-İstidi, çay çox içməyin. "Hacı pivə"sinə üstünlük verin. Mustafa Hacıbəyli-Noxud və noxudlu yeməklərdən az istifadə edin. Qaz yaradır. Bu ara müxalifətdaxili görüşlər çox olacaq.
Siyasi şüar və reklamlar
"İynə"nin "İmic" Piar Mərkəzinin seçkiyə hazırlaşan siyasətçilər, yazarlar və gənc politoloqlar üçün hazırladığı reklam və şüarlar. - Bayrağını sancacaq Həmədana, Ərbilə! Millətin qürurudu Səs verin siz Əbilə! (Bəybala Əbil) Millətin qeyrətini Qoruyur, o yaşadır Ən şanslı adayımız Odur-Arif Paşadır! (Arif Paşa)
Ağız ədəbiyyatı
Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri
Neçə ildi yorulmur, xidmət edir İrana. Bu üzdən o xor baxır Yurda-Ula Turana! (Hacı Cəbrayıl barədə Təbrizdə formalaşıb)
"Saflaşın, saflaşdırın"
Safruh Atalı, İşıqlı Atalı və bir neçə başqa sabiq ocaqçılar "Təbriz" kinoteatrının qarşısındakı bağda oturub çay içir, söhbət edirlər. İşıqlı Atalı deyir: - İran prezidenti Mahmud Əhmədinejad deyəsən bizim fəlsəfəyə yaxın adamdır. - Niyə elə deyirsən? - O gün televizorda danışırdı. Elə hey saflaşmadan, saflaşdırmadan danışırdın... Safruh deyir: - A bala, o sən başa düşən saflaşmadan danışmır e, uranın saflaşmasından danışır.
Bir dəlilər, bir də ölülər...
Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü müsahibə verir. Jurnalist soruşur: - Partiyanızın sədri İlyas İsmayılov mətbuata açıqlamasında deyib ki, "Ədalətin seçkilərdə qələbəsi şəksizdir, buna hər kəs inanır". Bu fikrə münasibətiniz necədir? Sədrin əlindən "zəncir çeynəyən" Elxan deyir: - Ədalətin qələbəsinə bir dəlilər, bir də ölülər inana bilər.
"Səni Hacı Məğlub edəcəm"
Hacı Qalibin eks-spiker Rəsul Quliyevlə əmlak məsələsi üzrə məhkəmə çəkişməsi. Qoçuları tərəfindən döyülən Quliyevlərin vəkili qəzəblə deyir: - Hacı Qalib, mən səni Hacı Məğlub eləməsəm, dədəmin oğlu deyiləm.
Düzəliş
Son nömrəmizdə müğənni Elton Hüseynəliyev və həmkarı Zamiqlə bağlı yazıda səhvə yol verilib. Oxuculardan xahiş olunur ki, "Zamiq Eltona Con deyib, Con eşidir" fikrini belə oxusunlar: "Zamiq Eltona can deyib, can eşidir".
Noxud falı
Müsavat- Məclisdə dava-dalaş düşürğ Narahat olmağa dəyər. Xalq Cəbhəsi də dağılan zaman Ali Məclisdə şillə-təpik davaları düşərdi. Parçalanmanı durdurmaq olmayacaq. Noxudlar tövsiyyə edir ki, mümkün qədər səbrli olasınız. AXCP-İsa Qəmbərə etibar yoxdur. Müsavatda başqa etibarlı müttəfiq axtarın. Sülhəddin Əkbərə bel bağlamaq olar. DUİ-Milli Qurtuluş Partiyasını narazı salmaq olmaz. Heç bir ağıllı partiya və blok bu ərəfədə Vüqar Bəyturan kimi nəhəng siyasətçi ilə aranı sərinlətməz. Təcili şəkildə kişinin könlünü alın. Yoxsa seçki prosesini pozacaq.
|