Vüqar Bayramov: "Sentyabrdan paytaxtda çörəyin 35 qəpiyə satılması isə mümkündür"
Rusiyanın taxıl ixracına qadağa qoyması ölkənin taxıl bazarına psixoloji təsir göstərib. Bu barədə məlumat verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, artıq respublikanın bir sıra bölgələrində standart çörəyin qiyməti 35 qəpiyə qaxlıb: "Buna səbəb iş adamları arasında taxıl qıtlığının yaranacağı ilə bağlı dolaşan məlumatlardır. Əgər Rusiyanın bu qadağasına Qazaxıstan da qoşularsa, təbii ki, taxıla olan tələbatın ödənilməsi ilə bağlı müəyyən problemlər yarana bilər. 2011-ci ilin əvvəllərində də bu qadağa qüvvədə saxlansa, o zaman taxıla olan tələbatın ödənilməsində də müəyyən problemlər yaranacaq. Rusiyanın taxıl ixracına qadağası ölkədə taxıl qıtlığı ilə müşahidə olunmasa da, 2010-cu ildə taxıl istehsalının 500 min ton az olması çörəyin qiymətinin artmasına gətirib çıxaracaq. Bu baxımdan isitisna olunmur ki, yaxın aylarda çörəyin qiymətinin artımı müşahidə olunacaq. Ona görə ki, cari ildə az taxıl istehsal edilib və Rusiyanın bu qadağasından sonra Azərbaycana daha bahalı ölkələrdən taxıl idxalı başlanacaq. Güman ki, sentyabr ayından paytaxtda standart çörəyin 35 qəpiyə satılması mümkündür. Əgər bu qadağaya Qazaxıstan da qoşulsa, ilin sonunadək çörəyin qiymətinin 40 qəpiyə qədər artması istisna edilmir". Ekspertin sözlərinə görə, Rusiyanın taxıl ixracına qoyduğu qadağa hələlik Azərbaycanın taxıl bazarına təsir göstərməyəcək. Çünki hazırda Azərbaycanda istifadə olunan taxıl 2009-cu ildə istehsal olunan taxıldır. İlin sonunadək, yəni qadağanın qüvvədə olduğu müddət ərzində Azərbaycanda taxıla olan tələbat təxminən 1 milyon 500 min ton olacaq. 2010-cu ildə isə keyfiyyət standartlarına uyğun olan 2 milyon ton taxıl istehsalı gözlənilir ki, bu da Rusiyanın qadağasına baxmayaraq taxıla olan tələbatın ödənilməsində problem yaratmayacaq. Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanda taxıla olan tələbat ölkənin malik olduğu taxıldan az olduğundan ilin sonunadək tələbatı ödəməyə imkan verir. Qeyd edək ki, Azərbaycanda taxıla olan illik tələbat 3 milyon ton təşkil edir. 2009-cu ildə ölkədə taxıl istehsalı 2 milyon 960 min ton olub ki, bu göstərici də tələbatı ödəməyə yaxın həddir. 2010-cu ildə isə taxıl istehsalının əvvəlki illə müqayisədə 500 min ton az olması güman yaradır ki, bu il təxminən 2 milyon 300 min ton taxıl istehsal olunacaq. Bu isə o deməkdir ki, 2010-cu ildə istehsal olunan taxıl tələbatın ödənilməsinə imkan verməyəcək. Bu zaman taxıla olan tələbatın tam ödənilməsi üçün xaricdən taxıl idxalına ehtiyac yaranır. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev bildirib ki, cari ilin beş ayı ərzində ölkəyə 520 min ton taxıl idxal olunub. Ölkəyə idxal olunan taxılın cəmi 15 faizi Rusiyadan gətirilib. Azərbaycan ən çox Qazaxıstandan taxıl ixrac edir. Ona görə hökumətə təklif edilib ki, büğda, buğda unu və heyvandarlıq üçün idxal olunan yemlərin müəyyən müddətdə ƏDV-dən azad edilməsi üçün xüsusi qərar qəbul etsin.
|