Plagiat alimlər arasında məmurlar da var...
Nazir müavinləri, komitə sədrləri, televiziya sədrləri də...
Samir Güləliyev/"OLAYLAR"/. Ali Attestasiya Komissiyası müdafiə üçün dissertasiya şuralarına təqdim olunan dissertasiyalarda xeyli plagiatlıq faktları aşkarlayıb. "OLAYLAR"ın araşdırmaları zamanı məlum olub ki, Ali Attestasiya Komissiyası plagiat dissertasiya işlərindən yalnız ikisini açıqlasa da, həmin faktlar çoxdur. "OLAYLAR" araşdırmalar zamanı bu məsələ ilə bağlı xeyli faktlar aşkarlayıb və konkret siyahılar əldə edib. Araşdırmalar zamanı məlum olub ki, saxta dissertasiya edən şəxslərin sayı onlarladır. Plagiatlıq edən dissertantlar müxtəlif üsullardan istifadə edərək bu faktları ört-basdır etməyə çalışıb. "OLAYLAR"ın əldə etdiyi siyahıda isə ölkənin ictimai-siyasi həyatında həddindən artıq tanınmış şəxslərin də adları var. Həmin şəxslər də dissertasiya işlərində plagiatlığa yol verərək başqa alimlərin işindən köçürmələr edib. Hazırda "OLAYLAR" həmin siyahı üzrə adları çəkilən tanınmış şəxslərin dissertasiya işlərinin plagiat olub-olmamasını dəqiqləşdirir. Yaxın vaxtlarda siyahıdakı adlar tam faktlar üzrə dəqiqləşdiriləndən sonra ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, həmin siyahıda müxtəlif nazirlərin, nazir övladları və yaxın qohumlarının, komitə sədrləri və nazirlik statusunda olan idarə rəhbərlərinin də adları var. Siyahı ilə bağlı əldə edilən faktlar tam dəqiqləşdirilmədiyi üçün hələlik həmin siyahı və faktlar təqdim olunmur. Amma dəqiqləşdirmələr yaxın vaxtlarda başa çatacaq və siyahı tam olaraq ictimaiyyətə təqdim olunacaq.