Musa Qasımlı: "Bu haqda filmlər çəkilməli, romanlar yazılmalıdı"
1918-ci il Azərbaycanın tarixində ağrılı, eyni zamanda yadda qalacaq bir iz buraxıb. Bu tarixdə ermənilər rus havadarları ilə birləşərək, Azərbaycanı türklərdən tamamilə azad etmək fikrindəydilər. Onların bu istəyi türklərin kütləvi sürətdə qırğınları ilə nəticələndi. Şaumyan Bakıda hakimiyyəti ələ keçirdikdən sonra buradakı türklərə qarşı ağır təzyiq və genosidə başlamışdı. Bakıda ermənilər tərəfindən türklərə qarşı törədilən qarğın nəticəstndə minlərlə türk əsgəri şəhid olub. Bu vəziyyətdə isə Osmanlıdan hərbi yardım alınmalıydı. Batumda Ənvər Paşa ilə görüşən Azərbaycan heyətinin hərbi yardım üçün müraciətinə Ənvər Paşa müsbət cavab verərək yardım olunacağına söz verir. Ənvər Paşa Azərbaycan əməliyyatı barədə iki yaxın adama tapşırıq verməyi məsləhət bilir. Bunlardan biri əmisi Xəlil Paşa, digəri isə ögey qardaşı, polkovnik-leytenant Nuru bəy idi. Ənvər Paşa Azərbaycanı işğaldan xilas etmək məqsədilə qurmağı tapşırdığı "Qafqaz İslam Ordusu" komandanlığına polkovnik-leytenant rütbəsi ilə komandan təyin olunmaq mümkün deyildi. Buna görə də, Nuru Paşa general-leytenant rütbəsinə yüksəldilir. Eyni zamanda padşah V Mehmet Reşat tərəfindən ona Qafqaz İslam Ordusunun komandanı olduğu və Qafqazda sultanın adından siyasi fəaliyyətlər də apara biləcəyi haqqında bir fərman verilir. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Gəncəyə gələrək qərargah qurur, ordu fəaliyyətinə başladıqdan sonra bu işin təsəvvür olunduğundan çətin olacağını anlayır. Nuru Paşa Azərbaycandakı vəziyyəti və ordunun qüvvətlənməsi zərurətini Vehib Paşa və Ənvər Paşaya bildirməli olur. Bu məqsədlə yenidən 257 zabit və 5575 əsgərdən ibarət 5-ci Qafqaz diviziyası Gəncəyə göndərildi. Nuru Paşa ilk olaraq burada hər cür qırğınlar törədən ermənilərin silahlarını toplamaq əmrini verdi. Ermənilər isə silahlı müqavimət göstərməyə başlayırlar. Bu vaxt ön dəstədən ayrılaraq ermənilərin əlinə düşən 15 piyada və sıravi əsgəri ermənilər parça-parça doğrayaraq şəhid ediblər. Nuru Paşa ermənilərin vəhşiliyinə baxmayaraq bir türk olaraq ermənilərə qan tökülmədən təslim olmağı tələb edir və bildirir ki, onların mal və toxunulmazlığı Türk ordusu tərəfindən qorunacaq. Buna baxmayaraq onlar müqavimətdən əl çəkmirlər və sonradan təslim olmağa məcbur olurlar. Türk qoşunlarının Azərbaycanı xilas etmə əməliyyatı Gəncənin yaxın şərqində yerləşən Göyçay qəsəbəsində başlayır. Bolşevik birliklərini Göyçay döyüşündə məğlub edən Türk qoşunları ardıcıl olaraq Salyan döyüşü, Ağsunun azad edilməsi, Kürdəmirin azad edilməsi, Şamaxının azad edilməsi planlarını gerçəkləşdirir. Şiddətli top atəşinin köməyi ilə Bakı hücumu qarşısında erməni, rus və ingilislərdən ibarət müdafiə birlikləri mövqelərini əldə saxlamaq üçün güclü müqavimət göstərdilər. Bu dönəmdə Bakı qəzetlərində əli silah tutan hər kəsin əsgərliyə çağırıldığı xəbəri verildi. Bakının müdafiə xəttini yarmaq üçün 5-ci Qafqaz diviziyası qərbdən Bibiheybət-Biləcəri dəmir yolu istiqamətində irəliləməyə başladı. Nuru Paşa 14 sentyabr axşamı verdiyi əmrlə 15 sentyabr günü hücumu davam etdirərək şəhərin azad olunacağını bildirir. Səhərə yaxın hücuma keçən 13-cü, 9-cu və 56-cı alaylar şəhərə daxil olmağa başlayırlar. İngilis briqadası isə 14 sentyabr axşamı hər şeyin nəticəsiz olduğunu görərək limana çəkilib gəmilərə minərək şəhərdən qaçır. Beləliklə Bakının türklərin əlinə keçməsi ilə müstəqilliyindən məhrum olan Azərbaycan Cümhuriyyəti öz paytaxtına qovuşur. Həmin dönəmdə bütün çətiliklərə, əziyyətlərə baxmayaraq Azərbaycan xilas oldu və bu xilasa qardaşlarımız olan türklər səbəb oldu. Bəs görəsən həmin vaxt Qayqaz İslam Ordusu yetişməsəydi, Azərbaycanın taleyi necə olacaqdığ Bizi nə gözləyirdiğ Tarixçi alim Musa Qasımlı bildirir ki, əgər Qafqaz İslam Ordusu Azərbaycana gəlməsəydi, bolşevik və daşnaklar bayram edəcəkdilər. Yəni dinc əhali məhv ediləcəkdi: "Qafqaz İslam Ordusu Azərbaycana gəlməsəydi, dinc əhali kütləvi şəkildə bolşeviklər və daşnaklar tərəfindən məhv ediləcəkdi. Çünki azərbaycanlıların əlində silah yox idi. Ordu hələ yaradılmamışdı. Yeni yaradılmağa başlayırdı. Azərbaycanlı könüllülərdən ibarət Vəhşi Diviziya var idi. Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi azərbaycanlıları kütləvi soyqırımdan xilas etdi. Həmçinin bu gəliş Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə gətirib çıxardı. Əgər gəlməsəydi, Bakı şəhəri və Azərbaycanın digər əraziləri yadelli qüvvələrdən çox çətin azad edilərdi. Çünki Azərbaycanın müvəqqəti paytaxtı Gəncə, daimi paytaxtı isə Bakı idi. Bakı isə yadelli qüvvələrin əlində idi". Hadisələrin sonrakı gedişatından danışan tarixçi-alim bildirdi ki, Bakı azad ediləndən sonra bütün insanlar bərabər elan edildi və ən humanist addım bu idi: "Qafqaz İslam Ordusu Bakı şəhərini azad etdikdən sonra insanlara yardım edildi. Şəhər azad ediləndən sonra bütün əhaliyə bərabər münasibət göstərildi. Baxmayaraq ki, bundan əvvəl bolşeviklər və daşnaklar Azərbaycan əhalisinə soyqrım etmişdilər. Ordu Bakını azad etdikdən sonra milliyətindən, dinindən, irqindən və cinsindən asılı olmayaraq, hamı bərabər elan edildi. Hamının mal təhlükəsizliyi qorundu, bərabər münasibət bəslənildi, şəhərdəki əhalidən silah yığıldı. Bakıda qısa müddət ərzində dükan-bazar işləməyə başladı. Əhali özünü artıq rahat hiss etməyə başlamışdı". Əsas məsələ-bu vacib tarixin öyrənilməsinə gəlincə, M.Qasımlı ümidverici danışdı. Onun fikrincə, Sovet dövründən fərqli olaraq, indi bu tarixi insanlar, əsasən də gənc nəsil öyrənməyə heç də tənbəllik etmir: "Sovet dövründə türk ordusunun Azərbaycana gəlişi hərbi müdaxilə və işğalçı kimi qiymətləndirilirdi. Azərbaycanın dövlət müstəqilliyi barədə qərar qəbul edildikdən sonra həm orta məktəb, həm də ali məktəb dərsliklərimizdə Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi, azadlıq hissiyatı, qardaşlıq yardımı kimi qiymətləndirilir. Hesab edirəm ki, tələbələrimiz bu barədə kifayət qədər bilirlər. Monoqrafiyalar yazılıb, ayrı-ayrı araşdırmalar və məqalələr mövcuddu. Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi mənəvi, hüququ və siyasi, dini-etnik baxımından tamamilə dövrün şərtlərinə uyğun idi." Müasir dövrdə daha çox televiziyanın təbliğat vasitəsi olduğunu nəzərə alsaq, monoqrafiyaların, məqalələrin o qədər də effektli olmadığı qənaətinə gələ bilərik. Bunu təsdiqləyən M.Qasımlı bildirdi ki, bu tarixin öyrənilməsi üçün daha vacib məsələlər də var. İnsanların bu tarixə daha maraq göstərməsi üçün filmlər çəkilməli, romanlar yazılmalıdı: "Hesab edirəm ki, Qafqaz İslam Ordusunun Aərbaycanda missiyası Azərbaycan-Türkiyə, iki ölkə xalqları arasında qardaşlığın rəmzidi. Bununla bağlı sənədli filmlər çəkilməlidi. Arxiv sənədlərini çap etdirmək mümkündü. Eyni zamanda tarixi romanlar da yazmaq olar. Düşünürəm ki, Azərbaycan-Türkiyə qardaşlığının müttəfiqliyinin bir rəmzi kimi 92 il əvvəl ordunun Azərbaycana gəlişi geniş təbliğ olunmalıdı. Bu vacib məsələdi".
Gülər Nizamiqızı
Yazı Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 92-ci ildönümünə həsr olunmuş yazı müsabiqəsinə təqdim olunur
|