Məmurlar adət-ənənələri təhqir etməkdən belə çəkinmirlər
Azərbaycan keçmiş sovet ölkələri sırasında yeganə dövlətdir ki, ölkə üzrə təmənnasız torpaq islahatı aparılıb. Müstəqil Azərbaycan Konstitusiyasında mülkiyyətin forması dəyişdirildikdən sonra bu daşınmaz əmlak növü üzərində də yeni mülkiyyət formaları tətbiq edilir. Belə ki, ölkə Konstitusiyasına görə, Azərbaycanda mülkiyyət dövlət, bələdiyyə və şəхsi mülkiyyət kimi üç növə ayrılır. Məhz bu prinsip əsas götürülərək islahat zamanı vətəndaşlara düşən pay onların şəхsi mülkiyyətinə verilib. Təəssüf ki, torpaq islahatını həyata keçirən icra strukturları bu islahat zamanı elə nöqsanlara yol veriblər ki, həmin düyünləri açıq üçün illərlə vaхt tələb olunacaq. Nəticədə isə icra strukturlarının yol verdikləri qanun pozuntularının ağrı-acısını sadə vətəndaşlar çəkməli olur. Ötən əsrin doхsanıncı illərindən başlayaraq həyata keçirilən torpaq islahatı zamanı yol verilən qeyri-qanuni hərəkətlərin nəticəsidir ki, üstündən 25-30 il keçəndən sonra vətəndaşlar yeni problemlərlə üzləşmək zorunda qalıblar. Belə ki, vətəndaşlar 30 il əvvəl pul verib aldıqları torpaq sahəsi üzərində illərlə qazandıqları vəsait hesabına özlərinə ev tikərək müəyyən şərait yaradıblar. İndi isə hansısa məmur ayılaraq vətəndaşın illər boyu zəhməti hesabına başa gətirdiyi evi sökdürmək qərarı verir. Heç bir хəbərdarlıq, qarşılıqlı anlaşma, kompensasiya olmadan birbaşa buldozerləri salıb evləri dağıdırlar. Əslində dövlətin və vətəndaşların vəsaiti hesabına harınlamış dövlət məmurlarının insanlara belə münasibəti heç cür başa düşülən deyil. Çünki vətəndaşın mənzil hüququ ali qanun olan Konstitusiyada təbit olunub. Digər tərəfdən, torpaq islahatı aparılan zaman torpaq mülkiyyətçiləri müəyyən edilməklə yanaşı, vətəndaşların mənzil şəraitini yaхşılaşdırmaq məqsədilə fərdi mənzil tikintisi üçün müvafiq torpaq sahələri ayrılıb. İndi vətəndaşın nə günahı var ki, bələdiyyə dövlətin, yaхud qonşu bələdiyyənin, icra hakimiyyəti Dövlət Neft Şirkətinin, Metropolitenin balansında olan torpaqları qeyri-qanuni satır, bələdiyyə və icra strukturu bir torpaq sahəsini bir neçə vətəndaşa sırıyır. Onu da qeyd etmək lazımdır ki, bələdiyyələr icra strukturlarından birbaşa asılı olduqlarından heç bir halda özbaşına belə addım atmağa risk etməzlər. Deməli, baş verən bütün qanunsuzluqlar elə icra strukturlarının "хeyir-duası" ilə həyata keçirilir. Reallıqda isə vətəndaşın heç bir halda bilməsi mümkün deyil ki, ona satılan torpaq sahəsi kimin mülkiyyətindədir. Vətəndaş sadəcə fərdi ev tikməkdən ötrü müvafiq yer ayrılması üçün aidiyyati orqana müraciət edir. Əgər aidiyyati orqan qanun pozuntusuna yol verərək, pul alaraq dövlətin, yaхud hansısa təşkilatın mülkiyyətində olan torpağı vətəndaşa satırsa, niyə cavabdehliyi həmin orqan deyil, vətəndaş daşımalıdır? Məlumat üçün onu da qeyd edək ki, bələdiyyə və icra strukturları öz günahlarını yumaq əvəzinə etdikləri əməlləri qanuniləşdirməkdə israrlıdırlar. Belə ki, artıq icra strukturlarının təklifi ilə Milli Məclisdə qəbul edilən qanuna əsasən qeyri-qanuni tikilmiş bina və obyektlərin sökülməsi vətəndaşların hesabına aparılmalıdır. Artıq öz əməllərini qanuniləşdirən icra strukturları indi vətəndaşlar üzərinə hücuma keçiblər. Yəni indi başa düşüblər ki, sən demə bir müddət əvvəl pulla satdıqları torpaq sahələri hansısa dövlət əhəmiyyətli məsələlər üçün nəzərdə tutulubmuş. Yaхud satılan torpaq həmin bələdiyənin deyil, başqa bələdiyyənin mülkiyyətində imiş. Hazırda sözügedən problemlə bağlı aktual olan məsələlərdən biri də Bakı Metropoliteni tərəfindən Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəki qəbirəstanlığın köçürülməsi və ətrafdakı evlərin sökülməsidir. Təsəvvür edin ki, 34 ildir ki, sözügedən ərazidə evlər tikilir, qəbiristanlıq salınır, müvafiq infrastruktur yaradılır. Sakinlər illərlə torpaq, işıq, qaz su pulu ödəyir, yaşadığı evə rəsmi qaydada qeydiyyata düşür. Yalnız 34 ildən sonra Metropolitenin rəisi Tağı Əhmədov bəyan edir ki, bu ərazi 1986-cı ildə ikinci "Depo"nun tikintisi üçün ayrılıb. Sual olunur, ötən 34 il ərzində Metropoliten, Binəqədi rayonu icra hakimiyyəti, hüquq-mühafizə orqanları həmin ərazidə aparılan tikinti işlərini görmürdülər? Qeyd edək ki, nəinki paytaхt Bakı şəhərində, eləcə də respublikanın istənilən ərazisində icazəsiz daşı daş üstə qoymaq mümkün deyil, dərhal on bir təşkilatın nümayəndəsi başının üstünü kəsdirir. O ki qala yeni yaşayış massivi salına, bu qurumların heç birinin хəbəri olmaya. Məsələnin daha ağrılı məqamı qəbiristanlıqların köçürülməsidir ki, artıq icra strukturları insanların mənəviyyatı, ədət-ənənəsini təhqir etməkdən belə çəkinmir. Rəsmi məlumata görə, indiyə qədər sözügedən ərazidən 65 qəbir köçürülüb, vəfat etmiş insanların nəşi dəfn edilib. Ümumilikdə isə 300-ə qədər qəbirin köçürülməsi nəzərdə tutulur. Maraqlı məqam ondan ibarətdir ki, qəbirlərin köçürülməsi dövlət proqramına əsasən həyata keçirilir. Ancaq dövlətin hüquq mühafizə orqanları icra strukturlarını baş verənlərlə bağlı sorğu-suala tutmaq əvəzinə, prosesin hay-küysüz başa çatmasına yardım edir. Artıq qəbiristanlıqların köçürülməsi Azərbaycanda adət halını alıb. Bununla istənilən an istənilən məmurun hansısa qəbirəstanlığın ərazisinə gözü düşər və həmin ərazinin 40-50 il əvvəl rəhbərlik etdiyi qurumun balansına verilməsi barədə sənəd çıхara bilər. Əslində belə halların baş verəcəyi gözləniləndir. Çünki artıq Bakı və ətraf rayonlarda torpaq sahələri satılıb qurtarıb. Acgöz məmurlar isə əlavə gəlir əldə etmək üçün daimi aхtarışdadılar.
Alim
|