Dünya Azərbaycanlıları Konqrsinin qurultayı ertələnib. Bu barədə qərar qurultaya hazırlıq üzrə yaradılmış Təşkilat Komitəsinin toplantısında qəbul edilib. DAK Azərbaycan nümayəndəliyinin sədri, TK üzvü Səftər Rəhimli "OLAYLAR"-a bildirib ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri və Güneydə həbs edilən 20 nəfərə yaxın soydaşımızın hüquqlarının müdafiəsi ilə bağlı son zamanlar bəzi problemlər yarandığı üçün qurultayın vaxtı iki ay geri çəkilib: "Bundan başqa Təşkilat Komitəsinin iclasında bir sıra məsələlər də müzakirə edildi. Güneydə həbs edilən 20 nəfərin hüquqlarının müdafiəsi istiqamətində bir sıra tədbirlər, mətbuat konfransı və dəyirmi masaların keçirilməsi nəzərdə tutuldu. Həmçinin DAK-ın qurultaya hazırlıq üzrə Təşkilat Komtsəinin bir sıra qəraları oldu və konqresin Daimi Şurasının sədri Əjdər Tağızadə Təşkilat Komitəsinin sözçüsü seçildi". Səftər Rəhimli konqresin qurultayının dekabr ayı ərzində keçiriləcəyini deyib. Qeyd edək ki, Dünya Azərbaycanlıları Konqresinin qurultayının sentyabrın 18-19-u tarixlərində Almaniyada keçirilməsi nəzərdə tutulmuşdu.
|