Elman Nəsirov: "Ən xoşagəlməz tendensiya Birləşmiş Ştatlar və Qərbin müşahidəçi qismində çıxış etməsidir"
"Ermənistan aqressiv mövqeyini bir qədər də gücləndirə bilər"
Son aylar ərzində Cənubi Qafqazda baş verən proseslər yenidən regionu beynəlxalq güclərin əsas diqqət mərkəzinə çevirib. Türkiyə-Azərbaycan münasibətləri və iki ölkə arasında Strateji Əməkdaşlığa dair sənədin imzalanmasına cavab olaraq Rusiyanın Gümrüdəki hərbi bazanın müddətinin uzadılması ilə bağlı Ermənistanla əldə etdiyi razılıq Kremlin Cənubi Qafqaz regionuna dair yeni planlarının olduğunu ortaya qoyub. Təsadüfi deyil ki, yerli ekspertlərlə yanaşı, beynəlxalq müşahidəçilər də Rusiyanın bu addımını heç də təqdir etməyərək bunu Cənubi Qafqazda sabitliyin pozulmasına yönəlmiş cəhd kimi qiymətləndirirlər. Bildirilir ki, rəsmi Moskvanın Ermənistana açıq-aşkar dəstək verməsi İrəvanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesində daha aqressiv mövqe nümayiş etdirməsinə rəvac verəcək. Elə bu günlərdə Ermənistan prezidenti Serj Sərkisyanın yenidən işğal altında olan Azərbaycan ərazilərinə səfər etməsi və oradakı hərbi birləşmələrin vəziyyəti ilə yaxından tanış olması İrəvanın belə deməyə əsas verir. Beynəlxalq məsələlər üzrə ekspert Elman Nəsirov da hesab edir ki, Gümrüdəki Rusiya hərbi bazalarının vaxtının uzadılması ilə bağlı Moskva ilə İrəvan arasında imzalanmış müqavilə Ermənistanı bir qədər də aqressiv olmağa sövq edəcək. Ekspertin qənaətincə, bu saziş Ermənistanın iqtisadi və hərbi baxımdan dirçəldilməsinə də xidmət edir: "Hazırda Ermənistan iqtisadi baxımdan iflasa uğrayan, sosial cəhətdən böhran vəziyyətdə olan bir ölkədir. Bu səbəbdən Ermənistan vətəndaşları ölkəni tərk edir. Ermənistan iqtidarının dövləti, hakimiyyəti qoruyub-saxlamaq üçün iqtisadi və sosial rıçaqları yoxdur. Onun yeganə təsir rıçağı isə hərbi gücdür. Ermənistan iqtidarı hərbi gücə söykənərək hakimiyyətdə qalmaq istəyir. Eyni zamanda bu güc vasitəsilə Dağlıq Qarabağ probleminin həllində indiki status-kvo vəziyyətini saxlamaq, bir qədər də aqressiv mövqe nümayiş etdirməyə çalışır. Hesab edirəm ki, Rusiya ilə imzalanmış bu müqavilə Ermənistanın aqressiv mövqeyini bir qədər də gücləndirə bilər. Qeyd edək ki, bu protokolda 1995-ci il 16 mart müqaviləsində olan bir bənd çıxarılıb. Həmin bənddə qeyd edilirdi ki, Rusiyanın Gümrüdəki hərbi bazası həm özünün, həm də keçmiş SSRİ-nin sərhədləri xaricindən gələn təhlükələri qorumaq funksiyasını yerinə yetirir. Hazırkı müqavilədə isə "keçmiş SSRİ-nin xarici sərhədlərindən gələn təhlükədən qorumaq" ifadəsi çıxarılıb və bu "keçmiş SSRİ-nin daxilindən gələn təhlükələr" ifadəsi ilə əvəz edilib. Bu da açıq-aşkar Azərbaycanı nəzərdə tutur. Yəni, Azərbaycandan bir təhlükə olarsa, Rusiyanın Ermənistanı müdafiə etməsi məsələsi həmin maddədə öz əksini tapıb". Elman Nəsirov deyib ki, sözügedən sənəd imzalanmaqla təkcə məlum müqavilənin müddəti 25 ildən 49 ilə qədər uzadılmayıb, eyni zamanda sənəddə coğrafi və strateji məsuliyyət məsələləri əks olunub, Rusiya ilə yanaşı Ermənistanın təhlükəsizliyi məsələləri də ön plana çəkilib. Ekspert hesab edir ki, Rusiyanın həmsədr ölkə kimi belə bir mövqe nümayiş etdirməsi bu ölkənin Ermənistan-Azərbaycan münaqişəsinin həllində obyektivliyini şübhə altına alır: "Onsuz da həmin müqavilənin başa çatmasına 10 il vaxt var idi və sənədin müddətinin uzadılmasına ciddi bir ehtiyac yox idi. Ona görə də, danışıqların indiki vəziyyətində Rusiyanın belə bir sənədə imza atması onu təsdiqləyir ki, Rusiya birmənalı şəkildə Ermənistanı müdafiə edir. Həmçinin bu Rusiyanın həmsədr ölkə kimi neytral mövqeyinə ziddir". Ekspert bildirir ki, bununla Rusiya qısa müddət ərzində iki hərbi-siyasi qələbə qazanmış olur: "Birinci qələbə bu ilin aprel ayında oldu və Ukrayna ilə Qara dənizdəki Rusiya donanmasının müddətinin 2042-ci ilə qədər uzadılması barədə müqavilə imzalandı. İkinci isə Ermənistanla imzalanmış müqavilədir. Artıq belə proqnozlaşdırmaq mümkündür ki, Rusiyanın növbəti hədəfi Moldova olacaq. Bir müddət sonra Moldovadakı Rusiya hərbi bazalarının da 2040-cı ilə qədər uzadılması məsələsi gündəmə gələ bilər. Bu da onu deməyə əsas verir ki, Rusiya belə bir addım atmaqla postsovet məkanında itirilmiş nüfuzunu bərpa etməyə çalışır". Elman Nəsirovun sözlərinə görə, burada ən xoşagəlməz tendensiya Birləşmiş Ştatlar və Qərbin müşahidəçi qismində çıxış etməsidir: "Bunun da motivlərini başa düşmək olar. Sünki hazırda Əfqanıstanda çox ciddi problemlərlə üzləşən Birləşmiş Ştatlar məhz Rusiyanın köməkliyi ilə bu problemi yoluna qoymaq istəyir. Ona görə də ABŞ və Qərb Rusiyanın yaxın xariclə bağlı atmış olduğu addımlara heç bir adekvat reaksiya vermir".
Süleyman
|