Ülvi Həkimov: "Mübarizədən geri çəkilmək fikrində deyiləm"
Parlament seçkilərində 15 saylı Yasamal seçki dairəsindən namizədliyini irəli sürməyi planlaşdıran Böyük Qurulaş Partiyası sədrinin müavini Ülvi Həkimov eyni dairədən Müsavat başqanı ilə mübarizənin maraqlı olacağını bildirib. BQP funksioneri "OLAYLAR"a açıqlamasında Müsavat başqanına qalib gəlmək əzmində olduğunu vurğulayıb. Qeyd edib ki, sözügedən dairədən namizədliyini irəli sürməyi 2 il bundan öncə planlaşdırıb. Bu dairədə yaxşı tanınır. Ü.Həkimov seçkidə namizədliyini İsa Qəmbərin xeyrinə geri götürmək fikrində deyil: "Sevindirici haldır ki, rəqibim İsa Qəmbər olacaq. Müsavat başqanı bildirir ki, 15 saylı Yasamal seçki dairəsindən namizədliyini seçki mütəxəsislərinin məsləhəti ilə irəli sürüb. Bu onun göstəricisidir ki, davamlı olaraq seçki mütəxəsisləri İsa Qəmbərə yanlış yol göstərirlər. Çünki, ötən seçkilərdə 20 saylı Nərimanov seçki dairəsindən namizədliyini irəli sürən İsa Qəmbər seçkidən məğlub ayrılmışdı. Biz partiya olaraq seçkidə aktiv iştirak etmək yönündə qərar qəbul etmişik. Mən heç də geri çəkilmək fikrində deyiləm. Məni 15 saylı Yasamal seçki daiəsində yaxşı tanıyırlar. Bələdiyyə seçkilərində gücümü sünamaq məqsədilə bu dairədə təbliğatımı aparmışam".
|