Vüqar Bayramov: “Taxıl ehtiyatlarının artırılması istiqamətində addımların atılmasına ehtiyac var”
Rusiya taxıl idxalında sovet təcrübəsindən istifadəni istisna etmir. Belə ki, bu ölkənin hökuməti 2010-2011-ci ildə 5 milyon tondan artıq taxıl idxal etmək niyyətindədir. İdxalı da əsasən Qazaxıstandan həyata keçirməyi planlaşdırırlar. Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi isə 2010-2011-ci illərdə 13.5-14.5 milyon ton məhsuldarlıq olduğu halda 8 milyon ton taxıl ixrac edəcəyini açıqlayıb. Bildirib ki, bunun 2 milyon tonu məhz Rusiya, İran və digər ölkələr üçün nəzərdə tutulub. Onu da qeyd edək ki, Qazaxıstan Azərbaycanın əsas taxıl təchizatçısı qismində çıxış edir. Nəzərə alsaq ki, digət təchizatçı - Rusiya 2010-cu ilin dekabrın 31-nə qədər taxıl ixracına qadağa qoyub və Qazaxıstandan taxıl idxal etməyi planlaşdırır, o cümlədən Qazaxıstanın özü də ixracın həcmini azaldıb Azərbaycanın taxılla təminatında ciddi problemlərlər istisna edilmir. . Məlumat üçün bildirək ki, Azərbaycanın taxıla olan illik tələbatı 3 milyon ton, ərzaq buğdasına tələbatı isə 1 milyon 650 min tondur. Ötən il ölkədə 2 milyon 960 min tondan çox taxıl istehsal olunub.Həmçinin daxili istehsalla yanaşı ölkəyə xaricdən taxıl, buğda idxalının həcmi artırılıbİqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, Rusiya ilin sonuna qədər taxıl ixracının dayandırılması barədə qərar qəbul etsə də bu ölkənin 2011-ci ilin əvvəlində də taxıl ixracını bərpa edəcəyi gözlənilmir: “Rusiyanın Qazaxıstandan taxıl idxal etmək niyyəti də bundan xəbər verir. Başqa tərəfdən Qazaxıstan da növbəti il üçün taxıl ixracatını azaltmaq niyyətindədir. Nəzərə alsaq ki, Rusiya Qazaxıstanın əsas taxıl idxalçılarından birinə çevrilib və Rusiyanın Qazaxıstandan aldığı taxılın həcmi Azərbaycanın taxıla olan tələbatından təxminən iki dəfə çoxdur, bu halda Qazaxıstanın digər ölkələrə taxıl ixrac etməklə bağlı probleminin yaranması istisna deyil”. Ekspert 2010-cu ilin sonu 2011-ci ilin birinci yarısında taxıl ixracatı ilə bağlı ciddi problemlərin olacağını deyir. Onun sözlərinə görə, bu Azərbaycanın taxıla olan tələbatının ödənilməsinə birmənalı şəkildə təsir göstərəcək: “2010-cu il buğda və taxıl istehsalı üçün əlverişli il olmadı.Kənd Təsərrüfatı Nazirliyi bunu sel və daşqınlarla əlaqələndirsə də, daşqınlar taxıl istehsalına ciddi təsir göstərməyib. Hətta sel və daşqınlardan əvvəl 2010-cu ildə taxıl istehsalının azalacağı gözlənilirdi. Bu da onunla bağlı idi ki, 2009-cu ildə istehsal olunan taxılın bir qismi fond tərəfindən alınmadı. O cümlədən keyfiyyət standartlarının müəyyənləşdirilməsi istiqamətində aparılan müzakirələrin uzandı, bəzi fermermer təsərrüfatları taxıl yığımı həyata keçirmədi.Nəticədə sahələr məhv oldu, yığılan taxıl sahələrdə qaldı. Eyni zamanda Maliyyə Nazirliyinin subsidiyaların verilməsi ilə bağlı apardığı yoxlamalar da 2010-cu il üçün subsidiyaların vaxtında alınmasına imkan vermədi. Fermerlər taxıl istehsalı ilə bağlı xərclərini qaşılaya bilmədilər. Onu da qeyd edim ki, Azərbaycanın taxıla olan illik tələbatı 3 milyon tondur. Ötən il ölkədə 2 milyon 960 min ton taxıl istehsal edib. Bu il taxıl istehsalının 2 milyon 100 min tonadək azalması gözlənilir. İstehsal olunan taxılın heç də hamısının Taxıl Fondunun standartlarına uyğun gələcəyi gözlənilmir”. Mütəxəssisin sözlərinə görə, Azərbaycanın taxıla olan tələbatı yerli istehsal hesabına ödənilmədikcə taxıl başqa ölkələrdən idxal ediləcək. Buğdaya olan tələbatın 1 milyon 650 min ton təşkil etdiyini vurğulayan mütəxəssis bildirir ki, Azərbaycan buğdaya olan tələbatını da yerli istehsal hesabina ödəmək imkanlarına malik deyil: “Bu il istehsal ediləcək buğdanın 1 milyondan bir az artıq olacağı gözlənilir. Bu da o deməkdir ki, Azərbaycan buğdaya tələbatını xaricdən idxal hesabına ödəməli olacaq. Artıq rəqəmlərdən də bu göz qabağındadır. Rusiya və Qazaxıstanın taxıl ixracatçıları sırasından çıxması Azərbaycanda taxıla olan tələbatın ödənilməsində bproblemlər yarada bilər. Əvvəla ona görəki, Azərbaycan iş adamları Rusiya və Qazaxıstandan taxıl idxal etmək üzrə ixtisaslaşıblar. Başqa tərəfdən regionda ən ucuz taxıl Qazaxıstan tərəfindən təklif edilir”. Məlum olur ki, taxıl idxal etmək üçün yeni ölkələrin tapılması vaxt və maliyyə tələb edir. Azərbaycan taxıla olan tələbatını Rusiya və Qazaxıstandan deyil, başqa ölkələrın hesabına ödəməyə başlasa, ölkəyə daha bahalı taxıl, buğda idxal ediləcək .Hansıki bu həmin məhsulların qiymətlərinin artmasına gətirib çıxaracaq: “İdxal üçün mənbələrin məhdud olması, yeni mənbələr tapılarsa, təklif edilən məhsulun qiymətlərinin yüksək olması Azərbaycanın buğdaya olan təlabatının ödənilməsində problemlərin yaşanacağından xəbər verir. Hələlik nə Taxıl Fondu, nə Nazirlər Kabineti, nə də Kənd Təsərrüfatı Nazirliyi buğdaya olan tələbatın ödənilməsi, eləcə də taxıl qıtlığının yaranmaması ilə bağlı addım atmayıblar. Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyi Nazirlər Kabinetinə taxıl idxalına tətbiq edilən əlavə dəyər vergisinin sıfr dərəcə ilə tətbiq edilməsi xahişi ilə müraciət edib. Bu müraciət müsbət qiymətləndirilməyib. Hələ də idxal taxılına 18 faizlik əlavə dəyər vergisi tətbiq edilir”.İqtisadçı Rusiya və Qazaxıstanın son qərarlarından sonra taxıl ehtiyatlarının artırılması istiqamətində addımların atılmasına ehtiyac olduğunu bildirir: “Təəssüf ki, bu istiqamətdə də addımlar atılmır”.
|