Ramil Osmanlı: "Rusiyadakı meşə yanğınları..."
Rusiyadakı məlum meşə yanğınları Azərbaycanda eləcə də Rusiyadan taxta-şalban məhsulları idxal olunan ölkələrdə bu məhsulların qiymət artımına səbəb olub. Məsələyə münasibət bildirən Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı drektoru Ramil Osmanlı qeyd edib ki, taxtanın qiymətində müəyyən bahalaşmalar var. Bu 7,3 faiz, 15 manata qədərdir. R.Osmanlı baş verən qiymət artımının heç də Rusiyada baş verən meşə yanğınları ilə əlaqədar olmadığını deyib. Onun sözlərinə görə, qiymət artımı mövsümü amillərlə bağlıdır: "Hər il mövsüm vaxtı taxtanın emal olunduğu ərazilərdə buzlaqlar əriyir. Orada böyük bataqlıqlar əmələ gəlir. Bu da emal vaxtı əlavə xərclərin meydana gəlməsinə səbəb olur ki, bu kimi xərclər sonda məhsulun maya dəyərinə öz təsirini göstərir". R.Osmanlı Rusiyada baş verən meşə yanğınlarından sonra bazarda taxta məhsullarına tələbin artacağını istisna etmir. Qeyd edək ki, ölkə bazarında Rusiyadan idxal olunan taxta məhsullarının çəkisi 95 faizə bərabərdir.
|