Türkiyədəki Avrasiya Analizləri Mərkəzinin rəhbəri, istefada olan səfir Ömər Lütəmin APA-nın Türkiyə bürosuna müsahibəsi
- Dağlıq Qarabağ məsələsi ətrafında cərəyan edən son prosesləri necə dəyərləndirirsiniz?
- Almatıdakı görüş həll prosesi ilə bağlı xəyalları puça çıxardı. Halbuki Minsk Qrupunun həmsədrləri tərəfindən optimist əhval-ruhiyyə yaradılır. Bu işlə maraqlananlar gözlənti içində olsalar da, Almatıdan heç bir şey çıxmadı. Azerbaycanın xarici işlər naziri Məmmədyarovun dediklərindən anladıq ki, Ermənistan hazırlanmış deklarasiyanı qəbul etmək istəməyib. Görürük ki, 15 ildən bəri davam edən müzakirələrdə yenə başlanğıc nöqtəsinə qayıdılıb. Bunun əsas səbəbi təbii ki, Ermənistanın mövqeyidir. Ermənistan güzəştə getmək istəmir. Ermənistan güzəştə getmədən bu məsələnin həlli mümkün deyil. Çünki güzəştə getməsi lazım olan yeganə tərəf Ermənistandır. Azərbaycan nəyin güzəştini edəcək? Azərbaycanın torpaqları işğal ediilb. Bir milyon insanın qaçqın durumuna düşməsinə Ermənistan səbəb olub. Azərbaycan indiyə qədər kifayət qədər səbr edib. Ermənistan güzəştə getməsə, məsələnin sülh yolu ilə həll edilməsinə imkan yoxdur.
- Beynəlxalq təlqinlər nəticəsində Türkiyənin mövcud mövqeyinin dəyişməsindən söhbət gedə bilərmi? İstanbulda türk və erməni orkestrlərinin müştərək konserti oldu. Sentyabrın 19-da Vandakı Akdamar kilsəsində açılış ayini keçiriləcək. Bu “mədəniyyət tədbirləri” Türkiyənin ümumi mövqeyində hər hansı dəyişikliyə səbəb ola bilərmi?
- Bu kimi tədbirər Türkiyənin ümumi mövqeyində dəyişiklik yaratmaz. Çünki bir neçə gün əvvəl xarici işlər naziri sərhədin açılmasından qəti şəkildə söhbət getmədiyini bildirdi. Bu “mədəni tədbirlər”in çoxu özəldir. Vandakı ayini çıxmaq şərtilə, o biri tədbirlərə xaricdən dəstək verilir. Akdamar kilsəsinin ibadətə açılması isə ermənilərin bir qismində xoş təəssürat yarada bilər. Başqa bir siyasi mənası olacağını zənn etmirəm.
- Ermənistanın bundan əvvəlki və indiki rəhbərliyi Qarabağı işğal edən adamlardan ibarətdir. Ermənistan rəhbərliyinin bu mövqeyində hər hansı dəyişiklik gözləyirsinizmi?
- Bunu heç düşünmürəm. Türkiyəyə qarşı mövqelərində bir qədər yumşalma işarəsi göstərmək istəsələr də, Ermənistan Konstitusiya Məhkəməsi bunu da aradan qaldırdı. Hal-hazırda Sarkisyanın mövqeyi onun sələfi Köçəryandan heç nə ilə fərqlənmir. Eyni siyasət həyata keçirilir ki, bunun da adı çözümsüzlük siyasətidir. Onlar torpaq işğal etdiklərini düşünərək problemin həllini mümkün qədər uzatmağa çalışırlar. Sarkisyan Türkiyəyə qarşı mövqe dəyişikliyinin imitasiyasını yapdı, ancaq indi o da eynilə Köçəryan kimidir. Ermənistanın bugünkü rəhbərləri ilə məsələnin həllini gözləmək reallıqdan uzaq bir yanaşmadır.
|