Qurumun siyasi elitasında müsavatçı deputatlar da olacaq
Müsavatda aləmi bir-birinə vurmuş AXCP-nin mətbuat orqanları ortaya "hakimiyyətin xeyir-duası ilə yeni siyasi blok yaranır" tezisini atıblar. AXCP-nin "Pravda"sı adlanan qəzet hətta blokun artıq yarandığını yazıb. Guya nəqliyyat nazirindən para alacaq yeni siyasi blokun AXCP-Müsavat blokuna alternativ olacağı vurğulanır. Bu xəbər siyasi gündəmdə müəyyən hərəkətlənmələr yaradıb. AXCP-Müsavat birliyinin təlaşı açıq-aydın ortadadır. Müxalifət daxilindən məlumatlı mənbə xəbərin mətbuata təsadüfən çıxmadığını bildirdi. Məlumata görə, müxalifət daxilində yeni qurum yaranır, amma bu qurum AXCP-Müsavat blokuna alternativ blok deyil-partiyadır. Yeni qurumun blok olmadığı aydındır. Çünki hədəf parlament seçkiləri deyil, seçkidən sonrakı dönəmdir. "AXCP-Müsavat blokuna alternativ yaranıb" deyəndə ilk ağla gələn BAXCP-BQP-Ədalət bloku oldu. Bu da təsadüfi deyil. Bu qurum yenicə yaranıb və bloka daxil olan partiyalardan ikisi AXCP-dən çıxıb, Əli Kərimli ilə də rəqib münasibətlərdədir. Başqa versiya Ümid Partiyası və ADP-nin patronajlığı ilə yaranan "Qarabağ" blokudur. Doğrudan da bu qurumun yaranması çoxları üçün sürpriz oldu. Heç gözlənilmədiyi halda ADP Ümidlə ittifaqa razılıq verdi. Ola bilər ki, AXCP-nin mətbuat orqanı həm də "Qarabağ" blokunu qaralamaq üçün bu xəbəri dövriyyəyə buraxıb. Amma mənbəmiz israrlıdır və yaxın günlərdə ictimaiyyət üçün sürpriz ola biləcək hadisələrin yaşanacağını bildirir. Mənbə bildirir ki, yeni siyasi birlik AXCP-yə deyil, Müsavata zərbə vuracaq, İsa Qəmbərin elektoratının parçalayacaq. "AXCP-nin 2005-ci ildə yaşadığı olaylar Müsavatın başına gələcək. Söhbət artıq partiya ilə mənəvi bağları qırılmış bir qrup insanın Müsavatdan ayrılmasından gedir. Xatırlayırsınızsa, o zaman Asim Mollazadə, Əliməmməd Nuriyev kimi cəbhəçilər Əli Kərimli ilə düz demirdilər. Müxalifətçi kimi reputasiyası zədələnmiş bu adamlarla üzülüşmək Əli Kərimli üçün ağrılı olsa da, AXCP sədri buna getdi. Müsavatla ittifaq bağladı, köhnə "Yurd"çulardan ayrıldı. Eyni proses Müsavat daxilində cərəyan edir. "Əsl, real müxalifət" adına iddialı AXCP və Müsavatın hazırkı rəhbərliyi güman edir ki, müsavatçı deputatların və Rauf Arifoğlunun müxalifətçi reputasiyaları zədələnib. Hesab olunur ki, onlardan uzaqlaşmaq lazımdır. Amma nəzərə almırlar ki, Rauf Arifoğlu Əliməmməd Nuriyevin tayı deyil. Heç Nəsib Nəsibli də Asim Mollazadə deyil". Mənbə bu payız Müsavat üçün təhlükəli proseslərin yaşanacağını anons edir. Öncə AXCP-Müsavatın vahid namizədlər siyahısından kənarda qalmış deputatlar bəyanat verərək Müsavat rəhbərliyini hədələyəcək. Ardınca konkret siyasi addımlar olacaq. Ola bilər ki, Müsavatdan narazılar seçkiyə qədər partiyalaşmanı başa çatdıra bilməsinlər və seçkiyə blok şəklində qatılsınlar. Belə olsa belə Müsavatın parçalandığı fakta çevriləcək. Mənbə daha bir maraqlı faktı vurğuladı ki, müsavatçı deputatların və Rauf Arifoğlunun Müsavatdan uzaqlaşmasını İsa Qəmbər özü də istəyir. "Müsavatın Avropa Liberal Partiyasına üzv olmasına ciddi təpki verənləri yada salın. Nəsib Nəsibli Müsavat rəhbərliyini az qala təhqir edir, "maviləri dəstəkləyən quruma girmələrini" onlara bağışlamırdı. Rauf Arifoğlu ona tribuna verirdi. Pənah Hüseyn son vaxtlar İsa Qəmbəri tənqid eləməyə başlamışdı. Görünür, bütün bunlar İsa Qəmbərə müsavatçı deputatlarla üzülüşməyə əsas verib. Belə bir şans yaranıb və ayrılma qaçılmazdır". Həqiqətən də narazıların Müsavatdan getməsi artıq geridönməz prosesə çevrilib. AXCP-nin təbliğat maşının qara piara başlaması, yeni partiya yaradanları "iqtidara satılmaqda" suçlandırmaları İsa Qəmbərin artıq qərar verdiyini göstərir. Belə çıxır ki, İ.Qəmbər bu adamları bir çatı altında saxlamaq gücündə deyil və partiya parçalanacaq.
Aslan
|