Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

"Xalq hərəkatı fəallarının bəzi açıqlamalarını oxuyanda gülürəm"


Yunus Oğuz: "50 yaşda insanın içində qəribə bir qorxu hissi yaranır"


İyulun 22-də tanınmış qələm sahibi, ictimai-siyasi xadim, Milli Azadlıq Hərəkatının görkəmli simalarından biri, mərhum prezident Əbülfəz Elçibəyin müşaviri olmuş, dövlət idarəçiliyi sahəsində böyük təcrübə qazanan, Milli Vəhdət Partiyasının sədri, "Olaylar" İnformasiya Agentliyi və eyni adlı qəzetin baş redaktoru Yunus Oğuzun 50 yaşı tamam olur.
   Y.Oğuz ictimai-siyasi mühitdə öz ləkəsizliyi, prinsipiallığı, vətənpərvərliyi və s. müsbət keyfiyyətlərilə seçilən şəxsiyyətlərdəndir. Onun ədəbiyyat sahəsində xidmətləri isə əvəzsizdir. Yunus Oğuz ədəbiyyatımızda uzun illərdən bəri davam edən tarixi roman janrı sahəsindəki susqunluğa özünün "Attila" pyesi, "Təhmasib Şah", "Nadir Şah" romanları ilə son qoydu. "Qadın ulduzu" əsəri də onun qələmindən çıxan maraqlı nümunələrdəndir. Bu əsərlərin meydana çıxması tarixi roman janrında yeni bir mərhələ oldu. Hazırda Y.Oğuz "Əmir Teymur" tarixi romanını yazmaqla məşğuldur. Bundan əlavə, Y.Oğuz elmi-tədqiqat işlərilə də məşğul olur. Onun "Qədim Anadolu və Azərbaycan türkləri", "Türkün tarixinə yeni bir baxış", "Türkün gizli tarixi" və s. əsərləri böyük tarixi həqiqətləri xalqımıza bəyan edir. Hazırda isə o, "Qədim türklər və passionarlıq nəzəriyyəsi" tədqiqat əsərinin üzərində işləyir.
   Yunus Oğuzla 50 illik yubileyi ərəfəsində görüşüb, onunla ətraflı söhbət etdik.
   
   - Deyirlər ki, insan əlli yaşdan sonra yeni həyata başlayır. Yaşamaqdan, həyatdan daha çox zövq almağı bacarır. Bunu hiss edirsiniz?
   - Hələ yox. Ona görə ki, işim başımdan aşır. Əslində, insan qələmə aldığı əsərlərdən, yazılardan böyük zövq alır. Bunu bacarırsa 50, 60, 70 yaşda olmağının heç bir fərqi olmur. Amma bu yaşda insanın içində qəribə bir qorxu hissi yaranır.
   - Nədir o qorxu? İndiyə qədər qazandıqlarınızı itirməkdən qorxursunuz?
   - Bu, həyat qorxusudur. Gənclik illərində ölümdən qorxmursan və onun gözünün içinə dik baxıb ölümə sarı gedirsən. Ancaq əlli yaşında həyatdan qorxmağa başlayırsan. Övladlarının, yaxınlarının gələcəyindən, problemlərindən daha çox qorxursan. Belə demək mümkünsə, ölümdən qorxmayan həyatdan qorxur.
   - Əlli yaşdan sonra insan özü üçün yaşaya bilirmi?
   - Ailəsini, qohum-əqrabasını, yaxınlarını, millətini, torpağını fikirləşən adamın özü üçün yaşaması mümkünsüzdür. "Özüm üçün yaşayıram" deyən insanlar adətən anormal olanlardır. Bu cür adamlar heç nəyi düşünmür, kosmopolit bir həyat tərzi yaşayır. Bu gün var "çox yaxşı", sabah yoxdur "çox pis". Mən belələrinə normal baxmıram. Bu fikirdə olanlara çox az təsadüf edilir. Bu adamlar evlənir, burada ailəsini atıb gedib başqa yerdə kef edir... Normal insan ömrün heç bir mərhələsində, dövründə özü üçün yaşamır.
   - "Yaşın oldu əlli, adın bəlli"- sizcə, bu illər ərzində adınız kifayət qədər cəmiyyətdə tanınıbmı?
   - Əlli yaşa qədər adın üçün vuruşursan, əlli yaşdan sonra isə ad sənin üçün vuruşur. Görək bu bizdə necə olacaq? Hər halda, son 20-22 ildə cəmiyyətdə Yunus Oğuz kimi tanınan bir ad var. Bu ad Azərbaycandan kənarda da kifayət qədər tanınır. Fikirləşmirəm ki, ada işləmişəm. Sadəcə olaraq, istəyimə işləmişəm.
   - Adınızın şöhrəti Sizə nə verir?
   - Daha çox problem gətirir. Xüsusən də məişət məsələlərində. Adicə hansısa bir idarədən arayış almağa gedirsən, bilirsən ki, bu bir manata başa gələcək. Amma səni tanıdıqları üçün nə pul götürürlər, nə də işini tez həll edirlər, deyirlər ki, get bir həftədən sonra gəl. Bəzən populyarlığın, tanınmağın sənin əleyhinə, bəzən də xeyrinə işləyir. Cəmiyyətdə tanınmağın məsuliyyəti də ağırdır. Həmişə özünü formada saxlamalısan, özünə nəzarət etməlisən ki, bu hərəkəti eləsəm kənardan baxanlar nə fikirləşər. Tanınmaq, istər-istəməz, insanı daxilini tənzimləməyə sövq edir. Hətta ailədə də özünü tənzimləməyə məcbursan. Əslində, hər bir insanda məsuliyyət olmalıdır. Məsuliyyətsiz adamlar da var. Pəncərəni açıq qoyub evdə yatırsan, bir də görürsən ki, biri maşınla gedir və maqnitafonun da səsini çox yüksəyə qaldırıb, başqasının rahatlığını pozur. Halbuki, səhər saat 5-dir. Bu adamlar düşünmür ki, meşədə deyil, şəhər küçəsində gedir.
   - Övladınızla gəzməyə gedəndə də məşhurluğunuz sizə problem yaradır?
   - Bəli. Bəzən olur ki, hansısa restorana ailəvi olaraq şam yeməyinə gedirik. Düzdür, çox restorana getmirik, bir-ikisi var ki, əsasən orada yeyirik. Orada görünəndə də istər-istəməz tanıyır, kim olduğunu bilirlər. Tanış yerlərdə o qədər də problem yaranmır. Amma qəfil harasa gedəndə, görənlər "hə, tanıdım sən filankəssən" deyir. Bu da ailənin yanında o qədər də rahat olmur. Hər halda, cəmiyyətdə tanınmaq və ictimai əhəmiyyət kəsb etmək hər adama müyəssər olmur. Əlli yaşa gəlib çatana qədər adı qorumaq, ləkələməmək böyük bir şeydir. Bilirsiz, Milli Azadlıq Hərəkatından çıxan insanların əksəriyyətinin adı kifayət qədər ləkəlidir. Yəni onlar, faktiki olaraq, hansısa bir şeyə bulaşıb oyundan ləkəli çıxdılar. Amma Allaha şükür, əlli yaşa gəlib çatmışam, indiyə kimi bir adam barmağı ilə göstərib hansısa bir günah iş gördüyümü deyə bilməz. Belə bir hal yoxdursa, bu özü böyük qəhrəmanlıqdır. Deməli, cəmiyyətdə belə yaşamaq olarmış.
   - Gəncliyinizi Milli Azadlıq Hərəkatına həsr eləmisiniz. Bəlkə də çoxlu məhrumiyyətlərdən, əziyyətlərdən keçmisiniz. Bütün bunlara dəyərdimi?
   - Əlbəttə dəyərdi. Bir şeyə çox heyfsilənirəm ki, o vaxt daha sürətlə, daha enerjilə yaza bilərdim, amma imkan olmadı. Söhbət irihəcmli bədii əsərlərdən-romanlardan, elmi yazılardan gedir. Amma xırda şeylər yazırdım, gizli qəzetlər çıxarırdıq.
   - Yəqin "samizdat"ları nəzərdə tutursuz?
   - Bəli. O dövrdə fəaliyyətimi, əsasən jurnalistikaya həsr eləmişdim. Ona görə ki, onda maariflənməyə daha çox ehtiyac olduğunu düşünürdüm. Təkrar belə bir ömür yaşamaq, Milli Azadlıq Hərəkatında iştirak eləmək, gizli qəzet çıxarmaq gərək olsaydı, yenə də ondan imtina eləməzdim. Həmin enerji, həmin gənclik şövqü və həvəsilə iştirak edərdim. O günlər üçün təəssüflənmirəm.
   - Yəqin bu hərəkatdan sonra çox dostlarınızı itirdiniz?
   - Təbii, itirdim. Amma həyat yolumu gəncliyimdəki enerjim müəyyənləşdirdi. Bəlkə də o yolu keçməsəydim, tamam başqa cür formalaşardım. Ən zalım bir bürokrat olardım, rüşvətxor bir alim olardım. Milli Azadlıq Hərəkatında iştirakım üçün təəssüf hissi keçirmirəm. O həm mənim həyat kredomu, həm də həyatımın istiqamətlərini müəyyənləşdirdi. İndi ondan kənara çıxmaq heç mümkün deyil.
   - Əlli illik ömrünüzdə çox hadisələrə şahid olmusunuz. Cəmiyyətə, adi vətəndaşlara, bəlkə də əksər siyasət adamlarına belə məlum olmayan bir sıra sirlər gizlənir ürəyinizdə. Nə zamansa bunu bir xatirə, memuar kimi yazmaq istərdinizmi?
   - Çox maraqlı məsələyə toxundunuz. Yazılası çox şeylər var. Mən Azərbaycan Xalq Cəbhəsinin idarə heyətinin üzvü, Xalq Cəbhəsi Partiyası sədrinin müavini olmuşam. Prezidentin müşaviri işləmişəm.
   - Əbülfəz Elçibəyin?
   - Bəli. Üzdə olan siyasətçilərdən olmuşam. Bəzən bilirsiz mənə nə gülməli gəlir? O vaxtkı liderlərdən bəzilərinin verdiyi açıqlamaları eşidəndə özümü gülməkdən saxlaya bilmirəm. Çünki o hadisələrin içində mən də olmuşam. Onlar danışanda deyirəm ki, o olay belə olmayıb axı, başqa cür olub.
   - Deyirsiz ki, bəzi siyasətçilər hadisələri saxtalaşdırır?
   - Onların dediklərində saxtakarlıqlar daha çoxdur. Özlərini təmizə çıxarıb, öz əhəmiyyətini artırmaq istəyən insanlar var. Bu adamlar o sözləri hansı ağılla danışır, bilmirəm. Mən buna təəssüflənirəm. Ancaq onlar, nədənsə, çox vaxt həqiqəti söyləmək fikrindən uzaq olurlar. Düşünürəm ki, kimsə nə zamansa doğruları yazacaq.
   - Gizlədilən həqiqətlər nədən ibarətdir? Ucundan-qulağından məlumat verərdiniz...
   - O həqiqətin biri arxivlər idi ki, 1992-ci ildə kimlərsə bilərəkdən o arxivləri itirdi. Düşünürəm ki, bu məsələdə həmin liderlərin də çox böyük rolu olub.
   - Hansı arxivlərdən danışırsınız?
   - Xalq Cəbhəsinin arxivlərindən. Yəni orada bütün iclasların protokolları, stenoqramları vardı. Kim nə yazırdı, kim nə deyirdi-hər şey orada idi. Bu arxivləri bilə-bilə itirdilər ki, gələcəkdə həm hərəkatı istədikləri kimi təqdim edə bilsinlər, həm də özlərini. Təbii ki, bu da yaxşı hal deyil.
   - Səhv eləmiriksə, 1998-ci ildə prezidentliyə namizədliyinizi vermişdiniz. Bu hansı ehtiyacdan doğmuşdu?
   - Hər bir partiya lideri hökmən prezidentliyə öz namizədliyini verməlidir. Siyasi hakimiyyət uğrunda mübarizə idisə, bu olmalı idi. Eyni zamanda, digər bir hədəf də vardı. Bilirsiz ki, o zamanlar iqtidarla müxalifət arasında düşmənçilik yaşanırdı. Bu, barışmaz bir düşmənçilik idi. Bizim götürdüyümüz xətt barışığa nail olmaq üçün idi. Düşünürəm ki, o düşmənçilikdən bir şey qalmayıb. Digər tərəfdən də müxalifətin iqtidara doğru addım atması hökmən lazım idi ki, o düşmənçilik rəqabətə çevrilsin.
   - Onlar arasında rəqabət var ki?
   - Rəqabət artıq onun gücündən asılıdır. Amma 1998-2003-cü il arasında olan o düşmənçilik aradan qalxıb. Burada mənim xidmətlərim də olubsa, buna yalnız sevinə bilərəm.
   - Keçən prezident seçkilərində namizədliyinizi vermədiniz. Bu gün elə bil ki, siyasətdən uzaqlaşmısınız. Axır vaxtlar Sizi, əsasən yazı-pozu, ədəbiyyat meydanında görürük...
   - Prezident bir nəfər olur, 9 nəfər ola bilməz ki. Həm də bütün imkanları hesablamaq lazımdır. Məsələn, mən 2008-ci ilin prezident seçkilərində namizədliyimi vermədim. Buna ehtiyac görmədim. Artıq düşmənçilik dövrü bitib. Rəqabət aparmağa isə kimsə yoxdur. Bu halda namizədliyimi verməyə ehtiyac vardımı? İndi kimsə özünü tanıtmaq üçün namizədliyini verir. Mənim isə özümü tanıtmağa ehtiyacım yoxdur. Namizədliyimi verməməyim daha yaxşı olduğu üçün vermədim.
   - Ədəbiyyatla məşğul olmaq, yazmaq Sizə mənəvi rahatlıq gətirirmi?
   - Gətirir. Hər bir əsər yazılarkən onun strukturu əvvəlcədən cızılır. Bir fəsildən digərinə keçəndə qələmi əlimə götürürəm, amma bilmirəm nədən yazacağam. Elə ki, birinci cümləni başladım, sonra hər şey ardınca gəlir. Bu çox maraqlı prosesdir və adama mənəvi zövq verir. Yaradıcılıq prosesini hər adam eyni cür yaşamır. Adam var ki, kompüterin arxasında oturub birnəfəsə yazır. Adam da var ki, yazana qədər günlərlə əziyyət çəkir, ideya hamiləsinə çevrilir, illərlə o ideyanı yaza bilmir. Mən isə otururam, qələmin ucundan nə tökülürsə onu da yazıram. Bəzən fikri yazmağı çatdıra bilmirəm, görürəm ki, səhvlərim də olur. Yazı yazarkən özünü başqalarından fərqləndirə bilirsən.
   - 22 iyul bir tərəfdən milli mətbuatımızın doğuluşu, digər tərəfdən isə Sizin anadan olduğunuz gündür. Bu il mətbuatın 135, sizin isə 50 illik yubileyinizdir. Bu tarixdə doğulmağınız, yəqin ki, Sizə Tanrının bir hədiyyəsidir...
   - Mən 15 yaşımdan yazıram. Əli Bayramlı (indiki Şirvan) şəhərində çıxan "İşıq" qəzetində ştatdankənar müxbir işləyirdim. Sovetlər dönəmində biz mətbuat gününü mayın 5-də qeyd edirdik. Heç kəsin ağlına da gəlməzdi ki, 22 iyul bizim milli mətbuatımızın yarandığı gündür. Bu tarixi həqiqətdən bir neçə tədqiqatçı alimin xəbəri olardı. Çünki Həsən bəy Zərdabini bizdən gizlətmişdilər. Zərdabi söhbəti yox idi. Heç kəs də bilməzdi ki, 22 iyulda mən doğulacağam və mətbuat adamı olacağam, bu gün eyni zamanda da mətbuat günü olacaq. Bu da Allahın yazısı, taleyin işidir. Hər halda, isti yay günlərindən birində doğulduğum üçün şikayətçi deyiləm.
   - 50 illiyiniz mətbuatın 135 illiyinə düşürsə, demək bu da bir əlamətdir...
   - Mətbuatımızın 135 yaşı tamam olur. 35 ildir ki, mən də mətbuatdayam. Nə vaxt mətbuatımızın yubileyi olacaqsa, həmin gün mənim də yubileyimdir. Allah ömür versə, 140 illikdə mənim 55 yaşım olacaq.
   - Berluskoni 100 yaşdan çox yaşamaq istədiyini dilə gətirib. Bəzən elə insanlar olur ki, onlar da konkret yaşa iddialı olduqlarını deyir. Siz neçə yaşa iddialısınız?
   - Allah nə qədər ömür veribsə ona. Belə şeylərdə Allahdan qorxmaq lazımdır.
   - Bəs psixoloji yaşınız neçədir?
   - Hələ cavanam. Bəzən özümü uşaq kimi, bəzən tələbə, bəzən də qoca kişi kimi aparmaq istəyirəm. Baxır şəraitə. Hər halda, ruhən cavan olduğumu düşünürəm. İnsanın fiziki görünüşü onun ruhunun görünüşünə dəlalət etmir.
   - Ömrünün böyük bir hissəsini jurnalistikaya həsr edən Yunus Oğuz dövlətdən hansısa bir mükafat, təltif gözləyirmi?
   - Açığı, heç nə gözləmirəm. Nə gərəkdirsə, hamısını cəmiyyət tərəfindən almışam. Doğrusu, böyük gözləntim yoxdur.
   - Bəs 50 illiyinizi necə qeyd etməyi düşünürsünüz?
   - Yubileyi il boyu keçirəcəyik. Havalar istidir, indi yubiley eləmək olmaz. 22 iyulda rəsmi olaraq Mətbuat Gününü qeyd edəcəyik.
   - Ədəbiyyat sahəsində hansısa ödül gözləyirsiniz?
   - Onsuz da əsərlərimlə istəyimə nail olmuşam. Əsərlərimdən hərə özünə nə aiddirsə onu götürüb.
   - Övladınızı ürəyiniz istədiyi kimi böyüdə bilirsiz?
   - Ən böyük arzum odur ki, övladım nəzarət altında özü istədiyi kimi böyüsün, arzularına çatsın. Uşağa birdən-birə böyük azadlıq vermək olmaz, o bunu anarxiyaya çevirər. Uşağa azadlığı qaşıq-qaşıq vermək lazımdır. Çoxuşaqlı ailədə doğulub-böyüməyimizə baxmayaraq, bizə də azadlığı qaşıq-qaşıq veriblər. Gəzib dolaşırdıq, qatarlar gedə-gedə atılıb ona minirdik, dava edirdik və.s Bütün bunlarla yanaşı, bizə nəzarət vardı. Valideynlərimizdən qorxurduq. Allah ölənlərinizə rəhmət eləsin, anam deyərdi ki, bura gəl, gəlməsən axşam atana deyəcəyəm. Vəssalam. Bu artıq bizə bəs idi. Təbii ki, 11 uşağı saxlamaq elə-belə iş deyildi. Bu qədər uşağa isə yalnız zəhmlə nəzarət etmək olardı, orada demokratiya-filan işə yaramırdı.
   
   P.S. 50 illik yubileyi münasibətilə qəzetimizin dostu, əzizimiz Yunus Oğuzu təbrik edir, ona can sağlığı, yaradıcılıq uğurları diləyirik.

Söhbətləşdi: İradə SARIYEVA

 




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : "Xalq hərəkatı fəallarının bəzi açıqlamalarını oxuyanda gülürəm"
Yazılma Tarixi : 20.07.2010
Xəbər Etiketləri : "Xalq hərəkatı fəallarının bəzi açıqlamalarını oxuyanda gülürəm"
Oxunma Sayı : 367
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
“Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
“Fransa Senatında qaldırılan məsələ yeni bir hadisə deyil”
Ermənistan Azərbaycanın hesabına ikinci erməni dövləti yaratmaq istəyir
Fransanın bütün imkanları tükənməyib
“Birlik olmazsa, tək Ümid Partiyası deyil, bütövlükdə müxalifət uduzacaq”
"Korrupsiyaya qarşı mübarizə dövlətin həyata keçirdiyi şüurlu siyasətdir"


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.